Cahangir Əsgərovun AZAL şirkəti də yoxlanır, nə dəyişəcək?!

Cahangir Əsgərovun AZAL şirkəti də yoxlanır, nə dəyişəcək?!
 

Hər bir vətəndaş yaxşı bilir ki, dövlət büdcəsini və xalqı talayan şirkətlərdən biri də AZAL-dır.

Ölkə vətəndaşları hələ də anlaya bilmir ki, təyyarə ilə bir azərbaycanlı Bakıdan İstanbula 348 manata, erməni Yerevandan 208 manata, gürcü isə Tiblisdən 184 manata niyə İstanbula uçur?!..

Bu rüsvayçılığı və biyabırçılığı 30 ildir dövlətə və vətəndaşa yapan AZAL-ın şəriksiz sahibi Cahangir Əsgərova bu haqqı kim tanıyıb?!..

Nəhayət, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib ki, “AZAL”-da ciddi yoxlamalar başlanılıb, 2 aya yekunlaşacaq və ictimayətə bununla bağlı əlavə məlumat veriləcək. 

Lkain Palatanın yoxlamalarından öncə də AZAL-ın zərərlə işlədiyi kimsəyə sirr deyil. Ölkədə aviasiya sahəsinin monopolisti olan AZAL şirkəti həm çox bahalı xidmət təklif edir, həm də büdcədən külli miqdarda dotasiya alır, xərclərini dövlət büdcəsi hesabına ödəyir. Amma nə sirrdirsə, AZAL hər ili zərərlə başa vurur.

Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli deyir ki,  ölkəyə xarici şirkətlərin birbaşa daxil olmasına AZAL mane olur: "Dünyada məşhur olan “Deloitte” audit şirkətinin AZAL-da apardığı yoxlamaların nəticələrinə görə:
1) AZAL-ın məcmu zərəri 2018-ci ildə 151 mln. 320 min manat, 2019-cu il üzrə 78 mln. 770 min, 2020-ci ildə 76 mln. 415 min manat olub. İkincisi 2021-ci il üçün məlumatlar hələ ki, məlum deyil. Amma AZAL həm də büdcədən ən çox dotasiya alan şirkətlərdən biridir.  2019-2021-ci illər ərzində şirkət büdcədən ümumilikdə 215 milyon manat dotasiya alıb".

N.Cəfərli vurğulayır ki, AZAL ölkədə inhisarçıdır, həm uçuşlara, həm də yerüstü xidmətlərə nəzarət edir: "AZAL ölkəyə xarici şirkətlərin birbaşa daxil olmasına mane olur, regionda ən baha qiymətə bilet satır, yerüstü xidmətləri bahadır. Büdcədən dotasiya alır, təyyarələri də büdcə hesabına alır, amma ziyanla, zərərlə işləyir. Prezidentdən tutmuş sadə vətəndaşlara qədər hamı AZAL-dan şikayət edir, amma heç nə dəyişmir.

Hətta Avropa Birliyi ilə yeni əməkdaşlıq sazişinin imzalanmasının uzanmasının da əsas səbəbkarlarından biri AZAL-dır. Bazarı əlindən buraxmaq istəmir.
Ümid edək ki, Hesablama Palatasının başladığı yoxlamalar AZAL-ın idarəetməsinin və bu sahəyə münasibətin dəyişməsi ilə nəticələnəcək.
Yoxsa hər bir insanda təbii sual yaranır ki, nədən hamının şikayətçi olduğu AZAL heç kimi və heç nəyi vecinə almadan həm büdcəni, həm də vətəndaşların cibini “sağmaqda” davam edir?!". 

Hiss olunur ki, xalqın şikayətini eşitməzliyə vuran AZAL-ın himayəçiləri beynəlxalq ictimaiyyətin haqlı tənqidlərini Cahangir Əsgərovla bölüşmək istəmir və hökumət bu AZAL-ı yoxlamaqla məsuliyyəti üzərindən atmağa çalışır.
Amma Hesablama Palatasının AZAL-da yoxlama aparması ilə bu şirkətdə nəyinsə dəyişəcəyinə inanmaq çox çətindir.

Səfurə

0.13875007629395