Bank faizlərinin endirilməsinin hansı təsirləri olacaq? - ŞƏRH

Bank faizlərinin endirilməsinin hansı təsirləri olacaq? - ŞƏRH
 

Mərkəzi Bank uçot dərəcəsini 7,5%-dən 7,25%-ə, faiz dəhlizinin yuxarı həddini 8,5%-dən 8,25%-ə endirib və faiz dəhlizinin aşağı həddini isə 6,25% səviyyəsində dəyişməz saxlayıb. Qərar sabahdan qüvvəyə minəcək.

Paralel.az xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramovun sözlərinə görə, uçot dərəcəsinin endirilməsi inflyasiya səviyyəsinin azalması və bu meyillərin hədəf diapazonu daxilində formalaşması və təbii ki, makro-iqtisadi stabilliyin qorunması ilə bağlıdır:

"2023-cü ilin noyabr ayından başlayaraq Mərkəzi Bank uçot faiz dərəcəsinin azaldılması ilə bağlı qərarlar qəbul edib. Noyabrın 2-də faiz dərəcəsini 9-dən 8,5%-ə endirən Mərkəz Bank ötən ilin son ayında da əlavə 0,5%-lik azalmaya getmişdi. 2024-cü ildə də eyni yanaşma davam etdirilir".

Millət vəkili deyir ki, Mərkəzi Bankın uçot dərəcəsini endirməsi gözlənilən idi: "Çünki makro-iqtisadi stabillik və istehlak bazarındakı mövcud qiymət səviyyəsi buna zəmin yaradır. Bununla yanaşı, baş bank hələlik faiz dəhlizi ilə bağlı konservativ siyasətini davam etdirir. Bu baxımdan da azalmalar mərhələli həyata keçirilir. Mərkəzi Bankın son açıqlamasında sözügedən qərarın əsas səbəbi də məhz inflyasiya gözləntilərinin stabilləşməsi, profisitli tədiyə balansı və digər pul siyasəti alətləri ilə əlaqələndirilir. 

Faiz dəhlizinin aşağı həddini dəyişdirməməklə Mərkəzi Bank öz notlarının optimal gəlirliyini qoruyub saxlamağa çalışır. Bununla, baş bank qiymətli kağızlar bazarındakı mövqeyini gücləndirməyə və sektor iştirakçılarından daha çox vəsait cəlb etməyə çalışır. Öncə də qeyd etdiyimiz kimi, bu, ondan xəbər verir ki, Mərkəz Bank öz notlarının son faiz dərəcələri üzrə kəskin azalmalara getməyi hədəfləmir".

Kreditlərin ucuzlaşa bilməsi mümkünlüyünə gəldikdə isə V. Bayramov bildirib ki, hələlik uçot dərəcəsinin bu faizlərə ciddi təsiri yoxdur: "Əvvəlki açıqlamamızda qeyd etdiyimiz kimi, bu təsirlərin müşahidə olunması üçün hələ bir müddət lazımdır. Bu, heç də Mərkəzi Bankın mövcud fəaliyyəti ilə bağlı deyil. Bununla yanaşı, Mərkəzi Bankın belə qərarlarını gəlirlik əyirisi ilə yanaşı kredit və depozit bazarına da təsir göstərməsi olduqca vacibdir".

 

 

0.015981197357178