TƏBİB-in sədr əvəzi və Səhiyyə naziri rüşvətxorluğu himayə edir?

TƏBİB-in sədr əvəzi və Səhiyyə naziri rüşvətxorluğu himayə edir?
 

Xəstələr rüşvətxorluqdan şikayətlənir

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı öz ərizəsi ilə tutduğu vəzifədən azad edildikdən sonra (əslində törətdiyi rüşvət və korrupsiyaya görə) Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyevin əmri ilə TƏBİB İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icrası Vüqar Qurbanova tapşırılıb.

TƏBİB İH sədr əvəzi Vüqar Qurbanovun sədr əvəzi kimi fəaliyyəti o qədər çirkli - rüşvət və korrupsiyaya bulaşıb ki, ölkə vətəndaşlarının, tibbi heyətin və xəstələrin şikayətləri geniş yayılıb

Hətta vəziyyət o həddə çatıb ki, xəstəxanların və digər tibb müəssisələrinin direktorları Ramil Bayramlının zamanında olduğundan da betər şəkildə hər addımda rüşvət yığırlar.

Ölkənin səhiyyə sahəsində fəaliyyət gösstərən Səhiyyə Nazirliyi və TƏBİB arasında hökm sürən ikihakimiyyətlilik, sanki TƏBİB-in sədr əvəzi Vüqar Qurbanova və onun komandasına rüşvət və korrupsiya fəaliyyətini genişləndirmək üçün əlavə şərait yaradıb. TƏBİB şəhər və rayon xəstəxanalarına əlavə ştatlar verməklə direktorlara rüşvət yığmaq üçün geniş imkan yaradıb. Xəstəxanalara çoxsaylı "mühafizəçi", "bağban", "xadimə" "sürücü" ştatları verilir və əksər xəstəxana direktorları da həmin ştatları rüşvətlə satırlar.

Ağcabədidən, Sabirabaddan, İmişlidən, Saatlıdan, Beyləqandan, Xocavənddən və digər rayonların vətəndaşlarından poçta daxil olan şikayətlərdə göstərilir ki, bu ştatların hamısı Mərkəzi Xəstəxanaların direktorları tərəfindən açıq-aşkar satılır. Buradan əldə edilən külli miqdarda rüşvətin bir hissəsinin rayon rəhbərliyinə və TƏBİB sədr əvəzi Vüqar Qurbanova çatdığı bildirilir.

Xəstələrin şikayətinə əsasən, xəstəxanalarda şəkər xəstələrinə pulsuz verilən dərmanlar, şəkərölçən cihaz və şəkəri müəyyən edən reaktiv belə tapılmır. Xəstələr həmin perapatların və dərmanların özəl xəstəxanalara satılmasından şikayətlənirlər.

Məsələn, Bakı şəhərinin Yasamal rayonunda yerləşən polikilinkalarda, xüsusən 19 saylı polikilinkada (baş həkim Aytən Qurbanovadır) şəkəri təyin etmək üçün lazım olan reaktivin 2 aydan çoxdur olmaması xəstələrin haqlı etiraz və narazılığına səbəb olub. 

Xəstələr bu barədə TƏBİB-in sədr əvəzi Vüqar Qurbanova və Səhiyyə nazirinə dəfələrlə yazılı müraciət etmələrinə rəğmən heç bir tədbir görülməməsindən şikayət edirlər.

Azərbaycanda səhiyyə sahəsində ən ciddi qanun pozuntularından biri tibbi sığorta ilə müalicə almaq haqqına sahib olan xəstələrin müalicə xərcinin bir hissəsinin xəstə tərəfindən ödənilməsidir. Tibbi sığorta ilə əhalisini normal səhiyyə xidmətilə təmin edən heç bir normal ölkədə Azərbaycanda baş verən bu haqsızlığa rast gəlinmir.

Şikayətçilər tərəddüd etmədən qeyd edirlər ki, ölkənin İcrari Tibbi Sığorta sisteminə keçmiş bütün xəstəxanalarda xəstələrdən və onların sahiblərindən əlavə pul tələb edilir. Bu da TƏBİB və Səhiyyə nazirliyinin ölkənin tibb və səhiyyə sistemində rüşvətxorluğa geniş meydan vermələrinin aşkar təzahürüdür.

TƏBİB-in sədr əvəzindən və Səhiyyə nazirindən soruşan yoxdur ki, cənab sədr əvəzi və nazir, Azərbaycanda çalışan hər bir vətəndaşın əmək haqqından hər ay tutlan 2 faiz pul və dövlət büdcəsindən ayrılan milyard kimlərin cibinə gedir ki, xəstəxanlarda xəstələrdən və onların sahiblərindən əlavə rüşvət alınır?!

Xalqa normal tibbi xidmət belə olmur, cənab TƏBİB və Səhiyyə nazirliyinin yeni təyin olunmuş rəhbərləri...

 

Şahnaz 

 Paralel.az

0.12182903289795