Şəmkir olayları...Keçmiş icra başçısı həbsdə, kadrları azadlıqda
Xəbər verildiyi kimi, Şəmkir rayonunun sabiq icra başçısı Alimpaşa Məmmədov Bakı Ağır Cinayət Məhkəməsində dindirilir.
Xatırladaq ki, 26 aprel 2021-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, köməkçisi Mahir Əliyev, Təhsil Şöbəsinin müdiri Qüdrət Əliyev saxlanılıb.
Paralel.az Gundem.mediaya istinadla xəbər verir ki, keçmiş başçı A.Məmmədov Cinayət Məcəlləsinin mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət alma maddələri ilə ittiham edilir. Onun barəsində 28 aprel 2021-ci il tarixində Səbail Rayon Məhkəməsi 4 ayılıq həbs qətimkan tədbiri seçib.
Məlumata görə, DTX Şəmkir Rayon İcra Hakimiyyətində qurumun vəzifəli şəxsləri tərəfindən külli miqdarda dövlət əmlakının ələ keçirilməsi, vətəndaşlara zərər vurulması, qanunsuz əməllərə yol verilməsinə dair məlumatlar əsasında kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirib.
Lakin Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs olunan icra başçısının köməkçisi Mahir Əliyev və Təhsil Şöbəsinin müdiri Qüdrət Əliyev hal-hazırda azadlıqdadırlar. Hətta Qüdrət Əliyev Şəmkir Rayon Təhsil Şöbəsinin müdiri işləyir.
Qeyd edək ki, Q.Əliyev daha əvvəl Şəmkir rayon İcra Hakimiyyətinin başçısı A.Məmmədovun birinci müavini vəzifəsində çalışıb. 14 aprel 2021-ci il tarixdə Şəmkir Rayon Təhsil Şöbəsinin müdiri təyin olunub.
Adı vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət alma maddələri ilə ittiham olunanlar siyahısında olan şəxsin, yəni Şəmkir Rayon Təhsil Şöbəsinin hazırda rəisi işləyən Q.Əliyevin bu postu tutması yolverilməzdir. Bakı Ağır Cinayətlər Məhkəməsində şahid qismində dindirilən Təhsil Şöbəsi müdirinin vətəndaşlara zərər vurulması ilə bağlı qanunsuz əməllərə yol verməsinə dair əsaslı dəlillər əldə olunub. Buna baxmayaraq, Q.Əliyev Şəmkir Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işini davam etdirir. Onun haqqında təhsil naziri Emin Əmrullayev, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev heç bir çəza tədbiri görməyib.
Xatırladaq ki, bundan öncə həbs olunan icra başçıları ilə birlikdə onun müavinləri, təhsil şöbəsinin müdirləri haqqında da cəza tədbirləri görülüb. Ən azından, həbs olunan İcra Hakimiyyəti başçısının kadrları tutduğu vəzifədən uzaqlaşdırılıb.
Paralel.az