Ramazan orucu Allahın tərbiyə proqramıdır - XII yazı

Ramazan orucu Allahın tərbiyə proqramıdır - XII yazı
 

Siracəddin Hacı:

2) “... Sizdən kim xəstə, ya da yolçu olarsa, tutmadığının sayı qədər başqa günlərdə oruc tutar...”    

Oruc tutmağın şərtləri bunlardır: a) müsəlman olmaq; b) ağıllı olmaq; c) büluğ yaşına çatmaq – qızlar aybaşı halını yaşamağa başlayanda, oğlanlar da yuxuda olarkən boşalma (spermin axması) hiss edəndə (biləndə) büluğ yaşına çatmış sayılırlar. Qızlar və oğlanlar on beş yaşınadək bu halları yaşamasalar, on beş yaş büluğ yaşı sayılır.

ALLAH ayədə iki qrupu ayrıca qeyd etmişdir: xəstələr, yolçular. Oruc tutmaq xəstələrə də, yolçulara da fərzdir, ancaq onlar xəstə, ya da yolçu olduqları Ramazan ayında deyil, daha sonra (sağaldıqdan, yolçuluq bitdikdən sonra) günə gün qəza edərlər. Xəstəlik oruc tutmağa mane olacaq səviyyədə deyilsə, yolçu olan bir şəxsin oruc tutmağa gücü çatırsa, xəstə, ya da yolçu (səfəri) oruc tuta bilər, əks halda, o müddətdə oruc tutmamalıdırlar.

Cabir bin Abdullah rəvayət edir: ALLAH RƏSULU fəth ili Məkkəyə doğru yola çıxmışdı. Kuraul-Qəmim deyilən yerə çatdı. O da, səhabə də oruclu idilər, yəni səfərə oruclu çıxmışdılar. Allah Rəsuluna bu xəbər verildi: oruc tutmaq insanlara çətin gəlir, onlar Sizin etdiyinizə baxıb dururlar (yəni sizə görə canlarını dişlərinə tutub oruclarını pozmurlar). Allah Rəsulu ikindidən sonra bir bardaq su istədi, insanların gözü önündə suyu içdi. Bu halı görənlərin bir qismi orucunu açdı, bir qismi isə oruc tutmağa davam etdi. Orucunu pozmayanların olduğunu eşidən Allah Rəsulu buyurdu: onlar itaət etmirlər, onlar üsyan etmişlər (Müslim, Siyam, 9 (1114); Tirmizi, Savm, 18).  

Bu hədisi xəstəlik, ya da yolçuluq zamanı oruc tutmaq yasaqdır kimi oxumamalıyıq. Belə ki, hədis oruc tutacağı halda sağlamlığı pozulacaq xəstə və yolçuları nəzərdə tutur. Oruc tutan bir xəstənin xəstəliyi artırsa, sağlamlığı çökürsə, yolçuluq məşəqqətə çevrilirsə, Allah Rəsulu bu halda oruc tutmağı üsyan kimi dəyərləndirir. Oruc tutan bir xəstənin, ya da yolçunun sağlamlığı zərər görmürsə, istəsə, oruc tuta bilər, oruc tutması daha xeyirli olar.

QURANİ-KƏRİM deyir ki, Allah insana gücü çatmayacaq yükü yükləməz, Allah Rəsulu buyurur ki, çətinləşdirməyin, asanlaşdırın, nifrət etdirməyin, sevdirin. İslam alimləri şərh etdiyimiz ayəyə əsaslanaraq Ramazan ayında oruc tutmamağa izin verən halları belə sıralamışlar:

a) yolçuluq –bir adam Ramazan ayında səfərə çıxsa, səfər məsafəsi ən azı doxsan kilometr olsa, gecədən oruca niyyət etməyə bilər. Niyyət etdikdən sonra yolçuluğa çıxsa, orucunu pozmamalıdır (hər hansı bir istisna hal ortaya çıxmasa, məsələn, xəstələnər, qəza olar, yaralanar...). Bir ibadət başlanmışsa, onu pozacaq ciddi səbəb yoxdursa, o ibadət tamamlanmalıdır. Səfəri olan bir insan orucunu pozsa, sonra qəza etməli, yəni günə gün oruc tutmalıdır;
b) xəstəlik – bir insan oruc tutanda xəstəliyi artır, sağlamlığı pozulursa, o, Ramazan ayında oruc tutmamalıdır, sağaldıqdan sonra günə gün qəza etməlidir. Həkim bir insana sən oruc tutsan, xəstələnəcəksən deyirsə, o insan da xəstə sayılır;
c) qocalıq – oruc tuta bilməyəcək qədər yaşlı olan bir insan oruc tutmaz, oruc tutmadığı hər gün üçün bir fidyə verər. Sağalmaq ümidi olmayan xəstələr də oruc tutmadığı hər gün üçün fidyə verməlidirlər. Bir xəstə sağalacaqsa, Ramazan orucunu sağlamlığına qovuşduğu dövrdə günə gün qəza etməlidir, fidyə verməsinə ehtiyac yoxdur. Fidyə vermək hökmü heç bir halda oruc tutmaq imkanı olmayacaq insanlara aiddir. Təbii ki, oruc tuta bilən bir insanın yoxsullara yardım etməsi də gözəl davranışdır, həm oruc tutur, həm də yoxsulları doyurur, nəticədə, savab üstünə savab qazanır;
d) çox aclıq və susuzluq – bir insanın aclıq və susuzluq səbəbi ilə sağlamlığı ciddi zərər görərsə, o, orucunu poza bilər, sağlamlığına qovuşduqdan sonra isə Ramazan orucunu günə gün qəza edər. Aclıq və susuzluq bir insanın ölümünə yol açarsa, o insanın orucunu pozmaması haramdır;
e) ağır, məşəqqətli işlərdə çalışmaq – bu işlərdə çalışan bir insan oruc tutacağı halda sağlamlığının pozulacağını düşünürsə, oruc tutmaya bilər. Uyğun bir zamanda Ramazan orucunu günə gün qəza etməlidir;
f) hamilə olmaq və uşaq əmizdirmək - hamilə olan, ya da uşaq əmizdirən bir qadın oruc tutacağı halda özünə və körpəsinə zərər verərsə, Ramazan orucunu tutmaya bilər, o, sonrakı dönəmdə, uyğun bir zamanda orucunu günə gün tutmalıdır;

Toplasaq, bunları deyə bilərik: Ramazan ayında oruc tutmamalarına izin verilənlər bu iznə səbəb olan hallar ortadan qalxdıqdan sonra tutmadıqları günlərin sayı qədər oruc tutmalıdırlar (günə gün ölçüsü). Sağalması imkansız olan xəstələr, oruc tuta bilməyəcək dərəcədə yaşlı olanlar hər Ramazan orucu günü üçün bir fidyə verməlidirlər (təbii ki, imkanları varsa). Bir oruc fidyəsi bir fitir sədəqəsi miqdarıdır. Bir fitir sədəqəsi də bir yoxsulu bir gün doyura biləcək qədər yeməkdir, ya da o yeməyin qarşılığı olan puldur.        

Ardı var...

 

0.017823934555054