Masallı təhsilində yaşanan biabırçılıqlar - Azərbaycan təhsilinin “üzqarası”

Masallı təhsilində yaşanan biabırçılıqlar - Azərbaycan təhsilinin “üzqarası”
 

Tam əksəriyyətə məlumdur ki, bugünə kimi ölkəmizin təhsil sahəsində əsaslı islahatların həyata keçirilməsinə baxmayaraq, hələ də bu sahədə çoxsaylı problemlər, həddi-hüdudu bilinməyən çatışmazlıqlar və s. mövcuddur.
Yaşanan problemlərin daha çoxu ölkəmizin ümumtəhsil və orta ixtisas məktəblərində yaşanır desək, heç də yanılmarıq. Bir xatırlamanı yada salaq ki, xalqımızın ümummilli lideri, mərhum prezidentimiz Heydər Əliyevin imzaladığı 15 iyun 1999-cu il tarixli “Azərbaycan Respublikasının Təhsili Sahəsində İslahat Proqramı”, məhz ölkəmizin təhsil sahəsində həyata keçirilən islahatın ən qiymətli başlanğıcı olmuşdur. Yəni, bu sahədə əsaslı islahatların həyata keçirilməsində başlıca məqsəd, ölkəmizdə təhsilin səviyyəsini dünya təhsil sisteminin standartlarına uyğunlaşdırmaq idi.
Bundan əlavə, Prezident İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixdə imzaladığı “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası” Sərəncamı da, hal-hazırda öz əhəmiyyətli rolunu qoruyub saxlamaqdadır. Yəni, möhtərəm Prezident bu Sərəncamı imzalamaqla bir daha sübut etmişdi ki, ölkəmizin təhsil sahəsi daim inkişaf etdirilməlidir, problemləri aradan qaldırılmalıdır və bu sahə hər zaman dövlətimizin diqqət mərkəzində olmalıdır.
Qeyd edək ki, bugünə kimi ölkəmizin təhsil sahəsinin inkişaf etdirilməsi istiqamətində lazımi addımların atılmasına baxmayaraq, xeberfakt.az xəbər portalının redaksiyasına Masallı təhsilində olmazın anarxiyanın, hər cür hərcmərcliklərin hökm sürməsi barədə xeyli məlumatlar daxil olmuşdur. Yəni, daxil olan məlumatlarda vurğulanır ki, hal-hazırda adı çəkilən bu rayonun təhsil müəssisələrində elə bir hoqqalar, elə bir həngamələr yaşanır ki, sanki yaşananları məşhur filmlərdə oynanılan rollarla eyniləşdirmək olar.
Ona görə də Masallı təhsilində yaşanan biabırçılıqlar, bu gün Azərbaycan təhsilinin “üzqarası” hesab olunur. Hal-hazırda bu rayonun təhsil şöbəsinə Əkbərov Tariyel İntiqam oğlu adlı şəxs rəhbərlik edir ki, o, 1996-cı ildə ölkəmizdə ali və orta ixtisas məktəblərinə keçirilən qəbul imtahanları zamanı 700 mümkün baldan cəmi 47 bal (?..) toplayır. Buna baxmayaraq o, Azərbaycan Memarlıq və İnşaat Universitetinin mühəndis iqtisadiyyatı fakülltəsinə daxil olur və 2000-ci ildə bakalavr təhsilini “uğurla” başa vurur. Ötən yazılarımızda da qeyd etmişdik ki, bu şəxs həqiqi hərbi xidmətini başa vurduqdan sonra, Masallı RİH-i Aparatının Memarlıq və tikinti şöbəsində böyük mühəndis vəzifəsinə təyin olunur, amma o, bu dövlət qurumunda 2000-2007-ci illər ərzində qapıçı vəzifəsində çalışır. Yəni, media üzərindən apardığımız araşdırmalar zamanı bəlli oldu ki, bu həqiqətən də belə olur.
Elə ki, Tariyel Əkbərov RİH Aparatında daşıdığı vəzifəsindən uzaqlaşdırılır, o halda o, heç bir pedaqoji təcrübəyə malik olmasa da, qısa zaman kəsiyində rayonun Şıxlar kənd 2 nömrəli ümumi orta məktəbinə direktor təyin olunur. 2010-cu ildə isə o, direktor vəzifəsindən birbaşa Masallı RTŞ-nin müdir müavini postuna sahiblənir. Tariyel Əkbərov illərlə mudir müavini vəzifəsini daşısa da, adicə “Dovlət Qulluğuna qəbul” imtahanından keçə bilmir. Daha biabırçı hal 2016-cı ildə baş verir ki, buna da əsas səbəb, məhz həmin ildə bu şəxsin təqribən 220 min sakini olan bir rayonun təhsil şöbəsinə müdir təyin olunması olur. Bu cür göstəriciləri ilə adı dillər əzbəri olan Tariyel Əkbərovun təhsil şöbəsinə rəhbərlik etməsi, əslində Masallı sakinləri üçün böyük bir təhqirdir, utancverici ləkədir.
Əgər bu şəxs adicə Tələbə Qəbulu üzrə Dövlət İmtahan Komissiyasının keçirdiyi test imtahanlarından keçə bilməyibsə və saxta yolla diplom əldə etməyə nail olubsa, buna nə ad vermək olar? Masallı RTŞ-nin müdiri “yarımcan təhsili” və yarıtmaz idarəçiliyi ilə bu rayonun təhsilini Azərbaycan təhsilinin “üzqarası”na çevribsə, deməli Tariyel Əkbərovun “anormal fəaliyyəti” təhsil naziri cənab Emin Əmrullayevin diqqətini daha çox cəlb edəcək. Yəni, bu şəxslə bağlı lazımi cəza tədbirlərinin görülməsi günün tələbinə çevriləcək. Çünki, hal-hazırda primtiv savada malik olan bu şəxsin Masallı təhsilinə rəhbərlik etməsi biabırçılıqdır, utancdır.
Deməli, Azərbaycan Respublikasının Təhsil Naziri cənab Emin Əmrullayev, bu gün Masallının təhsil şöbəsində ciddi yoxlamaların aparılması üçün tabeliyində olan şəxslərə lazımi tapşırığını verməlidir. Yəqin ki, o halda Tariyel Əkbərovun “nataraz idarəçiliyinə” hüquqi müstəvidə hüquqi qiymət vermək mümkün olacaq. Yoxsa, ... Faciə odur ki, bu şəxs Təhsil Nazirliyinin rəhbərliyinə olduqca savadlı, olduqca bacarıqlı şəxs deyə təqdim olunur ki, o, cənab Nazir tərəfindən şöbə müdiri vəzifəsinə təyin olunur. Bəli, belə “savadlı kadrlar”ın varlığının nəticəsidir ki, bu gün Azərbaycan təhsilindəki problemlər aşıb-daşır, gündəlik yeni-yeni problemlər baş qaldırır.
Mövzuya qayıdacağıq, bizi izləyin.
(Mənbə: xeberfakt.az)

Paralel.az

0.016936779022217