Paşinyan-Putin görüşü: Qarabağla bağlı hansı qərar ola bilər?
Asif Nərimanlı:
Paşinyanın Rusiyaya ikigünlük səfəri başlayıb: Ermənistan-Rusiya sənədlər paketinin imzalanacağı gözlənilir; Moskva İrəvanla münasibətləri Ukrayna müharibəsindən sonra dəyişən yeni geosiyasi şərtlərə uyğunlaşdırmaq niyyətindədir;
Putin-Paşinyan görüşünün əsas gündəminə 10 noyabr, 11 yanvar və 26 noyabr razılaşmalarının icrası da daxildir və son proseslər bu görüşün Qarabağ məsələsində həlledici ola biləcəyi ehtimalını önə çıxarır.
Səfərdən öncə iki məqam xüsusilə diqqət çəkdi:
Birincisi, Şarl Mişelin İrəvana zəngi idi: Aİ Paşinyanın Brüssel razılaşmasına qarşı sadiqliyini və Moskvada bu razılaşmanın əleyhinə olacaq addımın atılmamasını istəyir;
İkincisi, Qarabağdakı separatçı-terrorçuların “rəhbərliyi” – Araik Arutyunyan və Vitali Balasanyan İrəvanda Paşinyanla görüşdü: separatçılar Paşinyandan Moskva görüşündə onların “status”, “müstəqillik” iddialarını nəzərə almağı tələb edib; separatçıların narahatlığı göstərir ki, onların Rusiyadan da gözləntiləri azdır; Paşinyanla görüşə Araiklə yanaşı, keçmiş “Qarabağ klanı”nın üzvü və Rusiyaya yaxınlığı ilə tanınan Vitali Balasanyanın gəlməsi də bunu deməyə əsas verir;
Paşinyanın edə biləcəyi yalnız Rusiyanın vasitəçiliyi ilə əldə olunan razılaşmaların icrasıdır. Bakının sülh sazişi üçün təqdim etdiyi 5 əsas prinsip həm də bu razılaşmalara söykənir. Hər iki halda – Brüssel razılaşması, yaxud Moskvanın vasitəçilik etdiyi razılaşmalar bu və ya digər formada bizim istəyimizə uyğundur.
Rusiyanın mövcud situasiyada əsas istəyi isə bəllidir:
- Bölgədə əsas vasitəçilik missiyasını saxlamaq;
- Kommunikasiyaların açılması sürətləndirmək: Qərblə qarşıdurma fonunda Cənubi Qafqazdakı mövqelərini qorumaq, xüsusilə Ermənistana quru əlaqə yaratmaq üçün ruslara bu lazımdır;
Bu, Moskvanın vasitəçiliyi ilə əldə olunan 10 noyabr və 26 noyabr razılaşmalarının icrasından asılı olacaq.
1. 10 noyabr razılaşmasının 4-cü bəndi – erməni qoşunların Azərbayca ərazisindən çıxarılması icra olunmalıdır;
2. Sərhədin delimitasiya və demarkasiyası həyata keçirilməlidir;
Bu iki məqam icra olunmadığı təqdirdə kommunikasiyanın açılması mümkün deyil. Bu baxımdan, Putin-Paşinyan görüşünün 4-cü bəndin icrasına təsir edə biləcəyi mümkündür. Sərhədin müəyyən edilməsi isə həm Brüssel, həm də Soçi razlaşmasında eyni “qapıya” çıxır.
Paralel.az