Mərkəzi Muğan Kollektoru sanki özəlləşdirilib

Mərkəzi Muğan Kollektoru sanki özəlləşdirilib
 


Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin ( ASC ) sturkturuna daxil olan qurumlarda baş verən qanunsuzluqlar, rüşvət və korrupsiya halları barədə mətbuatda yazılar dərc edilir. Paralel.az gundelik-baku-ya istinadla bu barədə növbəti materialdan xəbər verir.
Məlumata görə, ASC-nin tabeliyində olan su idarələrinin hamısı suyu fermerlərə, sahibkarlara, iş adamlarına sataraq milyonlar qazanıblar.
Belə idarələrdən biri də İmişli rayonunun Qaradonlu kəndində yerləşən Mərkəzi Muğan Kollektorunun İstismarı İdarəsidir. Həmin idarənin rəisi Qasım Qasımovdur.
Q.Qasımov rəhbərlik etdiyi dövlət müəssisəsinin texnikalarından şəxsi məqsədləri üçün istifadə edərək, külli miqdarda vəsait əldə edib. Belə ki, o, idarəyə məxsus texnikaları İmişlidə fəaliyyət göstərən qum-çınqıl karxanalarına qeyri-rəsmi icarəyə verərək 100 minlər qazanıb.
Əvəzində isə idarəyə məxsus kollektorlar uzun müddətdir ki, təmizlənmir, lil içərisindədir.
Elə bu səbəbdən də hər il fermerlər əkdikləri sahələrin suvarılmasında ciddi problemlər yaşayırlar. Hər il rayon ərazisində su qıtlığı yaşanır.
Bütün bunlar isə təsərrüfatlarda məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Nəticədə isə dövlət başçısı cənab İlham Əliyevin dediyi ərzaq bolluğu siyasətini Q.Qasımov kimi məmurlar qulaqardına vururlar.
İdarəyə dövlət tərəfindən verilən ehtiyat hissələri, yanacaq, benzin və s rayonda fəaliyyət göstərən benzindoldurma məntəqələrinə, eyni zamanda ehtiyat hissələrinin satışını həyata keçirən mağazalara satılmaq üçün verilir.
Bu gün rayonda Q.Qasımovun özünün böyük biznes şəbəkəsi var. İmişlidə fəaliyyət göstərən Regional Yol İdarəsinin rəisi Şükür Astanovla Qasım Qasımovun şərikli balıq biznesi də var. Bu iki dövlət məmurunun 10-a yaxın balıqyetişdirmə gölləri var. Bu göllərin suyunu isə Q.Qasımov təmin edir.
Q.Qasımov idarəyə məxsus olan texnikanı, avadanlıqları kağız üzərində silərək, başqa qurumlara verir. Eyni zamanda, dövlətin ayırdığı külli miqdarda vəsaiti mənimsəmək üçün saxta tenderlər keçirərək, müxtəlif MMC-lərdən “otkat” alır. Q.Qasımov rayonda fəaliyyət göstərən sahibkarlara, iş adamlarına, fermerlərə suyu özünün müəyyən etdiyi tariflə satır. Hər mövsümdə də suyun qiymətini qaldırır. Bu isə sahibkarlar, fermerlər arasında narazılığa səbəb olur.
Vaxtilə ASC-yə məxsus müəssisələrin rəhbərləri rayonda fəaliyyət göstərən bankların birindən müəyyən məbləğ Azərbaycan manatını 20000 avroya dəyişdikləri haqqda mediada məlumat yayılmışdı. Guya həmin məbləğ yuxarılara çatdırılmalı imiş. Həmin xəbərdə adı ən çox hallandırılan şəxs Q.Qasımov olub. Bir sözlə, o, rayonda oliqarx kimi tanınır.
İcra başçıları dəyişsə də, Q.Qasımov hər dəfə rayonda icra başçılarının gözbağlayıcısı olub. Pul siyahılarının başında həmişə birinci yerə Q. Qasımovun adı yazılıb. Bütün bunlar azmış kimi, o, dövlət idarəsini öz şəxsi şirkəti kimi idarə edir. Uzaq-yaxın qohumlarının, dostlarının adını idarədə işçi kimi qeyd edərək hər ay onlara əmək haqqı verir.
Görəsən, Q.Qasımovun bu cinayət əməllərindən SC-in yeni sədri Zaur Mikayılovun xəbəri varmı?
Qarşı tərəf də öz mövqeyini ifadə edə bilər.
Paralel.az

0.017230987548828