Putin - Zelenski müharibəsi

Putin - Zelenski müharibəsi
 


Siyasi təhlil
Deyirlər ən ədalətli müharibədən ən ədalətsiz sülh yaxşıdır. Çünki müharibədə günahsız insanlar – qadınlar, uşaqlar və qocalar qırılır, sülh isə bunun qarşısını alır. Putin – Zelenski müharibəsi isə, bir aydan çoxdur ki, davam edir və günü-gündən şiddətlənir. Hər iki tərəfdən on minlərlə ölən və yaralanan var. Hər hansı sülhün fəlsəfəsi tərəflərin geri çəkilməsini, güzəştlərə getməsini tələb və təklif edir. Putin və Zelenski isə, güzəşt nədir, heç öz iddialarından bir addım da geri çəkilmək də istəmirlər...
Obrazlı desək, Rusiya və Ukrayna prezidentləri (hər ikisi Cahangir adı daşıyır!) qədim pritçada taxta körpünün üstünə çıxan, qarşı-qarşıya qalan həmin tərs keçilərə bənzəyirlər. Bir-birinə yol vermək istəmirlər, hətta buynuzlaşırlar və axırda yıxılıb suya düşürlər. Birbaşa və Türkiyə kimi mötəbər vasitəçilərin təklifləri ilə baş tutan danışıqlar da buna görə nəticə vermir. Tərəflər sadəcə olaraq, maksimalist mövqelərdən çıxış edirlər, onlara sərf etməyən sülh sazişi imzalamaq istəmirlər, ona görə də danışıqları uzatmaq, vaxt qazanmaq niyyətindədirlər.
Rusiya Prezidentinin məqsədi, niyyəti bəllidir və bunu heç gizlətmək də istəmir. Putin SSRİ-ni de-yure olmasa da, de-fakto bərpa etmək və dünyanın üçdən birinə nəzarət etmək niyyətindədir və bu məqsədlə əlindən gələni edir. Artıq Rusiyanın bütün silahlı qüvvələri və təbliğat vasitələri işə düşüb, faktiki olaraq, geriyə yol yoxdur. Geriyə yol ya Putinin istefasından, ya da Rusiyanın dağılmasından keçir. Qərbin (ABŞ və Avropa) də məqsədi budur, onlar nəyin bahasına olursa-olsun, Putini sıradan çıxarmaq, hətta bu məqsədlə Rusiyanı dağıtmaq niyyətini gizlətmirlər. ABŞ Prezidenti Co Bayden açıq deyir ki, bu, Rusiya - Ukrayna qarşıdurması deyil, demokratiya – avtokratiya müharibəsidir və Vladimir Putin getməlidir... Təsəvvür edirsinizmi?!

Yaxşı, bəs Vladimir Zelenski nə deyir, niyə güzəştə getmir, geri çəkilmək və sülh danışıqlarına getmək istəmir. Fərz etmək (təsdiq etmək yox!) mümkündür ki, bunun 3 səbəbi ola bilər:
1. Qərb (ABŞ və Avropa) Zelrenskiyə çoxlu vədlər verib, “Rusiyanın qarşısından çəkilməyin, axıra kimi gedin, biz sizə hər cür kömək edəcəyik” deyib, onu bu qanlı maharibəyə təhrik edib. Indi isə, vədlərinə əməl etmirlər, Ukraynaya maliyyə dəstəyi, Rusiyaya siyasi-iqtisadi sanksiyalarla kifayətlənirlər, hətta Avropa hava məkanını Rusiyanın üzünə bağlamaq istəmirlər. Çıxılmaz vəziyyətdə qalan Zelenski də Qərbə qarşı iddialı çıxış edir, dayanmadan siyasi, iqtisadi və hərbi dəstək tələb edir. Ukraynanın ya NATO-ya, ya da AB-yə dərhal qəbul edilməsində israr edir. Avropa və ABŞ liderləri ilə real və virtual görüşlərində çəkinmir, bu tələblərini birbaşa və açıq deyir. Bir sözlə, Qərbdən vəd edilən köməyi gözləyir və Rusiya ilə danışıqlarda güzəştə getmir.
2. Rusiya ilə müharibənin başlanmasında, 10 minlərlə insanın (hər iki tərəfdən) həlak olmasında və Ukraynanın viran qalmasında Ukrayna lideri Zelenskinin təcrübəsiz və səriştəsiz olması böyük rol oynayıb. Onun prezident seçkilərində rəqibi Pyotr Poroşenkoya dediyi “Mən siyasətçi deyiləm, mən sizin səhvlərinizin nəticəsiyəm” tezisi hələ də yaddaşlardadır. Beləlikə, “siyasətçi olmayan” Zelenski Putinin Krımın ilhaqının qəbul etmək və NATO-dan rəsmi imtina etmək təkliflərinə Qərbin təhriki ilə, birmənalı olaraq, “yox” dedi və qanlı Rusiya – Ukrayna müharibəsinə vəsilə verdi. Hazırda Zelenskinin Qərbə qarşı bu qədər iddialı çıxış etməsi, maddidən hərbiyə qədər, hər cür dəstək istəməsi, Rusiya ilə danışıqlarda güzəştə getməməsi, faktiki olaraq, özünü “ərköyün oğul” kimi aparması da siyasi səriştəsizlikdən və təcrübəsizlikdən irəli gəlir.
3. Vladimir Zelenski dövlət rəhbəri kimi nisbətən gənc (44 yaş) və səriştəsiz siyasətçi olsa da, biznesmen kimi çox təcrübəli və qabiliyyətli adamdır. Qərblə bu cür iddialı danışması, siyasi, iqtisadi və hərbi tələblər irəli sürməsi, sülh danışıqlarını süründürməsi isə, Rusiya – Ukrayna müharibəsi adı altında ölkəyə daha çox maliyyə vəsaiti – 100 milyardlar cəlb etmək niyyətindən irəli gəlir. Bal tutan isə, barmaq yalayar deyirlər. Yeri gəlmişkən, Ukraynanın baş naziri tez-tez bu rəqəmləri səslədirir, hətta müharibədə Ukraynaya trilyonlarla ziyan dəydiyini deyir...
Dostlar, bir daha təkrar edirəm, yuxarıda deyilənlər fərziyyə, yəni versiyalardır. Mümkün versiyalar isə, məlum olduğu kimi, nəzərdən keçirilməlidir, istisna edilməməlidir. Mən bu 3 versiyanın yalnız birincisini dəstəkləyirəm, amma birmənalı təsdiq etmirəm. Sizin fikriniz fərqli və əhatəli ola bilər...
Qalib ARİF

Paralel.az

0.02212381362915