Ramazan Allahın tərbiyə proqramıdır - XIV yazı

Ramazan Allahın tərbiyə proqramıdır - XIV yazı
 

Siracəddin Hacı:

4) “…Kim daha çox xeyir işlərsə (xeyir işləri olarsa), özü üçün daha yararlı olar…”
AYƏNİN bu hissəsini belə oxuya-anlaya bilərik:
- kim orucunu da tutsa, fidyəsini də versə;
- fərzləri də, nafilələri də yerinə yetirsə;
- kim sevə-sevə daha çox xeyir işlər etsə;
- daha çox fidyə versə, daha çox yoxsulu doyursa;
- RAMAZAN ORUCU ilə birgə, başqa vaxtlarda da oruc tutsa;
Ayədəki “XEYİR” sözü bu mənaların hamısını əhatə edir. Allah buyurur ki, xeyir çoxaltmaq xeyir sahibinin yararınadır, ona dəyər, sayğı, savab qazandırır.
5) “…Ancaq (əgər) bilsəniz, oruc tutmaq sizin üçün daha xeyirlidir”
AYƏ oruc tutmağın dəyərini ifadə edən sözlərlə bitir, sıradakı ayə ilə bağ qurur. Ayənin başı ilə sonunu birləşdirsək, bu məna ortaya çıxar: Allah xəstələrə, yolçulara Ramazan ayında oruc tutmamaq izni verir. Bununla birlikdə, buyurur ki, ciddi bir sıxıntı yoxdursa, yəni oruc tutmaq imkanı varsa, oruc tutmaq sizin üçün daha xeyirlidir. İMAM ZƏMƏXŞƏRİ bu ayəni oruc tutmaq fidyədən də, fidyədən daha çoxunu verməkdən də xeyirlidir kimi oxumuşdur.
Bir sıra alimlər isə ayəni bağlamından qopararaq ümumi biçimdə - oruc tutmaq insana xeyirlər gətirəcək anlamında oxumuşlar, yəni bu cümlənin birbaşa xəstə və yolçularla bağı yoxdur.
6) Yüz səksən dördüncü ayənin ortaya qoyduğu nəticələr
- ayə Ramazan orucunu tanıdan ayələr qrupuna daxildir;
- sayılı günlər Ramazan ayıdır;
- xəstələr, yolçular bu ayda oruc tutmaya bilərlər;
- xəstəlik, ya da yolçuluq bitəndə oruc günə gün qəza edilməlidir;
- qəza ilə birlikdə fidyə də verilsə, daha xeyirli olar;
- fidyə vermək oruc tuta bilməyəcək dərəcədə yaşlı olanlara, sağalmaq ümidi olmayan xəstələrə aiddir;
- Ramazan hər növ xeyri çoxaltmaq ayıdır;
ORUCLA BAĞLI ÜÇÜNCÜ AYƏ: BƏQƏRƏ, 2/185
“(O sayılı günlər) Ramazan ayıdır ki, insanlığa rəhbər olan, bu rəhbərliyin açıq-aşkar dəlillərini (bəlgələrini) daşıyan və haqqı batildən ayıran Quran bax (məhz) bu ayda endirilmişdir. Sizdən biri bu aya qovuşanda oruc tutsun, xəstə, ya da yolçu olan kimsə də başqa günlərdə qəza etsin! Allah sizin üçün asanlıq istər, sizi sıxıntıya (çətinliyə) salmaq istəməz. (O) oruc günlərinin sayını tamamlamağınızı, sizi doğru yola qovuşdurduğu üçün Onu ucaltmağınızı və şükür etməyinizi istər”
1) “(O sayılı günlər) Ramazan ayıdır ki…”
ALLAH yüz səksən dördüncü ayədə “sayılı günlərdə” buyurmuşdu. Şərh etdiyimiz ayədə o sayılı günlərin Ramazan ayı olduğunu açıqlayır.
“RAMAZAN” sözü “r-m-d” kökündəndir, bu mənaları olduğu irəli sürülmüşdür:
a) Allahın adlarından biridir – bu görüş əsassızdır, belə ki, Qurani-Kərimdə Allahın Ramazan adı yoxdur. Allaha ad və sifətləri Özü verər, kimsənin Ona ad / sifət vermək haqqı yoxdur;
b) gur yağan yaz yağışı, bu yağış yeri, havanı tozlardan / kirlərdən təmizləyər. Ramazan orucu da o yağış kimidir, insanın bədənini maddi, vicdan, ağıl, qəlb və ruhunu mənəvi zəhərlərdən təmizləyər;
c) qovurucu istilik – Günəşin istiliyi nəticəsində daş qızır, çayda, dənizdə çiməndən sonra ayağını daşın üzərinə qoyur, istiliyini hiss edirsən, bu istilik insanın ruhunu dincəldir. İstiliyin həm yandırma, həm də təmizləmə özəlliyi var, yəni Ramazan orucu insanı maddi, mənəvi kirlərdən təmizləyir, günahlarını yandırır;
d) otun biçilməsi – sahənin təmizlənməsi;
e) oxun ucunun itilənməsi üçün iki daşın arasına sürtülməsi – bu yolla oxun ucunun pası silinir, nəticədə, kəskinliyi, itiliyi, deşmə imkanı artır;
Bu izahların ortaq nöqtəsi TƏMİZLİKDİR, yəni Ramazan orucu insanları maddi, mənəvi kirlərdən təmizləyir.
Ardı var...

Paralel.az

0.013919830322266