Səməd Vurğun parkı “özəlləşdirilib”
İcra strukturlarının əməlləri barədə mətbuatda mütəmadi şəkildə məlumatlar verilir. Bu dəfə xəbər Ağstafadan gəlib.
Məlumata görə, rayonun mərkəzində yerləşən Səməd Vurğun parkında icra başçısının müavini İlqar Hacıyev çayxana tikdirib. Paralel.az reportyor.info-ya istinadla məlumat verir ki, obyekt Əli adlı şəxs tərəfindən idarə olunsa da, onun gerçək sahibi icra başçısı Seymur Orucovun müavini İlqar Hacıyevdir. Xəbərə görə, rayon sakinləri istirahət parkının zəbt edilərək çayxanaya çevrilməsini narazılıqla qarşılayıblar.
Şübhəsiz ki, İ.Hacıyevin bu biznesindən icra başçısı məlumatlıdır. Lakin S.Orucov özü də Gədəbəydə su sexi açdığı kimi, müavininin də Ağstafada çayxana açmasına göz yumub. Məlumatda deyilir ki, İ. Hacıyevin qardaşı da vəzifəli şəxsdir. Belə ki, Vüqar Hacıyev Nəqliyyat Departamentinin Regional İdarə rəisidir. Bundan başqa, həmin parkda bir müddət əvvəl dörd ağac kəsilib və başqa bir tikiliyə yol açılıb. Bu tikili isə Mikayıl Əsədov adlı şəxsə aiddir. M. Əsədov isə Fövqəladə Hallar Nazirliyinin İstintaq İdarəsinin rəisi Elçin Əsədovun qardaşıdır. Məlumata görə, M. Əsədov ağacları kəsdirib və öz obyektinə yol əldə edib. Onun Ağstafada “İS Petrol” yanacaqdoldurma məntəqəsi də fəaliyyət göstərir.
Bu faktlar onu deməyə əsas verir ki, rayonda Səməd Vurğun parkı məmurların, onların yaxınlarının arasında bölüşdürülüb və obyektlərə, çayxanalara qurban verilib.
Qarşı tərəf də məsələylə bağlı öz mövqeyini bildirə bilər.
Paralel.az