30 illik biznes həyatından sonra hobbisinə yönələn iş adamı - “Mobitel”in Prezidenti ilə müsahibə

30 illik biznes həyatından sonra hobbisinə yönələn iş adamı - “Mobitel”in Prezidenti ilə müsahibə
 

Biznes həyatı 1989-cu ildə başlayır, fərqli bizneslərdə özünü yoxlayır. 7 il sonra karyerasının ən uğurlu biznesini qurmağa nail olur. 30 ilə yaxın aktiv biznes həyatı olur. 54 yaşında isə biznes həyatında təsisçi kimi qalır, aktiv biznes həyatından uzaqlaşır və hobbisinə yönəlir. Söhbət “Mobitel” kimi tanınan “İnTelKo” şirkətinin həmtəsisçisi və Prezidenti Samir Məmmədovdan gedir.

48 yaşında stend atıcılığı ilə məşğul olmağa başlayan Samir Məmmədov bu gün Stend atıcılığının “Sportinq” növü üzrə milli komandanın baş məşqçisidir. Hətta 62 yaşlı müsahibimiz 60 yaşında motosiklet idarə etmək üçün sürücülük vəsiqəsi alıb.

Valyuta.az-ın müsahibi olan Samir bəylə söhbətimiz elə hobbisinin məkanında - Bakı Atıcılıq Mərkəzində baş tutdu.

Qeyd edək ki, S.Məmmədov 1962-ci ildə Bakı şəhərində anadan olub.

- Samir bəy, valideynləriniz həkim olub. Həkim olmaq kimi istəyiniz olmuşdu?

- Atam 86 yaşında dünyasını dəyişib, 75 yaşına qədər cərrahlıq fəaliyyəti göstərib. Anam 78 yaşında vəfat edib, o isə son gününə qədər aktiv həkim idi. Terapevt üçün əllərin əsməyi problem yaratmırdı. Həkimlik çətin peşədir, gecə-gündüzü yoxdur. Çətinliklərinə rəğmən peşələrini sevən tibb işçiləri olan ailədə böyümüşəm. Valideynlərin hər ikisi həkim olanda istər-istəməz uşaqlardan birinin tibbə yönəlməsini istəyərlər. Bizdə də belə istək olub. Mən də həkim ola bilərdim, valideynlərimdə də istək var idi, amma kimya ilə dost ola bilməməyim məni təbabətdən uzaqlaşdırdı.

- Bəs marağınız hansı istiqamətə idi?

- Fizika, riyaziyyata maraq göstərirdim. Arzum aviasiya mühəndisi olmaq idi. Azərbaycanda o ixtisas üzrə təhsil yox idi, xaricdə - Rusiya və ya Ukraynada təhsil almaq istəyirdim, atam razı olmadı. Dedi ki, getsən, qayıtmayacaqsan (Gülür).

- Bəs seçiminiz nə oldu?

- Azərbaycan Politexnik İnstitutunun (İndiki Azərbaycan Texniki Universiteti) Mexanika fakültəsində maşınqayırma mühəndisliyi üzrə təhsil aldım. 1984-cü ildə institutu bitirdim. 2 il “Eletromaş EMTÜ ETİ”-də (Elektrik Maşınqayırması Texnologiyaları Ümumittifaq Elmi-tədqiqat institutunda) mühəndis-texnoloq işlədim, 1986-cı ildə isə doğma  Politexnik İnstitutunda aspiranturaya qəbul olundum. Aspiranturada oxuduğum müddətdə elə institutda müəllim kimi də işləyirdim. 1989-cu ildə aspirantura təhsilimi başa vurdum.

“O kooperativi 4 nəfər bir yerdə açdıq”

- Elmi istiqamətdə davam etmək fikriniz var idi?

- Texniki elmlər namizədliyi dərəcəsi almaq üçün “Bikvaternionlar Cəbrinin Tətbiqi İlə Fəza Mexanizmlərinin Sintezi” mövzusunda dissertasiya yazmışdım. Dissertasiyamın ilkin müdafiəsi 1990-cı il 20 Yanvara təyin olunmuşdu. Həmin gün qaldı, başqa tarixdə ilkin müdafiəm oldu. Sonra Sovet ittifaqı dağıldı, hər şey qarışdı, mən də elmi fəaliyyətimi dayandırdım.

