Cənab Prezidentin göstərişləri Beyləqanda niyə unudulub, Asif Ağayev?!

Cənab Prezidentin göstərişləri Beyləqanda niyə unudulub, Asif Ağayev?!
 

Tapdıq Abbas yazır:

Vətən Müharibəsinin bitməsinin 16 ayı tamam oldu, amma bizə Şanlı Qələbə qazandırmış şəhidlərimizin valideynləri, əsgər və zabitlərimiz artıq unudulub desək, səhv etmərik. Bəzi rayon icra hakimiyyət başçıları sanki vəzifələrini şəhid ailəsində olub, şəkil çəkdirib tirajlamaqla bitmiş hesab edirlər. Sosial şəbəkələrdə yazılanlardan, redaksiyamıza daxil olan məktublardan bu, çox aydın görünür. Qələbənin ilk günlərindən Şəhid ailələrinə, müharibə iştirakçılarına verilən yağlı vədlərin əksəriyyəti havadan asılı qalıb.

Şəhidlərimizə və müharibə əlillərinə, veteranlara laqeydlik göstərən icra başçılarının sırasında Beyləqan rayon icra hakimiyyətinin başçısı Asif Ağayev ön sırada durur. 368 nəfərdən çox şəhidi olan Beyləqan rayonuna belə bir biganə insanı rəhbər təyin edən hakimiyyətin, bəlkə də, ən böyük uğursuzluğudur.

Təsəvvür etmək çox çətindir ki, İlham Əliyev kimi müzəffər Ali Baş komandanın, şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına daim çox həssas yanaşan qayğıkeş prezidentin komandasında Asif Ağayev kimi məsuliyyətsiz, bacarıqsız və çox yararsiz icra başçısı yer alır. Beyləqanın qəhrəman şəhidlərinin ailələrinə diqqət və qayğı, şəhidlərin xatirə abidələrinin ucaldılması, əlillərin və müharibə veteranlarının sosial problemlərinin həllinə biganəlik göstərən Asif Ağayev vəzifəli şəxsə hörmət gətirməyən naqis hərəkətilə ilk növbədə ölkə prezidentinin şəhidlər, onların ailələri, müharibə veteranları barədə verdiyi göstəriş və tapşırıqları pozmaqdan çəkinmir. Bu şəxs şəhid ailələrinə nəinki biganəlik göstərir, hətta onlara qarşı kobudluq etməkdən belə çəkinmir. 

Üç ölkə rəhbəri tərəfindən imzalanan atəşkəs bəyanatına əsasən 44 günlük müharibənin bitməsindən artıq 16 ay zaman keçib. Lakin Beyləqan şəhərindən müharibədə şəhid olmuş 36 nəfərin xatirəsinə "veteranlar parkında" şəhid ailələrinin maddi yardımı ilə tikilən abidə hələ də yarımçıq qalıb. Hər bir beyləqanlıya əziz olan bu abidəni yarımçıq görənlər icra başçısı Asif Ağayevin ünvanına "dualar" oxuyurlar. İcra başçısını vəzifə kürsüsündə saxlayanların biganəliyinə isə hər kəs "heyran" qalır.

Adlarının hallanmasını istəməyən, ancaq bizə dəqiq məlum olan həmin şəhid ailələri icra başçısı Asif Ağayevin verdiyi 300 manatdan imtina edib, qaytarıb üstünə atanlar bu cür lüzumsuz kömək təkliflərindən imtina ediblər və bildiriblər ki, oğlumuz Vətən uğrunda şəhid olub. 

Beyləqan rayon mərkəzində şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə yer almaq üçün Asif Ağayevin qəbulundə olan şəhid valideynlərinin xahişini  icra başçısının rədd etməsi və bu barədə yuxarılara şikayət edənləri təhdid etməsi icra başçısının hansı insani keyfiyyətə malik olduğunun göstəricisidir.

Hesab edirəm ki, gec də olsa, yüksək səlahiyyət sahibləri Asif Ağayevin bu cür hərəkətlərini araşdırıb uyğun qiymət verməlidirlər. Əks təqdirdə hakimiyyət və Ordu arasında narazılıq yaratmaq istəyən düşmən qüvvələr onsuz da kifayət qədər çoxdur və onlara material verən belə vəzifəlilər onlar qədər təhlükəlidir. Ona görə də belə icra başçısının vəzifədə uzun müddət qalmasının hakimiyyətə ciddi nöqsan gətirəcəyinə şübhə etmirəm. 
Paralel.az

0.016197919845581