Naziri Sahil Babayev olan ölkədə qazinin kəsilən ayağı “uzanmalıdır”?
Ölkə vətəndaşlarının sosial qayğılarından vaxtaşırı materiallar dərc edilir. Budəfəki materialı Paralel.az gundelik-baku-ya istinad edərək təqdim edir.
Məsələ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdindəki Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə ( DTSERX ) aiddir. Yəni “Qosslujba” nazirliyə bərabər qurumdur. Onun da tabeçiliyində Tibbi-Sosial Ekspert Komissiyası (TSEK) deyilən altqurum var. Bütün problemlər, rüşvət və korrupsiya halları burada baş verir. Necə deyərlər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “əlillərin və imkansız insanların nazirliyidir”.
Bu nazirliyə 6 il rəhbərlik etmiş şəxs - Səlim Müslümov da az qala 2 ildir həbsdədir. İndi özünüz əlillərin və sosial təminata ehtiyacı olanların durumunu təssəvvür edin. Yeri gəlmişkən, Səlim Müslümovun, yaxud indiki nazir Sahil Babayevin yerinə bir əlili, yaxud zəlili nazir təyin etsəydilər, bəlkə də bu gün vəziyyət daha effektli olardı. Sabiq nazir Səlim Müslümovun dövründə saxta əlillik məsələsinə görə, son 2 ildə minlərlə insanın əlillik statusu ləğv edilib.
Birincisi, bu saxtakarlığı dövlət qurumları edibsə, vətəndaşın nə günahı?
İkincisi, hətta Qarabağ müharibəsində ayağını itirmiş qazini yenidən komissiyaya çağırıb günlərlə, bəzən aylarla get-gələ salırlarsa, bunun günahı kimdədir?
Bu gün Azərbaycanda az qala anektoda çevrilən bir məsələ var.
Qazini çağırıb kəsilən ayağının uzanıb-uzanmadığını yoxlayırlar, dizdən aşağı, yoxsa dizdən yuxarı məsələsini qabardırlar. Görəsən, “Əmək nazirliyi”ndə oturanlar başa düşmür ki, kəsilən ayaq necə uzana bilər?
Ümumiyyətlə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazir kreslosuna əyləşdiyi 4 il müddətində ölkə əhalisinin əlil, şikəst, təqaüd, sosial yardım alan və təqaüd almalı olan kəsiminin vəziyyətini daha da ağırlaşdırıb.
Bununla da o, əlil insanların ailəsini ac qoyub, özlərini isə intihar həddinə çatdırıb. Bu yolla dövlət büdcəsindən ayrılan vəsaitə "qənaət" edərək, əlillərə zülm etməkdən belə, çəkinmir.
Əlil vətəndaşlar yazır ki, nazir kürsüsünə əyləşən gündən Sahil Babayev xalqa divan tutur, millətin sosial müdafiəyə möhtac olan kəsimini daha ağır duruma salmaq üçün əlindən gələni əsirgəmir. Bütün bu işləri Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) sədri Mətanət Məmmədovanın əli ilə edir.
Əlil statusu olan şəxslər Ekspertiza Mərkəzinə çağrılır və rüşvətin qarşılığında yenidən ya əlil olurlar, rüşvət verməyənlər isə “sağlam” olurlar, onların əlillik statusu ləğv edilir.
Məlumatlı şəxslər yazır ki, Sahil Babayev nazir olan kimi nazirliyin peşəkar əməkdaşlarını və mütəxəssis kadrları işdən uzaqlaşdırdı və yerinə təcrübəsiz qohum - əqrabasını, tələbə yoldaşlarını, pivə və domino həvəskarı olan dostlarını gətirdi.
Sahil Babyevin nazir olduğu dönəmdə xeyli sayda Qarabağ əlili vaxtından əvvəl dünyasını dəyişdi. Hələ bu harasıdır?
Sahil Babayevin Dünya Bankından alınan 17 milyon dolları necə silməsi, məşğulluq adı altında dövlətin ayırdığı milyonları mənimsəməsi və s. barəsində növbəti yazıda...
Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.
Paralel.az