Aspiranturanın sonuncu ilində 1989-cu ildə yoldaşlarla birlikdə ilk kooperativimizi (O vaxt şirkət yox, kooperativ deyilirdi) qurmuşduq. Ona görə fokusumu qurduğumuz işə verdim. 2005-ci ildə elmi rəhbərim dedi ki, 15 ildir dissertasiyan qalıb, gəl müdafiə et. Həmin vaxt ailədə bəzi hadisələr baş verdi, yenə qaldı. Elmi yöndə getsəydim, davam edərdim. Sırf vizit kartımda “Fəlsəfə Doktoru” yazmaq xatirinə çalışmaq xarakterimə uyğun deyildi.

- Yoldaşlarla bir yerdə qurduğunuz işdən danışaq.

- O kooperativi 4 nəfər bir yerdə açdıq. Elektrik mühərriklərinin təmiri ilə bağlı şirkət idi. Zavodlarda sıradan çıxmış elektrik mühərriklərini təmir edirdik. Özümüz təmir etmirdik, sex qurduq, işçilər götürdük.

- Sex qurmaq, işi formalaşdırmaq üçün, yəqin ki, maliyyə lazım gəlib. İşin qurulma xərcləri 4 nəfər arasında bölündü?

- Yoldaşlardan ikisi maliyyəni yatırdı, ikisi isə işləri gördü. 4 nəfər gücünü birləşdirdi. Yaxın dost idik. Bir az mənim atam köməklik etdi, əsas məbləği isə sinif yoldaşımın atası verdi.

- O biznes nə dərəcədə uğurlu oldu?

- Heç də pis olmadı. Ağır illərdə həyatımızın çox da ağır keçməməsinə səbəb elə o kooperativ oldu. 2 il ərzində işlərimiz irəlilədi, əlimizdə maliyyə yarandı və biz o kooperativin bir şöbəsini də açdıq. İnstitutda bərabər oxuduğum gürcüstanlı dostum var idi, artıq Bakıya köçmüşdü. O və başqa bir gürcüstanlı dostu bizə qoşuldu, 6 ortaq olduq, bir yerdə ikinci sexi açdıq, ayaqqabı istehsal etməyə başladıq.

- Niyə ayaqqabı istehsalına başladınız?

- O vaxt Çin məhsulları yox idi, hər kəs ucuz ayaqqabı istəyirdi. Biz də ucuz ayaqqabı istehsal etməyə başladıq. Çox populyar olduq, yaxşı da satılırdı. Sonra xaricdən daha ucuz ayaqqabılar gəlməyə başladı, yerli istehsal onlarla rəqabət apara bilmədi və dayandıq. Çindən ucuz elektrik motorları gəlməyə başlayanda o biri seximiz də dayandı.

- Başqa bizneslərə yönəldiniz?

- Sexdə qazandıqca ortağım olan sinif yoldaşımla özümüzü başqa işlərdə də yoxlayırdıq. Bir müddət idxal-ixrac işində çox aktiv olduq. Braziliyadan məhsul alıb Rusiyada satırdıq. Xaricdən Azərbaycana məhsul idxal edirdik. “Mobitel” yaranmamışdan öncəki dövrdə idxal-ixracda aktiv olsaq da, daha çox maliyyə əməliyyatları işinə yönəlmişdik.

“Mobitel”ə böyük pul yatırmadıq”

- Bəs “Mobitel”in yaranması necə oldu?

- 4-5 nəfər ortaqla qurduğumuz ofisimiz var idi, qeyd etdiyim istiqamətdə işlərimizi görürdük. Kiçik şirkət olsaq da, 90-cı illərdə iş dünyasında aktiv idik, bir yerdə dayanmırdıq. 1993-cü ildə bizə bir dəfə işlənən şpris və əlcək fabrikinin tikilməsi ilə bağlı müraciət olmuşdu. Bunun üçün türkiyəli partnyorlar tapmalı idik. Türkiyənin “Eximbank”ı fabrikin tikintisi üçün kredit ayırmalı idi.

