Dissertasiya müzakirələri, yoxsa bayağı şoular?...
Səadət Şıxıyeva:
"Dissertasiya müzakirələri və müdafiələri həvəskar və istedadsız senaristlərin yazdığı bayağı tamaşalara çevrilib... Azərbaycanda elmin
düşdüyü bataqlıqdan xilas yolu gərəksiz sənədlərin sayının artmasında deyil, proseslərin gedişinin doğru təşkilində ola bilər. Ən acınacaqlı hallardan biri də odur ki, dissertantın işi özünün yazmadığını və mövzuya bələdliyinin 0 həddə olduğunu, işi yazanın da ya elmi rəhbər, ya da rəyçisinin olduğunu bilə-bilə səs verməyə məcbur qalırsan. Çünki səsvermə açıq keçirilir. Heç kəs "pis kişi" olmaq istəmir, azərbaycanlı mentaliteti, sovet dövrü zehniyyəti imkan vermir...
Türkiyə və yaxud Avropa dövlətlərinin standartlarına keçmədikcə elmə kolxoz düşüncəsinin tətbiqindən xilas ola bilməyəcəyik.
Elm sahəsi seçilmişlərin məşğul olduğu sahə olmalı, arxalı qurdbasanların oylağı olmamalıdır. Buna son vermədikcə, kadr seçimi düzgün edilmədikcə heç bir inkişafdan söz belə gedə bilməz..."