Ramazan orucu Allahın tərbiyə proqramıdır - XIII yazı

Ramazan orucu Allahın tərbiyə proqramıdır - XIII yazı
 

Siracəddin Hacı yazır...

3) “... (bunlar arasından) ona gücü çatanlar üzərinə bir yoxsulu doyuracaq fidyə (vermək) zəruridir...”
Bu ayə fərqli biçimlərdə anlaşılmışdır. Ayədə FİDYƏ gücü çatanlara əmr olunur. Sual budur: gücü çatanlar deyilərkən kimlər nəzərdə tutulur? Bir sıra alimlər ayəni belə oxumuşlar: orucunu qəza etməyə (orucunu bəlli səbəblərlə vaxtında tuta bilməyib sonra tutmaq) gücü çatanlar həm də bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Bu oxunuşda iki sual ortaya çıxır: a) qəzası olanlar qəza ilə birlikdə bir də fidyə verəcəklərmi?; b) yoxsa qəza orucu yerinə fidyəmi verəcəklər? Bir sıra alimlər də ayəni belə anlamışlar: oruc tuta bilməyənlər də bir yoxsulun (günlük) yeyəcəyi qədər fidyə verərlər.
Biz ayənin bu oxunuşunu doğru sayırıq: qəza ilə birlikdə gücü çatanlar fidyə də versinlər: “... Qəza ilə birlikdə gücü çatanın fidyə verməsi (qəza orucunu da tut, imkanın varsa, fidyə də ver) fidyəsiz qəzadan, ya da qəzasız fidyədən daha xeyirlidir. Qəza orucu ilə birgə gücü çatanın fidyə də verməsi – ikisini də yerinə yetirməsi birini icra etməkdən daha xeyirlidir (hər şeyin doğrusunu Allah bilir)”.
“FİDYƏ” sözü “f-d-yə” kökündəndir, insanın qarşılıq olaraq veriləcək bir şeylə özünü bəladan qoruması fidyə adlanır, ya da insanın qüsurlu bir ibadətə görə öz nəfsini qorumaq üçün verdiyi malı da fidyə sayılır. Fidyənin məqsədi bir insanı sıxıntıdan qurtarmaqdır. Fidyə sözü həm də dini termindir, mənası budur: oruc ibadətinin yerinə yetirilməməsi səbəbi ilə, ya da həcc ibadətinin icrası zamanı yol verilən bir sıra qüsurların ortadan qaldırılması üçün, eləcə də savaş əsirlərinin azad olmaları qarşılığında ödənən maddi bədəl.
BİR FİDYƏ bir insanı bir gün doyuracaq miqdarda yeməkdir (qidadır), ya da bu miqdarın qarşılığı olan puldur. Fidyə miqdarı Ramazan bayramından (fitir bayramı) öncə verilən fitir sədəqəsinin miqdarı ilə eynidir. Bu fidyə miqdarı ən aşağı ölçüdür. İmkanı olanların daha çox verməsi gözəl davranışdır.
Fidyə Ramazan orucunun başlanğıcında, ortasında, sonunda verilə bilər. Bir şəxsin fidyələrinin hamısını bir yoxsula da, bir neçə yoxsula da paylaması mümkündür.
ORUC FİDYƏSİ maddi ehtiyaclarını təmin etməyə borclu olduğunuz yoxsullara verilməz, məsələn, ata oğula, oğul ataya, ər xanımına, xanım ərinə fidyə verə bilməz, belə ki, bu qrupa daxil olanlar bir-birilərinin dolanışığını təmin etməyə borcludurlar. Ehtiyacları varsa, qardaşa, bacıya, xalaya, dayıya, əmiyə, xalanın, dayının, əminin övladlarına, gəlinə, kürəkənə, qayınataya, qayınanaya fidyə (fitrə, zəkat) verilə bilər.
FİDYƏ vermək məcburiyyəti oruc tutmaq imkanı olmayan yaşlılara, sağalmaq ümidi olmayan xəstələrə aiddir, ancaq bir insan sonrakı dönəmdə sağlamlığına qovuşacaqsa, orucunu mütləq qəza etməlidir (vaxtında – Ramazan ayında tutulan oruc əda, başqa vaxtda tutulan oruc qəzadır). Onun fidyə verməsi məcburi deyil, fidyə versə də, oruc borcu ödənilmiş sayılmaz.
Bir insan oruc tuta bilməyəcək dərəcədə yaşlıdırsa, ya da sağalmaq ümidi olmayacaq biçimdə xəstədirsə, fidyə vermək imkanı da yoxdursa, onların Allahdan bağışlanma istəmələri gözəl bir davranışdır…
Ardı var...
Paralel.az

0.01808500289917