Türkiyədən partnyorlar tapdıq, amma axırda kredit ayrılmadı deyə, o iş qaldı. Türkiyəli iş adamları ilə dostluğumuz yarandı. 1995-cı ildə onlardan biri mənə zəng etdi ki, Azərbaycanda GSM tenderi elan olunub, “Türkcell”dən adamlar gələcək, onlara bacardığın qədər köməklik et. Layihə rəhbəri gəldi, 7-8 ay bizim ofisdə işlədi. “Azercell”in tender təklifi bizim ofisdə hazırlanıb. Bir nəfər layihə rəhbəri, bir də bizim komanda onun üzərində işlədik. Azərbaycanda ilk GSM tenderini “Türkcell” qazandı. Azərbaycanda qurulan şirkətin adı “Azercell” oldu. “Azercell”lə tərəfdaşlığımız “Azercell” açılandan 9 ay əvvəl başlayıb (Gülür). O dövrdə Azərbaycanda telekommunikasiya sahəsi genişləndiyi üçün düşündük ki, mobil rabitəyə tələbat artacaq, ona görə də “Azercell” açılmamışdan bir ay əvvəl artıq “Mobitel”i qurduq. “Mobitel” açılandan digər idxal-ixrac fəaliyyətimizi dayandırdıq və bu işə fokuslandıq.

- “Mobitel”də neçə ortaq idiniz?

- Başlayanda 8 ortaq idik. 5 azərbaycanlı, 3 türk. 2003-cü ildə şirkətin strukturu dəyişdi və qardaşım Seymurla mən qaldıq, digər ortaqlar isə uzaqlaşdı. Dostcasına ayrıldıq. Sonra iki nəfər də Azərbaycandan ortaq qoşuldu. Yeni ortaqların sayəsində işimiz daha da uğurlu oldu.

- “Mobitel”in qurulmasına nə qədər maliyyə yatırılmışdı?

- 4 nəfərə 100 min dollara yaxın investisiya etdik. “Mobitel”ə böyük pul yatırmadıq. Biz ilk olaraq ancaq “Ericsson” telefonlarının ticarəti ilə məşğul idik. “Azercell” dileri olan şirkət idik, ona görə, telefonu ödənişsiz bizə verirdilər, satdıqca pulunu ödəyirdik. 

- O zamana qədər ən uğurlu biznesiniz o oldu?

- Bizim ən böyük müvəffəqiyyətlərimizdən biri “Mobitel” olub. 1998-ci ildə dünyanın aparıcı şirkətlərindən olan “Nokia” markasının distribütoru olduq.

- Necə oldu ki, siz “Nokia kimi şirkətin distribütoru oldunuz?

- Əslində, o distribütorluğu mənə məcbur veriblər (Gülür). Biz ilk vaxtlar yalnız “Ericsson”la çalışırdıq. Onların Azərbaycanda bir distribütoru var idi, biz ikinci distribütorluğu almağı gözləyirdik. Sonra elə oldu ki, ikinci distribütorluq istəmədilər. Biz də Dubaydan hər növ telefonlar idxal etməyə başladıq. Bir gün dükanda oturmuşdum, iki nəfər gəldi, biri rus, biri fin. “Nokia”nı təmsil etdiklərini dedilər və distribütorluq təklif etdilər. Təkliflərinə baxdım, razılaşmadım. Dedim Dubaydan daha ucuz alıram (Gülür). 2-3 ay keçdi, yenə gəldilər, dedilər ki, distribütorluğu sizə vermək istəyirik. Dedim kreditə verin, mən öncədən pul ödəməyəcəm. Razılaşdılar. Əvvəl 50 min dollarlıq məhsul göndərdilər. Ən pik nöqtədə heç bir zəmanətsiz 6 milyon dollara qədər məhsul göndərirdilər.

“1,8 milyon manat vergi ödəyirdik”

- “Mobitel”in yaxşı dövrlərindən - “Bəs sizin telefonunuz “Mobitel”dəndirmi?” zamanından danışaq. Şirkət hansı səviyyəyə gəlmişdi?

- 1996-cı ildə başladıq, 1998-99-ci illər də yaxşı idi, amma ən yaxşı illər 2006-2008-ci illəri deyərdim. “Mobitel”in yaxşı dövrlərində ildə 1,8 milyon manat vergi ödəyirdik. 2008-ci ildə dünyada böhran oldu, onu da adlaya bildik. 2011-2013-cü illər də yaxşı oldu, yenidən 2014-2015-də böhran oldu. Ondan sonra bazar tamamilə dəyişdi. Bu gün də “Mobitel” işləyir, amma çox kiçildi.

- Bu gün “Mobitel” hansı işi görür?

