“Sədərək” və “Binə” qanunları...
Məmur özbaşınalığı barədə mətbuat dəfələrlə yazıb, bu məsələni işıqlandırıb. Lakin rəsmi səviyyədə də edilən xəbərdarlığa məhəl qoymayanlar öz işindədir. Budəfəki material isə Sədərək və Binə bazarları - ticarət mərkəzlərində baş verən qanunsuzluqlar, “torpaqbasdı” əməliyyatı barədədir.
Paralel.az gundelik-baku.com-a istinadla bu barədə materialı təqdim edir.
Cənubi Qafqazın ən böyük ticarət mərkəzlərindən biri olan bu bazarlarda milyardlarla vəsait dövr edir. Lakin uzun illər ticarət mərkəzlərindən toplanan milyardlardan büdcəyə vergi şəkilində qəpik-quruş verilib, qalan pullar isə kimlərinsə cibinə axıb.
“Binə” və “Sədərək” ticarət mərkəzlərinə gəlib-gedən sürücülər 50 qəpik ödəməlidir. Hər gün bura minlərlə avtomobil daxil olur və 50 qəpik ödəyir. Amma sürücülərin heç birinə sənəd verilmir.
İndi bir ayda, 30 gündə bu ticarət mərkəzlərinə daxil olan və 50 qəpik ödəyənlərin cəm halında ödədiyi məbləği hesablayın. Görün, dövlət büdcəsinə 1 qəpik daxil olurmu? Əlbəttə, yox.
Hətta bazarda çalışan icarədarlar da öz avtomobilləri ilə bazara daxil olarkən 50 qəpik ödəməlidir. Yarızarafat olaraq bazarda deyirlər ki, kim bazara girsə, “torpaqbasdı” ödəməlidir.
Orta əsrlərdə qaçaq-quldurlar yolu kəsib tacir-tüccarlardan pul tələb edən kimi, deyəsən “Sədərək” və “Binə” ticarət mərkəzlərinin sahibləri də vətəndaşların yolunu kəsirlər.
“Sədərək” və “Binə” Ticarət Mərkəzləri ilə bağlı mediada yazılanlardan bəlli olur ki, birinci Yusif Qədimbəyliyə, ikinci isə Kəbirə Məmmədovaya məxsusdur. Düzdür, zaman-zaman guya əldəyişmə olduğu haqda yazılıb. Amma istənilən halda bu boyda ticarət mərkəzlərində külli miqdarda vergidən yayınma hallarının olduğu açıq-aşkardır.
“Binə” və “Sədərək” Ticarət mərkəzlərində işləyən sahibkarların mediaya söylədiklərindən bəlli olur ki, onların ödədikləri vergilər və icarə haqqı üçün onlara heç bir qəbz verilmir.
Sahibkarlar yer haqqının tez-tez artırılmasından, karqo xidmətlərin qanunsuz olmasından şikayət edirlər.
Belə ki, bazarda çalışan hər bir sahibkar xaricdən gələn malın öz adına gətirilməsini tələb etsə də, buna nail ola bilmir.
Çünki iri məmurlara məxsus olan karqo şirkətlər məhsulları ancaq öz adlarına idxal edirlər. Sahibkarlara qanuni yolla, faktura ilə deyil, razılaşma yolu ilə verirlər.
Bu işdə Dövlət Əmlak Komitəsi də ciddi qanunsuzluqlara yol verir. Qısası, “Sədərək” və “Binə” Ticarət Mərkəzlərində sözün həqiqi mənasında qanunsuzluqlar baş alıb gedir.
Qarşı tərəf də öz mövqeyini söyləyə bilər.
Paralel.az