Vaqif Səmədoğlunun ayaqqabıları

Vaqif Səmədoğlunun ayaqqabıları
 


”Mənim düşüncələrim” silsiləsindən
Düşünürəm ki, arada Fəxri Xiyabana getmək, bizim dahilərə baş çəkmək, “saqqala salam” vermək lazımdır... Mən şəxsən gedirəm, ziyarət edirəm...
Birinci təbii ki, Heydər Əliyev – dahi siyasətçi, böyük dövlət xadimi... Bizim Napoleon fenomeni, kənddən gələn və şəhərdə heç kimi olmayan adi bir oğlan... Yalnız öz fitri istedadı, qeyri-adi xarizması və tükənməz çalışqanlığı ilə irəli gedir və general səviyyəsinə yüksəlir. Sovet İttifaqı təhlükəsizlik orqanlarının ilk azərbaycanlı generalı... Sonra isə, Siyasi Büronun üzvü, Sovet İttifaqının rəhbərlərindən biri... Nəhayət, müstəqil Azərbaycan Respublikasının banisi...

Sonra Üzeyir Hacıbəyov – daha bir dünya səviyyəli azərbaycanlı dahi... Şəhriyar deyirdi ki, “O tayda sənət mədən kimi qazılır, “Məşdi İbad”, “Arşınmalçı” yazılır”... Mən Üzeyir bəyin beynini insan təfəkkürünün bütün istiqamətlərində səyahətə hazır olan bir gəmiyə bənzədərdim. Böyük sənətkar, böyük bəstəkar, böyük yazıçı-dramaturq, böyük jurnalist, böyük... Daha nə qaldı ki,.. Böyük insan...
Burda böyük insanlar çoxdur... Səməd Vurğunun qəbri üstündə dayanıram. Amma “Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan” misralarını tapa bilmirəm... Mən burda axtardığımı tapa bilmirəm... Süleyman Rüstəmin qəbrində də “Təbrizim, Təbrizim, gözəl Təbrizim” gözə dəymir. Mən hələ “Cənnət görmək istəyənləri” demirəm... “Mənəm xalqımın qəzəl şairi, Məhəbbət şairi, gözəl şairi”... Bəli bu, bizim Əliağa Vahiddir, qəbri burdadır, bəs şair ruhu hardadır? Bu da Xəlil Rza Ulutürkün qəbri. Amma “Azdlığı istəmirəm zərrə-zərrə, qram-qram, Qolumdakı zəncirləri istəyirəm qıram, qıram” yoxdur... Niyə yoxdur, axı, bu misralar Xəlil Rza deməkdir. Bəlkə mən tapa bilmirəm?!
Şəhriyar cənubdan şimala, şair dostlarına yazdığı məktubları bu misralarla qurtarardı: “Səmədin sözündən, Bəxtiyarın gözündən öpün”... Artıq Bəxtiyarın da gözündən öpmək olmur, mən ulu sözündən öpməyə gəlmişəm. Böyük şairin qəbrinin önündəyəm, amma “Özünü aşmaq, ucalmaq üçün sən, “Nəfs” adlı dağı aşa bilməlisən” sözlərini tapa bilmirəm, öpə bilmirəm. Məmməd Araz zirvəsini isə, ümumiyyətlə tapa bilmirəm. Doğrudur, şairin qəbrini tapmışam, yanındayam. Amma “Vətən mənə oğul desə nə dərdim, Mamır olub qayasında bitərdim” kəlamını tapa bilmirəm. Bu kəlamsız Məmməd Araz varmı, ruhu rahat olarmı?!
Ziyarətim uzun çəkir, ad çəkib oxucunu yormaq istəmirəm. Bizim sənət zirvələrinə baş çəkirəm... Düşünürəm ki, Nikulin, Vitsın və Marqunov rus komediyasının zirvəsi olduğu kimi, Bəşir Səfəroğlu, Nəsibə Zeynalova və Lütvəli Abdullayev də bizim komediyanın zirvəsidir. Sizi bilmirəm, mən sənət zirvəsinə ziyarəti müqəddəs hesab edirəm. Amma Lütvəli Abdullayevin qəbrini tapa, ziyarətimi tamamlaya bilmirəm. Görəsən, kim Azərbaycan sənətinə qıyıb, bu üç zirvəni bir-birindən ayırıb?! Bilmirəm...
Bu da son... Vaqif Səmədoğlunun ziyarəti... Rəhmətliklə şəxsi tanışlığımız da var idi. Milli Məclisdə bir-iki dəfə söz alveri etmişdik, ağlına, hazırcavablığına heyran qalmışdım. İndi də deyir ki, mənə mərmər, filan lazım deyil, qəbrimin üstünə bir cüt ayaqqabı qoyun, ehtiyacı olan geyib getsin. Ətrafa, sonra ayaqqabılarıma baxıram. Şairin ayaqqabıları mənimkindən təzədir, “inspektor” modellidir. Diqqət edirəm, qara daşdandır, yerə yapışıbdır. Bir də ətrafa baxıram, yavaş-yavaş uzaqlaşıram...
...Mənmi çox utandım, şair xəcalət çəkdimi?! Bilmirəm...
Qalib ARİF

Paralel.az

0.16452479362488