Ramazan orucu Allahın tərbiyə proqramıdır - VII yazı

Ramazan orucu Allahın tərbiyə proqramıdır - VII yazı
 

 

 

Siracəddin Hacı:

Ayə deyir ki, oruc sizə “YAZILDI” (“kutibə”), bu feilə Qurani-Kərimdə bir sıra başqa məsələlərin təqdimdə də yer verilmişdir, məsələn, “qisas-ədalətli qarşılıq sizə yazıldı”, “vəsiyyət etmək sizə yazıldı”. Ayədəki “yazıldı” feili iki anlamı əhatə edir: a) oruc ibadəti çox önəmlidir, bütün ümmətlərə pozulmayacaq biçimdə yazılmışdır; b) “yazıldı”, yəni fərz qılındı, əmr olundu – dini əmrləri yerinə yetirməyə borclu olan (bu mənanın içində həddi-büluğ yaşına çatmaq da var) bir insan fəcrin doğulmasından – dan yerinin aparmağa başlamasından Günəşin batmasınadək olan zaman dilimində yeməkdən, içməkdən, cinsi əlaqədən ibadət niyyəti ilə imtina etməli, orucunun tam olması üçün gözünü, dilini, qulağını haramlardan qorumalı, bütün varlığı ilə oruca köklənməlidir...

2) “... Bəlkə, bu sayədə (yolla) təqvaya qovuşasınız”    

AYƏNİN bu cümləsi oruc əmrinin səbəbini, hikmətini, hədəfini açıqlayır: Allah oruc ibadətini ona görə yazdı ki, siz təqvaya qovuşasınız. “TƏQVA” Qurani-Kərimin ən önəmli anlayışlarından biridir. Bu söz “v-q-yə” kökündəndir. Qurani-Kərimdə eyni kökdən törəyən sözlərin sayı iki yüz əlli səkkizdir, bu mənaları var:

a)    “qorumaq” – “Allah bizə lütf etdi, bizi vücudun içinə işləyən əzabdan qorudu”; (Tur, 52/57)

b)   “qorunmaq” – “Kim nəfsinin xəsisliyindən qorunarsa, məhz onlar qurtaracaqlar”; (Mömin, 40/45; Duha, 44/56; Tur, 52/18)

TƏQVA ilə eyni kökdən olan “müttəqi” sözü də qorunan, təqva sahibi olan anlamlarını daşıyır. Ərəblər “təqva” sözünü Qurani-Kərim nazil olmadan öncə də işlədirdilər, ancaq onlar bu sözə xaricdən gələcək hər hansı bir təhlükəyə qarşı özünü qoruma anlamını verirdilər. Qurani-Kərim “TƏQVA” sözünə yeni anlam yüklədi (Qurani-Kərim mövcud sözlərə - anlayışlara üç ölçü ilə yanaşdı: a) ərəb dilində olan bir sıra sözlərin məna yükünü olduğu kimi saxladı; b) bir sıra sözlərin mənasını islah etdi, məna çevrəsini böyütdü; c) yeni məna yüklədi, məsələn, təqva sözünə mənəvi əzabdan, insanı bu əzaba sürükləyəcək pis işlərdən qorunmaq, təmiz dindarlıq anlamlarını yüklədi.

Böyük alim Məhəmməd Əsəd “TƏQVA” sözünü “məsuliyyət şüurü” kimi tərcümə etmişdir (Muhammed Esed, Kuran mesajı, s.4). O deyir ki, təqva insanın Allah qarşısında məsuliyyət şüurudur, ilahi fitrətin şüurdakı təzahürüdür, fitrətini qoruyan təqvalı olar.

Məsuliyyət şüuru ağıl, iradə, vicdanla bağlıdır, insan ağıllı, iradəli, vicdanlı varlıqdır, ona görə də məsuliyyət daşıyır, Allah əmanəti (məsuliyyəti) insana yükləmişdir. Məsuliyyətin ziddi biganəlikdir, vecinə almamaqdır. Məsuliyyətli olmaq həddini, vəzifəsini, işini, əməlinə görə hesab verəcəyini, zamanın dəyərini bilməkdir. İnsanın məsuliyyəti azad olduğu qədərdir. BİR TOPLUMDA AZADLIQ YOXDURSA, ORADA MƏSULİYYƏT DƏ YOXDUR. Hz.Adəm məsuliyyətli olmağın simvoludur. O, yanlış addım atdı, səhvini anladı, qəbul etdi, tövbəyə yönəldi. Şeytan məsuliyyətsizliyin simvoludur: o, günahını Allahın üzərinə atdı.

Qədərçilik (insandan heç bir şey asılı deyil düşüncəsi) məsuliyyətsizlikdir, insanı dəyərsizləşdirməkdir, Allaha iftiradır, belə ki, O, insanın aqibətini əməyinə (məsuliyyətinə) bağlamışdır. Məsuliyyət insana verilmiş iradə nemətinə sayğıdır, azad seçimdir, seçdiyinin nəticəsini qəbul etməkdir, örnək olmaq, vəzifələri paylaşmaq, bilmədiyin, bacarmadığın işlərdən uzaq durmaq, xeyri əmr edib (təşviq edib), pisliklərdən çəkindirməkdir.

Məsuliyyət şüuru bu ayəyə inanmaqdır: BİR TOPLUM ÖZÜNÜ DƏYİŞDİRMƏDİKCƏ ALLAH DA ONLARI DƏYİŞDİRMƏZ. Məsuliyyət özünü tanımaq, özünə güvənmək, ilahi təyinatını bilməkdir. Biz sadəcə etdiklərimizdən deyil, etmədiklərimizdən də məsuliyyət daşıyırıq. Şəxsiyyət olmaq istəyiriksə:

-  məsuliyyətimizi qavrayacağıq;

-  düşünəcəyik;

-  çalışacağıq;

-  islah edəcəyik;

-  saleh əməllərimiz olacaq;

-  cəhalətdən qurtaracağıq;

Bu həqiqəti bilək ki, tarixdə iz qoymuş, dəyər qazanmış, örnək olmuş insanlar ciddi, məsuliyyətli, çilə çəkmiş insanlardır. Onlar bu dəyərlər uğrunda cihad etmişlər:

-  tövhid – la ilahə illallah – Allahdan başqa ilah yoxdur, yaradan tək, yaradılanlar çoxdur, insana qul olmağı, insanı qul etməyi rədd edirəm;

-  ədalət;

-  elm;

-  şəfqət, mərhəmət;

-  barış;

-  azadlıq;

-  həqiqət;

-  rifah;

TƏQVADA məsuliyyət şüuru ilə birgə əmanətə sədaqət, borcluluq düşüncəsi var: insan hər şeyini Allaha borcludur, bu borcu ödəməyin tək yolu yaradana təslim olmaq, Onun buyurduğu kimi yaşamaqdır. TƏQVANIN kök mənası biri o birisinə zərər verən iki şeyin arasına maneə qoyaraq zərər görəni və zərər verəni qorumaqdır. TƏQVA insanın mənəvi qoruma (immun) sistemidir, çox diqqətli qorunmadır. Qurani-Kərim buyurur ki, təqva libasdır (qoruyur) (Əraf, 7/26), dərin məsuliyyət duyğusudur, qorxmaq deyil, qorunmaqdır, o ən dəyərli azuqədir (Bəqərə, 2/197), təqva fitridir, bütün ibadətlər imanı, iman fitrəti, fitrət də insanı qoruyur, namaz, oruc, infaq... əsgərlərdir.

Ardı var...

Paralel.az

 

0.059640884399414