- Biz əsasən topdan satışa yönəlik şirkət idik. O vaxt özümüz idarə etdiyimiz cəmi 2 mağazamız var idi. 2-3 isə françayzinq mağazamız var idi. Sonra mağazaları bağladıq. Bəlkə də, bu yanaşmamız səhv idi. O vaxt bizimlə paralel gedən “World Telecom”, “Abc” (Kontakt Home), “Integral” və s. kimi şirkətlər rəqəmsal məhsullar satışına da keçdilər. Biz başa düşdük ki, pərakəndə işini yaxşı bacarmırıq. 

Bu gün də “Mobitel” ancaq mobil telefonların topdan satışı işindədir. Yenə də “Nokia” distribütorluğumuz davam edir, başqa iki şirkətin distribütorluğu da əlavə edilib.

- İndi telefon modelləri çoxdur və hamı yeni telefon almaq istəyir. Bəs o zaman satış necə idi?

- İndi hamı telefon almaq istəyirsə, hamı da satmaq istəyir. Bazarda telefon satan həddindən artıq çoxdur. O vaxt rəqabət bu qədər deyildi. Sözsüz ki, biznesin marjinallığı da daha yüksək idi. Elə pozisiyalar var idi ki, 100 faiz qazanc edirdi, indi telefon satışında qazanc 6-7 faizi keçmir. O vaxt yeni olduğundan, çox maraqlı sektor idi.

- Bütün bizneslərdə ortağınız olub?

- Bəli, mən o qədər ürəkli və igid adam deyiləm ki, düşmənin üstünə tək gedim (Gülür). Sən indi qazandığın pulu 8 yerə bölməyin narahatlığını yaşayırsan, bəs problem olanda, onu 8 yerə bölməyin rahatlığına nə deyirsən? Təkbaşına irəliləmək çox çətindir. Azərbaycandakı ortaqlarımdan satqınlıq, etibarsızlıq görməmişəm. Heç birindən küsülü, davalı ayrılmamışam. Hamısı ilə dostam. Ortaqlıqla bağlı bir uğursuz təcrübəm olub. “Nokia”nın distribütorluğunu Qazaxıstanda da almışdıq. Orda ortağımla bağlı problem yaşadıq. O ortağı özüm seçməmişdim.

- Yaxşı insan tanıyansınız ki, ortaq seçiminiz uğurlu olur?

- Sadəcə bəxtim gətirib. İnsan tanımağa qalsa, sona qədər insanı tanıya bilməzsən. Bir dostum var, deyir ki, pulun temperaturu çox yüksəkdir, hər adam ona davam gətirə bilmir. Sayıqlamağa başlayır, qızdırması artır. Həqiqətən, elədir. Ona görə bəxt məsələsi var. O insanlarla yola çıxırsan, iş uğurlu olsa, böyük pullar gələndə, onun özünü necə aparacağı bəlli deyil. 

“Deyəcəklər ki, uşaqları biznesmendir, analarının işlətdiyi telefona bax”

- İş həyatında uğurlu olmaq nələrdən asılıdır?

- Həmişə uğurlu olmalıyıq – deyə bir şey yoxdur. Qazaxıstanda, Rusiyada biznes cəhdlərimiz oldu, uğursuz oldu. Yəni iş həyatımda uğurlarım da olub, sıfıra da düşmüşəm, yenə qalxmışam. İnsan həmişə şükürlü olmalıdır. Ümumilikdə isə, mən təhsilin, savadın fanatıyam. Mənə elə gəlir ki, insan həyatı boyu öyrənməyə davam etməlidir. Amma onun yanında şansın, bəxtin də böyük rolu var. O şans, bəlkə də, həyatda hər kəsin qarşısına çıxır. O şansı görüb dəyərləndirmək lazımdır. 

- Davamlı öyrənmək yanaşmasını valideynlərinizdə görmüsünüz?

- Yəqin ki, valideynlərimdən gəlmədir. Anam həyatdan ayrılanda 78 yaşı var idi, amma smartfon işlədirdi, sahəsi ilə bağlı yenilikləri izləyirdi. Bununla bağlı bir maraqlı tarixçəmiz də var. Deməli, anamın yaşlı vaxtı idi, qardaşımla birlikdə anama telefon aldıq. Dedi ki, bu nədir, özünüz smartfon işlədirsiniz, mənə düyməli telefon almısınız. Sonra deyəcəklər ki, uşaqları biznesmendir, analarının işlətdiyi telefona bax (Gülür). Anamın reaksiyası xoşumuza gəldi və ona smartfon aldıq. Sonra planşet də aldıq. O onunla sahəsi ilə bağlı, ən yaşlı vaxtında belə, davamlı olaraq məlumat alırdı.

