AZAL-da təftiş...
Bəlli olduğu kimi, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında qurumun ötənilki fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, AZAL-da yoxlamalara başlanılıb: “Elə təşkilatlar var ki, xidmətlərini belə öz gəlirləri hesabına qarşılamırlar”.
AZAL-ın fəaliyyəti dəfələrlə tənqid olunsa da, bu istiqamətdə elə bir irəliləyişə nail olunmayıb. Hətta ölkə başçısı öz çıxışında QSC-nin fəaliyyətini tənqid edərək bildirmişdi ki, AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıb: “Bütün aeroportlar dövlət tərəfindən tikilib. Bəs bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək?”.
Paralel.az gundem.media-ya istinadla xəbər verir ki, hələ ötən ilin sonunda “Azərbaycan Hava Yolları” QSC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib. İclasda aviaşirkətin cari fəaliyyəti və aktual məsələlər, həmçinin dövlət başçısının fərman və sərəncamlarından irəli gələn vəzifələrin yerinə yetirilməsinin təmin edilməsi üzrə tədbirlər müzakirə olunub.
AZAL Müşahidə Şurasına bir sıra səlahiyyətlər verilib ki, onların sırasında Cəmiyyətin uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək, xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarəti həyata keçirmək də yer alıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin 9 ayında ölkədaxili biletlərin qiymətində sabitlik hökm sürüb. Belə ki, bir gedişin qiyməti 53.67 manat təşkil edib. Xarici səfərlərlə bağlı hər gedişin qiyməti isə 1,3 faiz bahalaşmaqla 724.27 manata yüksəlib. Ümuimlikdə isə nəqliyyatda sərnişindaşıma qiymətləri indeksi hava nəqliyyatında 2020-ci ildə əvvəlki ilə nisbətən 100,7 faiz olub. Əgər bu gün AZAL-ın fəaliyyəti ilə bağlı yoxlamalara başlanılıbsa, burada QSC-nin uğurlu nəticələrindən danışmaq çətindir. Maraqlısı odur ki, davamlı olaraq qurumun fəaliyyəti tənqid edilirsə, AZAL Müşahidə Şurası müzakirə etdiyi hansı məsələlərdə müsbət nəticələrə nail olub?
İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət”ə bildirib ki, əslində, AZAL-ın son audit hesabatı 2018-ci ilə aiddir: “Yəni artıq 4-cü ildir ki, audit hesabatının tam versiyasını AZAL açıqlamır. Hələ 2018-ci ilin yekunları ilə bağlı AZAL-ın açıqladığı rəqəmlər 200 milyon manatdan artıq ziyan idi. Bu da ciddi suallar doğurmuşdu ki, yeganə inhisarçı, bilet qiymətləri həddindən artıq baha olan, hökumət tərəfindən böyük dəstək alan, təyyarələri dövlət büdcəsi hesabına alınan şirkətin niyə ziyanı olsun? O zaman bu məsələ qaldırılsa da, təəssüf ki, rəsmi, aidiyyəti qurumlar bununla bağlı heç bir açıqlama vermədilər. AZAL dəfələrlə, hətta ölkə başçısı tərəfindən də tənqid olundu. Ancaq ciddi irəliləyiş olmadı. Hazırda görünən odur ki, AZAL-la bağlı yeni yoxlamaların olması gündəmdədir. Şirkətin niyə qiymətlərin baha olduğu, rəqabətlilik mühitinin yaranmasına mane olduğu kimi amillər yoxlamalar aparılsa, üzə çıxmalıdır. Bu, üzə çıxandan sonra isə təbii ki, bununla bağlı tədbirlər görülməlidir. Yəni yeyintilər, xərclərin şişirdilməsi varsa, bununla bağlı tədbirlər görülməlidir. Nəticə etibarilə AZAL-ın de-fakto inhisarçılığına son qoyacaq addımlar atılmalıdır. Ancaq bunun dəqiq olub-olmayacağını demək çətindir. Çünki bu məsələ, dəfələrlə, hətta ölkə başsçı səviyyəsində gündəmə gəlsə də, öz həllini tapmayıb. Ümid edək ki, bu sahədə müəyyən irəliləyiş olacaq, problemlərin həlli yolunda müəyyən addımların atılmasının şahidi olacağıq”.
Ekspertin fikrincə, AZAL-ın ökənin hava nəqliyyatında “təkhakimiyyətlilyinin” aradan qaldırılmasında, əslində, ən yaxşı yol Azərbaycan hava məkanının xarici şirkətlərə açılmasıdır. Ekspert dünyada məşhur olan “Deloitte” audit şirkətinin AZAL-da apardığı yoxlamaların nəticələrini də açıqlayıb: “AZAL-ın məcmu zərəri 2018 ci ildə 151 mln 320 min manat, 2019-cu il üzrə 78 mln. 770 min, 2020-ci ildə 76 mln. 415 min manat olub. 2021-ci il üçün məlumatlar hələ ki, yoxdur, amma AZAL həm də büdcədən ən çox dotasiya alan şirkətlərdən biridir – 2019-2021-ci illər ərzində şirkət büdcədən ümumilikdə 215 mln. manat dotasiya alıb.
AZAL ölkədə inhisarçıdır, həm uçuşlara, həm də yerüstü xidmətlərə nəzarət edir, ölkəyə xarici şirkətlərin birbaşa daxil olmasına mane olur, regionda ən baha qiymətə bilet satır, yerüstü xidmətləri bahadır, büdcədən dotasiya, təyyarələri də büdcə hesabına alır, ancaq ziyanla, zərərlə işləyir. Hamı AZAL-dan şikayət edir, amma heç nə dəyişmir. Hətta Avropa Birliyi ilə yeni əməkdaşlıq sazişinin imzalanmasının uzanmasının əsas səbəbkarlarından biri də AZAL-dır, bazarı əlindən buraxmaq istəmir”.
Qarşı tərəf də öz mövqeyini bildirə bilər.
Paralel.az