Xəyallar aləminə səyahət

Xəyallar aləminə səyahət
 


I.Təbiət
Deyirəm, görəsən, Ay olmasaydı, ya dinozavrlar qırılmasaydı, nə olardı?!
Ay olmasaydı,..
Təxminən 4,5 milyard il bundan əvvəl yenicə yaranmış Yer qatı toz dumanlıqlarının əhatəsində fırlanırdı, Günəş sistemində özünə yer axtarırdı. Fırlanma hərəkəti nəticəsində qatı toz dumanlıqları mərkəzə doğru sıxılır, daha da qatılaşır, iri asteroidlər kimi cisimlərə çevrilirdi və cazibə qüvvəsi nəticəsində dəhşətli bir sürətlə Yerə düşürdü. Bu, böyük toqquşmalar dövrü idi. Günlərin bir günü Mars ölçüsündə nəhəng bir asteroid Yerlə toqquşdu və təbii ki, bizim planetimizi məhvərindən qopara bilmədi. Ancaq hər ikisinin səthi odlandı, ətrafında odlu bir qövs yarandı və kosmosa milyon tonlarla yanar kütlə tullandı. Bu kütlə fırlanma hərəkəti nəticəsində kürəyə, cazibə qüvvəsi nəicəsində Yerin peykinə çevrildi. Bizim indi gözəllərlə müqayisə etdiyimiz Ay belə yarandı.
Ayın əmələ gəlməsi ilə Yerdə sutkalar 24 saata qədər uzandı, yoxsa səkkiz saata güclə çatardı. Atmosferimiz oksigenlə daha zəngin olardı, amma karbon qazının da miqdarı kəskin artardı. Yer sürətlə fırlandığından dəhşətli küləklər planetimizə hakim kəsilərdi və ağacların bitməsi, hətta canlıların hərəkət etməsi problemə çevrilərdi. Canlılar balaca boylu, tısbağa kimi çanaqlı olardı və maddələr mübadiləsi sürətlə artardı, yəni onlara yem çatdırmaq çətin olardı. Ay Yerin fırlanma sürətini ləngitdiyi kimi, iqlimini də mülayimləşdirmişdi. Ay olmasaydı, Yerdə sərt kontinetal iqlim hökm sürər, buzlaşma, subasma və quraqlıq sürətlə bir-birini əvəz edərdi. Deməli, 4,5 milyard ilə bundan əvvəl Yerin nəhəng asteroidlə toqquşması xöşbəxt bir təsadüf idi, planetimizin bəxti gətirimişdi.
Beləliklə, insanın əmələ gəlməsində və Yerə hakim kəsilməsində Ayın əvəzsiz xidmətləri olmuşdur. Ay olmasaydı, insan da olmazdı...
Dinozavrlar qırılmasaydı,..
Deməli, hardasa 65 milyon il bundan əvvəl yer daha bir asteroidlə, amma Marsdan qat-qat kiçiyi ilə toqquşur... Bundan daha 100 milyon il əvvəl isə dinozavrlar quruya və suya hakim kəsilmişdilər. Flora qıjıkimilərin əlində olduğu kimi, fauna da dinozavrların nəzarətində idi. Adi itdən ağ balinaya qədər hər ölçüdə, qoyun kimi otyeyənindən tutmuş, qurd kimi ət yeyəninə qədər hər növdə vardı. Nağıllardakı "əjdaha" da yəqin həmin dövrlərdən yadigardı...
Amma bu dəfə planetimizin bəxti gətirmədi, sözügedən toqquşma nəticəsində canlıların 70-80 faizi tələf oldu. Məsələ onda idi ki, Yerdə artıq iqlim sabitləşmişdi və təkamül prosesi öz axarı ilə gedirdi. Ali canlıların yaranması və şüurun meydana çıxması daha tez (geoloji mənada) baş verə bilərdi. Amma naməlum asteroid dinozavrların mövcudluğuna son qoyduğu kimi, təkamülün də sürətini ləngitdi.
Bu təbii fəlakət nəticəsində dinozavrlar və sair daha çox inkişaf etmiş, təkamüldə irəli getmiş canlılar tələf oldular. Daha primitive canlılar və həşəratlar isə dəlmə-deşiyə girib salamat qaldılar. Təkamül öz gedişini həmin bu canlılardan, yenidən başlamalı oldu. Bir sözlə, 65 milyon il bundan əvvəl dinozavrların qırılması təkamülün sürətinin qarşısını aldı, şüurlu insanın yaranmasını neçə milyon il dala saldı… Əgər bu hadisə olmasaydı, indi biz Ayda istirahət edir, Marsa səyahətə gedirdik…
Qalib ARİF

Paralel.az

0.01435399055481