Müasir söyüş formaları
Maşallah, biz inkişaf etdikcə, irəli getdikcə, söyüş, təhqir formaları da sürətlə inkişaf edir. Nahaq yerə demirlər ki, adam xarici dil öyrənəndə ilk növbədə söyüşləri öyrənir… Məsələn, manqurt, ekstremist, troll kimi…
Manqurt
Yaxşı yadımdadır, 80-lərin ən dəbdə olan söyüşlərindən biri “manqurt” idi. Kim istədi, başa düşdü-düşmədi, rəqibinə manqurt deyirdi. Qonşu qonşuya, yazıçı yazıçıya, hətta müxalifət iqtidara bu sözlə qəzəbini bildirir, əslində isə təhqir edirdi. Bəli, “manqurt” sözü ağır təhqirdir, çox pis söyüşdür, qədim qazax əfsanəsindən götürülmüşdür. Böyük ədəbiyyata bu ifadəni lk dəfə məşhur yazıçı Çingiz Aytmatov (“Gün var ki, əsrə bərabər” əsərində) gətirmişdir, amma yumşaq formada işlətmişdir. Mən isə əfsanənin əslini vermək niyyətindəyəm…
Deməli qədim qazax ellərində (olsun, daş dövründə) dəhşətli bir intiqam vardı. Düşmən tayfanın döyüşdə əsir düşən cavanlarını bir yerə yığırdılar, yayda başlarını ülgüclə qırxırdılar. Sonra başlarına təzə soyulmuş qoyun dərisi (papaq kimi) keçirir, əllərini, ayaqlarını bağlayıb günün altına atırdılar. Onlara yalnız su verirdilər, günlər, həftələr keçirdi. Xəstələr, zəiflər qırılırdı, yalnız tam sağlam olanlar qalırdı. Bu müddətdə qoyun dərisi quruyur, gəncin başını dəmir məngənə kimi sıxır, beynini məhv edirdi. Nəticədə heç kimi tanımayan, bir loxma çörək, bir tikə ət üçün hər şeyə hazır olan “manqurt”lar (müasir dövrdə “robotlar” deyilir) yaranırdı. Doğrudur, bunlardan döyüşə göndərmirdilər (etibar etmirdilər), çöldə çoban kimi işlədir, həyətdə qul kimi istifadə edirdilər. Amma adama cummasın deyə, yeməyini, içməyini doyunca verirdilər…
Tək ananın yeganə övladı olan yeniyetmə bir döyüşdə düşmənə əsir edilir, yuxarıda göstərilən qaydada manqurta çevrilir. Əlinə bir çomaq verilir, ucsuz-bucaqsız çöldə böyük bir sürüyə çobanlıq edir. Ana nağıl dili ilə desək, dəmirdən çarıq geyir, dəmirdən əsa götürür, aylarla, illərlə oğlunu axtarır. Nəhayət, dəmir çarığın altı deşiləndə, dəmir əsanın ucu yeyiləndə oğlunu tapır. Gösü yaşlı ana qışqıra-qışqıra özünü oğlunun üstünə atır. Yağlı yeməkdən ağırlaşan oğlan tanımadığı arvadı kənara itələyir, sonra cavan və gözəl olduğunu görüb üstünə gedir… Qərəz, öz vətənində, yüzlərlə qoyunun gözü önündə oğul anasına təcavüz edir… Budur “manqurt” söyüşünün mahiyyəti…
Ekstremist
Yəqin hörmətli oxucunun da yadında olar, 90-ların ən dəbdə olan söyüşü “ekstremist” ifadəsi idi. Yuxarılar aşağıları, aşağılar yuxarıları ekstremist deyib təhqir edirdi, siyasi dairələrdə isə bu ifadə xüsusilə dəbdə idi. Yaxşı, ekstremist nə deməkdir və niyə söyüş kimi səslənir?
Ekstremizm latın sözü olub (extremus - son hədd) ən son metodlara, texnologiyalara maraq, ifratçı kimi tərcümə oluna bilər. Ekstremizm siyasi, dini, iqtisadi, irqi, hərbi və sair formalarda özünü göstərə bilir. Məsələn siyasi ekstremizm siyasətin zorakı, ifrata varan vasitələrlə həyata keçirilməsidir. Dünya xalqları tarix boyu siyasi ekstremizmlə üz-üzə gəliblər. Bu gün insanlara qənim kəsilən iqtisadi, siyasi sanksiyalar siyasi ekstemizmin radikal, müharibə isə, zorakı, ifrat formalarıdır.
Amma qəbul etmək lazımdır ki, hər şeyin ifratı təhlükəlidir. Ekstremizmdə isə bu, daha təhlükəlidir. Çunki ekstremizm ifrat mövqe deməkdir və manevr etmək üçün yol saxlamır. O səbəbdən də bir çox hallarda siyasi ekstremizm terrorizmlə nəticələnir. Terrorizm özü də ekstremizmdə ekstremizmdir. Yəni ekstremizm və terrorizm eyni anlayışlar olmasalar da, bir-birlərini tamamlayırlar. Deməli, siyasətdə adama ekstremist damğası vurmaq, əslində onu terrorizmdə ittiham etmək deməkdir.
Trollar
Nəhayət trollar – müasir dövrümüzün ən dəbdə olan söyüşlərindən biri, bəlkə də birincisi. Manqurta, ekkstremistə baxanda, trollar daha cavandır, olsun ki, internetlə yaşıddır. İndi internetdə kimin kimdən xoşu gəlmirsə, statusunu bəyənmirsə, mənasını bildi-bilmədi, ona troll deyir, təhqir edir…
Hazırda internet-trollar müasir cəmiyyətin əsas probleminə çevrilib. İnsanlar onları narahat edən, söyən, təhqir edən – “trollayan”, adı, ünvanı olmayan internet istifadəçilərinin ucbatından depressiyaya düşürlər. “Qaydasız döyüş” qaydalarından istifadə edən trollar kimlərdir, ümumiyyətlə "troll" anlayışı nədir, nə deməkdir?
Müxtəlif dillərdən tərcümədə "troll" sözünün - "şeytan", "çirkin, insanabənzər varlıq", "ovsunlayan" və s. kimi mənaları var. "Troll” ingilis dilindən tərcümədə "balıq tutmaq üçün istifadə olunan tilov" (qarmaq), "tilovun ucuna taxılan yem", "suya tilov atıb balıq tutmaq" mənalarını verir. Skandinaviya mifologiyasında isə dağlarda, meşələrdə və yeraltı mağaralarda yaşayan, bəzən nəhəng, bəzən isə kiçik və qorxunc varlıqlardır. İnternetdə isə trollar həm mifologiyanın, həm də sosial şəbəkələrin "haqqını" yeyirlər. Onlar müxtəlif bloqları, forumları, xəbər saytlarını, adi adamları özlərinə hədəf seçə bilərlər. Şansınız yoxdusa, siz də onların hədəfi ola bilərsiz...
Qalib ARİF