Xəyallar aləminə səyahət

Xəyallar aləminə səyahət
 


II.Cəmiyyət
Deyirəm, görəsən, Roma imperiyası dağılmasaydı, ya Karib böhranı aradan qalxmasaydı, nə olardı?!
Roma imperiyası dağılmasaydı,..
476-cı ildə Roma imperiyası daılmasaydı, təbii ki, inkişaf edərdi və iqtisadi cəhətdən qüdrətli bir dövlətə çevrilərdi. Bu, yalnız imperatorların müharibə etmək, özgə torpaqlarını işğal etmək, bütün dünyaya hökmranlıq etmək niyyətlərindən əl çəkəcəyi, daimi sərhədləri, daimi şəhərləri, daimi əhalisi olan daimi bir dövlət yaradacağı təqdirdə mümkün ola bilərdi. Roma imperiyası texniki inkişaf cəhətdən artıq buxar maşını düzəltmək və tətbiq etmək səviyyəsinə çatmışdı, əgər çökməsəydi, bu yeniliklər reallaşa bilərdi, əsl sənaye inqilabı baş verə bilərdi. Amma imperiya dağıldı və onun bütün yenilikləri də daıntıların altında qaldı.
Roma imperiyası qüdrətli bir dövlətə çevrilsəydi, Atillanın “qamçısı” Avropaya çətin çatardı və Çingizxan dünyası Rusiyanın sərhədləri ilə məhdudlanardı. Amerika qitəsinin açılışından sonra da Avropa öz ənənələrinə sadiq qalardı, kütləvi genosiddən, “xaç müharibələri”ndən və müstəmləkəçilikdən qaçardı. Hidistan hindlilərə, Afrika ərəblərə və zəncilərə, Amerika hindulara qalardı. Amma Roma qalsaydı, cəngavər təbəqəsi də qalardı və dünya İskəndərlərin olardı. Sadə təbəqənin nümayəndələri - Napoleonlar meydana çıxmazdı, demokratiya və parlament də bərqərar olmazdı.
Karib böhranı aradan qalxmasaydı,..
1962-ci ildə SSRİ ilə ABŞ, Xruşşovla Kennedi arasında “soyuq” müharibə az qala “qaynar” fazaya keçmişdi. SSRİ həmin dövrdə silahlanmada çox geri qalırdı və çıxış yolları axtarırdı. Sovetlərin nüvə başlıqlı ballistik raketləri kifayət qədərdi, amma qitələrarası raketlər az idi (cəmi 300 ədəd). ABŞ isə ballistik raketləri Türkiyədə, İtaliyada yerləşdirmişdi və 5000 dən çox qitələrarası raketin üzünü SSRI-yə çevirmişdi. Sovet İttifaqı çıxış yolu kimi nüvə başlıqlı ballistik raketləri Kubada yerləşdirməyi və üzünü Amerikaya çevirməyi məsləhət bilmişdi. Təhlükəli gün “qara” bazara - 27 oktyabra təsadüf edirdi. Həmin gün kubalılar Amerika kəşfiyyat təyyarəsini vurdular, amerikalılar isə sovet sualtı qayığını suyun üzünə qaldırdılar.
Həmin gün dünyanı III - nüvə müharibəsindən yalnız təsadüf saxladı. Əgər Amerika tərəfə bircə güllə atılsaydı, ya Kubada bircə mərmi partlasaydı, müharibə qaçılmaz olacaqdı. Artıq oktyabrın 28-dən etibarən SSRI ABŞ-ın Avropadakı əsas müttəfiqini - Ingiltərəni nişana alacaqdı. Əvvəl hərbi obyektlər, sonra mülki evlər dağılacaqdı. Daha sonra növbə Qərbi Almaniyaya çatacaqdı, sovetlər Hitlerin intiqamını onun nəvələrindən alacaqdı. Noyabrın ortalarında isə, yəqin ki, bütün Avropa odlara qərq olacaqdı. Müharibənin əsas nəticələri olan aclıq və vərəm cəmiyyətə hakim, əsas göstəriciləri olan quldurluq və dilənçilik isə qənim kəsiləcəkdi. Kim bilir, bəlkə yalnız Avropa deyil, ABŞ-ın özü dünya xəritəsindən silinəcəkdi...

Təbii ki, əks cəbhədə də vəziyyət yaxşı olmayacaqdı. Kuba ilə haqq-hesabı bir anda çürüdən Amerika üzünü SSRI-yə çevirəcəkdi, 5000 raket “nüvə” püskürəcəkdi. II Dünya müharibəsində qırılan 20 milyon adam yalan olacaqdı, III müharibədə sovetlərin tam yarısının qırılması qaçılmaz qalacaqdı. Ümumilikdə isə, bu müharibənin qurbanlarının sayı bəşərin bütün müharibələrinin cəmi qurbanlarının sayından yüz dəfələrlə çox olacaqdı. III dünya müharibəsi bəşəri Roma imperiyasının dağıldığı həmin dövrə - 2 min il dala atacaqdı…
VI Dünya müharibəsi isə, olsaydı, yəqin ki, Eynşteynin dediyi kimi, ox və qılıncla olacaqdı…
Qalib Arif

Paralel.az

0.025967836380005