4 ildə 144milyon akademik ziyan!
İdris Abbasov:
2018-ci il noyabrın birindən Akademiyanın həqiqi üzvlərinə rütbəyə görə aylıq 2000, müxbir üzvlərə 1200, Akademiyanın professorlarına isə aylıq 82 manat təqaüd verilib. Akademiklər və müxbir üzvlər titul pulları almaqla dövlət büdcəsinə ayda təxminən 3 milyon, 4 ildə 144 milyon manat ziyan vururlar. Niyə ziyan? Çünki heç bir məhsuldar iş yoxdur ortada. Mədhiyyəyə isə bu qədər xərc düşmür. Büdcəyə ən az ziyan professorlardan gəlib, 25 nəfərin hərəsinə 2,5 il ərzində ayda cəmi 82 manat təqaüd verilib. Həmin 82 manatı da Ramiz Mehdiyev gələndən sonra "büdcəyə qənaət" adı altında ləğv edib, əvəzində dövlət büdcəsini müflis edən vitse-prezident və müşavir ştatlarının sayını artırıb. Qənaət belə olar. Bərəkallah!
Mən bunu israfçılıq və əlavə itki sayıram. Fikrimcə, bu adamlara verilən titul maaşları başqa sahələrə yönəldilsin. Məsələn, aztəminatlı ailələrin, imkansız tələbələrin, rüşvətdən, alıb-aldatmaqdan, büdcə mənimsəmələrindən başı çıxmayan alimlərin sosial müdafiəsinə və sair sahələrə ayrılsın. Bu qədər israfçılıq etməyin yeri yoxdur. Verilən titul maaşlarının müqabilində ortada heç bir sanballı iş yoxdur. Əvəzində gurultu ilə gözə külüfürmə tədbirləri, reklamlar və s. Bu akademiklərin ictimai-siyasi fəaliyyəti də sıfır dərəcəsindədir. Əsəblərini qoruyurlar. Eşitmisinizmi ki, akademiklərin hansı birisə durub akademiyada mənimsənilən 100 milyonlardan danışsın, ya münasibət bildirsin? Hər biri öz kefində, damağında, can qoruğunda. Hələ 3-5 vəzifə tutaraq büdcədən kifayət qədər pul qoparıb fəaliyyətsiz qalmağın zövqü bambaşqadır! Eyni zamanda bəzi akademik-alimlərin sahibləndikləri mülklər yenə də maaşlarına adekvat deyil. Əlaqədar dövlət qurumları hesablayıb görsünlər ki, bir akademikin aylıq dövlət büdcəsindən aldığı pul nə qədərdir və bununla da onların malik olduqları bizneslərin, mülklərin mənbəyini müəyyənləşdirsinlər! Araşdırsınlar, görsünlər, ölkənin yüksək titullu alim-akademikləri niyə dövləti tənəzzülə aparan problemlərin birini dillərinə gətirmirlər? Sübut olunacaq ki, tənəzzülün lokomativi məhz həmin akademiklərin özləri və yaratdıqları şəbəkədir. Yaxşı, elmləri zay, saxta, ictimai fəallıqları sıfır. Bəs dövlət bunların nəyinə milyardlar xərcləyir? Gözə kül üfürməklərinəmi? Dövləti gözdən salmaqlarınamı? Ölkəni barıt çəlləyinə çevirməklərinəmi? Narazı ortam yaratmalarınamı? Söyüşcül və bir-birinə kin-nifrət bəsləyən bir nəsli yönləndirdiklərinə görəmi?
Bu zati-möhtərəmlər ölkənin ən ağır vəziyyətində belə susub "inziva"ya çəkilir, büdcəyə uzanan yeni qollar və yollar kəşf edirlər! Qoy boş mövzularda yekə-yekə danışan və yazan akademiklər durub desinlər ki, ölkədə həyata keçirilən islahatlara, ictimai-siyasi proseslərə, mühitin sağlamlaşdırılmasına filan dəstəyi və töhfəni vermişik, bizim “qızğın” fəaliyyətimiz nəticəsində filan təklif verilib, hansısa layihə hazırlanıb həyat keçirilib və s.
Bunlar cəmiyyətdə bir barışdırıcı mövqe də tutmayıblar. Bəlkə bu akademiklər anti-Azərbaycan kampaniyasının iştirakçılarından 5-ni, 10-nu yola gətiriblər? Bunları da etməyiblər. Bəs ortada yeyib qıraqda gəzən bu "ali" zümrənin işi-peşəsi nədir, cəmiyyətdə müftə yeyib yatmaq, iclas keçirib qonaq dəvət edərək gözə kül üfürməkmi?
