Goranboydakı körpələr evi-uşaq bağçalarında vəziyyət qənaətbəxş deyil

Goranboydakı körpələr evi-uşaq bağçalarında vəziyyət qənaətbəxş deyil
 

 

Hamının xatirində olar, təxminən 11 il öncə prezident İlham Əliyev tərəfindən “Azərbaycanda körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin inkişafı ilə bağlı tədbirlər barədə” sərəncam imzalanıb. Həmin sərəncamla Təhsil Nazirliyinin tabeliyində olan körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verilib. Belə bir qərarın qəbul edilməsində başlıca məqsəd ölkədəki bağçaların fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasını, uşaqların intellektual, fiziki və psixoloji inkişafı üçün lazımi şəraitin yaradılmasını təmin etmək olub.
Paralel.az gundem.media-ya istinadla Goranboydakı uşaq bağçalarının ümumi vəziyyətindən xəbər verir.
Məlumata görə, sözügedən sərəncamdan irəli gələn tapşırıq və vəzifələr bəzi rayonlarda tam icra olunmayıb. Belə rayonlardan biri də Goranboydur. Goranboy rayonunda 32 uşaq bağçası fəaliyyət göstərir. Bunlardan 21 körpələr evi-uşaq bağçası inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin balansında olan binalarda yerləşir. Goranboy şəhər 2 saylı, Dəliməmmədli şəhər, Qızılhacılı qəsəbə 1 saylı, Səfikürd, Borsunlu, Tap Qaraqoyunlu, Tap, Muzdurlar, Qarqucaq, Nizami və Todan kənd körpələr evi-uşaq bağçalarının inzibati binası qəzalı vəziyyətdə olduğu üçün başqa binalarda yerləşdirilib. Bu uşaq bağçaları üçün yeni binaların tikintisinə ehtiyac var. Kələk, Xınalı və Şəfəq kənd körpələr evi-uşaq bağçaları son illərdə tikilib. İndiyə qədər Goranboy şəhər 1 və 3 saylı, Qızılhacılı qəsəbə 3 saylı, Balakürd, Xoylu, Sarov, Qaradağlı və Boluslu kənd körpələr evi-uşaq bağçaları dövlət vəsaiti hesabına əsaslı şəkildə bərpa edilib. Bununla yanaşı, Qızılhacılı qəsəbə 2 və 3 saylı, Zeyvə və Şəfəq kənd körpələr evi-uşaq bağçalarının təmir olunması üçün işlər aparılır. Qazanbulaq qəsəbə, Fəxralı, Xan Qərvənd, Veyisli, Qaraçinar, Hazırəhmədli, Tatarlı və Düzqışlaq kənd körpələr evi-uşaq bağçalarının isə təmirə ehtiyacı var.
Qaradağlı kəndindəki uşaq bağçasının real vəziyyəti məsələyə fərqli yanaşmanı tələb edir. Belə ki, icra hakimiyyətinin verdiyi məlumatda Goranboy rayonun Qaradağlı kəndindəki 90 yerlik uşaq bağçası dövlət vəsaiti hesabına əsaslı şəkildə bərpa edilənlər sırasında yer alır. Lakin kənd sakinləri deyirlər ki, Qaradağlıdakı uşaq bağçasında heç vaxt əsaslı təmir işi aparılmayıb. Kəndin düz girəcəyində yerləşən və 1985-ci ildə istifadəyə verilən uşaq bağçasının ikimərtəbəli inzibati binası tamamilə yararsız haldadır. 2013-cü ilin may ayında təhsil müəssisəsinin əsaslı təmir olunacağı xəbəri yayılsa da, icra hakimiyyəti tərəfindən aparılan “təmir işləri” binanın mərkəzi yola tərəf olan hissəsinin - fasadın boyanması ilə yekunlaşıb. Binanın görünməyən hissəsi, yəni arxa tərəfi isə olduğu kimi saxlanılıb. Bu proses bir-iki ildən bir təkrarlanıb, adına da “əsaslı təmir” deyilib.

Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucovun söylədiyinə görə, ümumən ölkədə məktəbəqədər təhsil müəssisələri ilə bağlı vəziyyət qənaətbəxş deyil. Məktəbəqədər təhsil müəssisələri yerli icra hakimiyyətlərinin balansına verildikdən sonra bağçalarda vəziyyət kifayət qədər acınacaqlı duruma düşüb: “Bağçaların böyük əksəriyyəti özəlləşdirilib, əraziləri iş adamlarına satılıb. Düzdür, Heydər Əliyev Fondunun dəstəyi ilə müxtəlif rayonlarda yeni uşaq bağçaları tikilib. Lakin Azərbaycan əhalisinin sayı hər il artdığından, sadəcə, Fondun bu istiqamətdəki layihələri yetərli deyil, ölkəmizdə daha çox məktəbəqədər təhsil müəssisələrinə ehtiyac var. Uşaq bağçasına getməli olan xeyli sayda balacalarımız var. Onların heç də hamısı təhsilə cəlb oluna bilmir. Təhsil Nazirliyi mövcud boşluğu doldurmaq üçün bu istiqamətdə bir layihə həyata keçirib. İcma əsaslı siniflər, məktəblər təşkil olunub”.
Təhsil eksperti deyib ki, yeni məktəbəqədər təhsil müəssisələrinin tikilməsi, təmirə ehtiyacı olanların əsaslı təmir edilməsi lazımdır: “Əvvəllər tikilmiş, istismar müddətini başa vurmuş uşaq bağçalarının ümumi vəziyyəti müasir dövrlə ayaqlaşmır, infrastruktur baxımdan tələblərə cavab vermir. Bu, uşaqların təlim-tərbiyə prosesində xeyli çətinliklər yaradır. Məktəbəqədər təhsil müəssisələrinin təmir olunması, maddi texniki bazasının güclənməsi, yeni bağçaların tikintisi bilavasitə uşaqların təlim-tərbiyə prosesinə müsbət təsir göstərən faktorlardan biridir. Çünki bağçalarda uşaqların ilkin bilikləri formalaşır, onlara vətənpərvərlik aşılanır. Körpələr, eyni zamanda sosiallaşır ki, bu da gələcəkdə onların məktəbə adaptasiyası baxımından mühüm amildir”.
Paralel.az

0.027857065200806