- İlk işinizi quranda valideyn maliyyə cəhətdən müəyyən qədər dəstək göstərib. Sonra valideyndən hər hansı dəstək olub?

- Həyatları boyunca valideynlərim qardaşıma da, mənə də dəstək olublar. Maliyyə dəstəyi olmasa da, mənəvi dəstəkləri olub. Atam hər zaman deyirdi ki, oğlum, səbirli ol. Deyirdim ki, həyat gedir, çox səbirlə nə isə etmək olmur. Deyirdi ki, 80 yaşım var, yenə də səbrliyəm.

“60 yaşımda motosiklet sürmək vəsiqəsi almışam”

- Əvvəllər iş dünyasında çox aktiv olmusunuz, bu gün isə daha çox hobbinizə yönəlmisiniz...

- Ortaqlarımdan biri 24 saat bizneslə məşğul olmağa hazırdır. Mən elə deyiləm. Həyat prinsipim belədir ki, insan yaşamaq üçün işləyir. Çalışmalı, qazanmalısan, amma həyat rəngarəngdir, başqa gözəllikləri də var. Mən hobbi yönümlü adamam. Həyatımın müxtəlif vaxtlarında fərqli hobbilərim olub. Gənc yaşlarımda ox atıcılığı ilə məşğul olmuşam. Son illərdə foto və boulinqlə məşğul olmuşam. 48 yaşımda stend atıcılığına maraq göstərmişəm, 60 yaşımda motosiklet sürmək vəsiqəsi almışam.

- Nə vaxta qədər “Mobitel”də oturdunuz?

- “Mobitel” kiçiləndə bəzi ofisləri satırdılar. Bir otağı mən şəxsi ofisim kimi aldım. Dedim ki, orda başlamışam, orda da öləcəm (Gülür). Ancaq işlərə qarışmıram, oğlum idarə edir. Təxminən 54 yaşımda idarəçiliyi ona verdim.

- Oğlunuzun bu sektorda təcrübəsi var idi?

- Oğlum Türkiyədə marketinq üzrə təhsil aldı, sonra şirkətimizdə bir neçə il marketinqə işlədi. Qızım da maliyyə üzrə təhsil aldı, bir müddət o da bizdə işlədi, amma indi ailəsi ilə Dubayda yaşayır. Oğlum bizdə davam etdi, müəyyən təcrübə yığandan sonra ortaqlar da gördülər ki, performansı var və idarəçilik ona həvalə edildi. Bu tək mənim qərarım ola bilməzdi.

- Hobbinizdən danışaq. Niyə stend atıcılığı və “Sportinq” növü?

- Uşaqlıqdan atışa həvəsim olub, amma 13 yaşımdan eynək taxdığım üçün gözümə görə güllə atıcılığına götürmədilər. 9-cu sinifdə oxuyanda oxçuluğa getdim, onunla məşğul oldum. Kiyevə səfərimdə Ukraynada yaşayan bir dostum məni də stendə apardı və mənim üçün yeni dünya açıldı. Sonra o dostum Bakıya köçəndə dedi ki, gedək Bakıda da yoxlayaq. Bakıda stend atıcılığının olduğunu bilmirdim. O qədər xoşuma gəldi ki, həmin gün tüfəng aldım. 48 yaşım var idi. 4 il sonra, 2014-cü ildə Azərbaycan çempionu və idman ustası oldum. 2016-cı ildə Azərbaycan Kubokunun sahibi oldum. Keçən il Azərbaycan çempionatında 2-ci yeri tutmuşam.

- Digər hobbiləriniz bu qədər çəkməyib. 14 ildir artıq bununla məşğulsunuz...