Bu təbəqənin nümayəndələri, yəni müftəxor və ziyanlı alim-akademiklər dəsətəsi dürüst, işgüzar və əliəyrilik edib dövlətə ziyan vurmayan, alçaqlığı və rəzilliyi təbliğ etməyən vətəndaşa nifrət edirlər, çünki onların sevgisi yalnız qarınları və namüntəha tamahları ilə assosiasiya olunub.
Alim-akademik adlı bu kəsim ölkənin və xalqın ağır günündə taleyüklü məsələlərdən uzaq qaçırlarsa, onda kimə və nəyə lazımdırlar? İclas, çəkiliş, reklam, tərif, yalan, yaltaqlıq iş deyil axı!
Bir sözlə, akademiklərə verilən və disbalans yaradan titul maaşları tam mənası ilə israfçılıqdır. Onların dövlət büdcəsindən aylıq əldə etdikləri pul bəzən gəlib 5-10 min manatı ötür. Mən hələ yeyilən qrantları, onların biznesini, mülklərini demirəm.
Bu qədər vicdansızlıq və ədalətsizliyə son qoymaq lazımdır! Əmək qabiliyyəti kef çəkmək və məsuliyyətsizlikdən ibarət olan bir akademikin məhsuldar bir elmlər doktorundan 5-6, 7, hətta 10 dəfə artıq maaş almasına şərait yaradılması ədalət məfhumuna həqarətdir.
Dövlətin köksündə oturmuş bu tüfeyli zümrə ölkənin gələcəyi üçün heç bir perspektiv vəd etmir.
Bəlkə siz eşidibsiniz ki, bu akademiklər nəyisə kəşf edib ölkəyə gəlir gətirib, ya nüfuz qazandırıblar? Bəs onda bu qədər var-dövlətə hansı yolla yiyələniblər? Eyş-işrət içində üzən övladlarını "gəlirli" vəzifələrə necə irəli çəkiblər? Hər şeyi qamarlayaraq xalqın ləyaqətli övladlarını necə didərgin salıblar? Dünya tarixində bu eybəcər təbəqələşmə ilə heç birı xalq inkişafa nail olmayıb və ola bilməz!
Bir faktı qeyd edim: Əgər ictimai və humanitar sahələr azacıq normal fəaliyyət göstərsəydilər, cəmiyyətimizdə ən azı, bir-birinə kin-küdurət bəsləməyən mənəviyyatlı insanlar yetişərdi, haqq, ədalət, dürüstlük hakim olardı, rüşvətin, yaltaqlığın, saxtalkarlığın kökü kəsilərdi.
Ey akademik zati-müqəddəslər (təbii ki, akademşəbəkəyə müvafiq fəlsəfə və elmlər doktorları, professorlar və çoxsaylı vəzifəli alimlər də daxildirlər)! Özünüzün və əhli-əyalınızın varlanması və harınlaması üçün səlahiyyətlərinizdən sui-istifadə edib dövlət büdcəsinə etdiyiniz vicdansız həmlələri bildik. İctimaiyyəti aldatmaq üçün haram pullarla istehsal etdiyiniz saxta əsərlərinizdən də xəbərimiz var. Bəs bu ölkənin, bu xalqın gələcəyi üçün nə etmisiniz? Gələcək nəsillərə nə cavab verəcəksiniz?
PS. Rüşvətin, müftəxorluğun, saxtakarlığın, plagiarizmin, dostbazlığın, qohumbazlığın, yerlibazlığın və s. qarşısını alan köklü, hətta radikal islahatlara gedilməyincə ("Ver, yeyim, ört, yatım"a alışmış indiki akademik tərkibdən hansısa pozitiv iş gözləmək sadəlövhlük olardı), hazırkı situasiyada, gözə kül üfürmək, mahiyyətsiz reklam, iclas, xarici qonaq, xaricdə məqalə, Salmadoniyada kitab, Almaniyada monoqrafiya, İtaliyada dərslik, Yaponiyada konfrans ekzotikaları və bəzək-düzəkləri ilə akademşəbəkənin ölkəyə, onun ictimai-siyasi, iqtisadi və mənəvi həyatına, elmin inkişafına vuracağı ziyanı azaltmaq mümkün olmayacaq, əksinə, bu ziyan əvvəlki illərlə müqayisədə ikiqat-üçqat çox olacaq.