- Bu idman növünün mənfi tərəfi odur ki, Sportinq olimpiya növü deyil, hobbi idman növünə aiddir. Ancaq çox zövqvericidir. Bu idmanın Azərbaycana gəlməsi və populyarlaşmasında 2 nəfərin çox böyük rolu olub. Biri Sumqayıtın Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Rauf Sadıxovdur. Digəri isə Atıcılıq Mərkəzinin əvvəlki müdiri və Atıcılıq Federasiyasının sabiq Vitse Prezidenti Rasim Rzayevdir. 2007-2008-ci ildə bu idman növünü Azərbaycana onlar gətiriblər. Rauf Sadıxov bu gün komandamızın ağsaqqallı və dəyişməz kapitanıdır. Zamanla sıralarımız genişlənir. Bura əsasən ovçuluğa meyilli insanlar gəlir. Bura gələn ovçular sonra ova az gedirlər. Quşlar sağ qalır, ekologiyaya da xeyiri var. Ovçular ovun verdiyi adrenalini burada ala bilirlər. Son 2 ildə Federasiyanın yeni rəhbərliyinin əməyi nəticəsində, ölkəmizdə atıcılığın inkişafına güclü təkan verilib. İrəlidə bizi mütləq olaraq yeni nailiyyətlər gözləyir. Sadəcə olaraq bir az səbirli olmalıyıq.

“Geyimdə heç vaxt dəb arxasınca qaçmamışam”

- İş və hobbi həyatını müqayisə etsək, hansı daha yaxşıdır?

- Bir faktordan başqa hobbi həyatı daha maraqlıdır.

- O faktor hansıdır?

- Maliyyə (Gülür). Orda qazanmalısan ki, burda xərcləyəsən. Çünki, bu hobbi kifayət qədər maliyyə tələb edir.

- Bu hobbi ilə məşğul olmaq istəyi neçəyə başa gələcək?

- Həftədə bir dəfə gələndə ortalama 100 hədəf atılır. Bu 60-65 manat edir. Patron hissəsinin xərci isə 70 manata yaxın olacaq. Bir dəfə gəlməyə 130 manat çıxır. Yeni başlayanda məşqçi xərcin də olur. Yüksək nailiyyətlər əldə etmək üçün isə daha intensiv məşq və daha çox maliyyə tələb olunur. 

- Samir bəy, kasıb ailədə böyüməmisiniz, ancaq biznes dünyasında daha böyük pullar görmüsünüz. Pulun sizi dəyişdiyini hiss etdiyiniz olub?

- Düzdür, çətinlik çəkməyən ailədə böyümüşəm, amma bu heç də lüks həyatımız olması demək deyildi. Həkimlərin maaşı heç zaman yüksək olmayıb. Rayondan çox xəstə gəlirdi. Hinduşka, balıq, pendir və s. nələrsə gətirirdilər. Bizim ailədə ilk avtomobil 1988-ci ildə olub.

Biznes dünyasında qazanmağa başlayandan imkan da artmağa başladı. Mənə elə gəlir ki, qazandığımız dövrdə nə qardaşım, nə də mən yolumuzu azmamışıq. Valideynlərim hər zaman mənə deyiblər ki, çaşmayasan, oğlum.

Sadəcə imkanlarımın artdığı ilk dövrlər daha yaxşı avtomobil aldım, daha çox səfər etdim. Amma geyimdə heç vaxt dəb arxasınca qaçmamışam.

- Hazırda biznes dünyasında aktiv olmasanız da, ortaqlığınız var. Hansı bizneslərdə ortaqsınız?

- Ortaq olduğum 2 biznes var. Biri “Simbrella”dır, biri də “Mobitel”. O bizneslərdən gələn vəsaitlər hobbimlə məşğul olmağa kömək edir (Gülür).

- Hər iki biznesdə qardaşınız Seymur bəylə ortaqsınız. Qardaşla ortaq olmaq necədir?

- Super. Ortaqlıq və qardaşlıqdan başqa biz həm də möhkəm dostuq. Yəqin ki, bu, ailədən gəlmədir. Atamgil 4 qardaş 1 bacı olub. Anam həmişə deyərdi ki, onların dostluğundan, möhkəm münasibətlərindən nümunə götürün. Mənim üçün çox rahatdır, mənə elə gəlir ki, Seymur üçün də xoşdur.

- 62 yaşınız var, amma kənardan o yaşı vermək mümkün deyil. Gənc qalma səbəbiniz nədir?

- Bir tanış həkim var, deyir ki, mən 100 faiz əminəm ki, insanın həyat tərzi görünüşünə təsir edir. Xüsusilə kişilər üçün adrenalin verən idman növləri vacibdir. Gənc saxlayır. Düzdür, yaş gedir, amma görünüş olaraq yaxşı qalırsan (Gülür).

 

0.022011041641235