“Azərsu” da böyük pullar uğrunda mübarizə gedir...

“Azərsu” da böyük pullar uğrunda mübarizə gedir...
 

“Azərsu” Açıq Səhmdar Cəmiyyətində uzun müddətdir müxtəlif qruplaşmaların apardığı gizlin mübarizələr barədə dövrü mətbuata sızan məlumatlar təkzib olunmamış qalır. Baxmayaraq ki, artıq səhmdar cəmiyyətdəki ən böyük qruplaşmanın,”cəbrayıl klanının” başçısı, 2011-ci ildən quruma sədrlik etmiş Qorxmaz Hüseynov tutduğu vəzifədən ötən il kənarlaşdırıldı, amma bu gün də ətafında dolaşan söz-söhbətlər bitmir. Onun həbs olunacağı barədə vaxtaşırı xəbərlər yayılır.

Ölkədə suyun qiymətinin aşağı olmasına baxmayaraq “Azərsu” da böyük pullar uğrunda mübarizə bu gün də davam edir. Son illər istər paytaxtda, istərsə də respublikanın iri şəhər və rayon mərkəzlərində əhalinin içməli suya olan tələbatının yaxşılaşdırılması, kanalizasiya sistemlərinin yenidən qurulması məqsədi ilə milyardlarla vəsait ayrılıb.  Amma hamının da gördüyü kimi respublikanın şəhər və rayonlarında sözügedən problemlər hələ də qalmaqdadır. Yəni külli miqdarda vəsait ayrılıb, işlər isə çox səthi görülüb. Biz hələ buraya sayğaclaşdırma proseslərində müxtəlif yollarla silinən milyonlarla manat dövlət vəsaitlərini əlavə etmirik. Bütün bunlar hamının bildiyi və gördüyü ümumi mənzərədir. Bəs reallıqlar nələr deyir?

Paralel.az xəbər verir ki, Aktualinfo.org “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin ötən həftə yekunlaşdırdığı bir tender proseduru ətrafında araşdırma aparıb. Sözügedən tender prosedurunda yol verilən bir sıra qaranlıq məqamları diqqətinizə çatdırırıq.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumat  görə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti kompüter avadanlıqlarının satın alınması üzrə keçirmiş olduğu açıq tenderdə “MUĞAN TİCARƏT TƏCHİZAT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 11.03.2022-ci il tarixdə 410 592.56 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Tenderin şərtlər toplusunda “Azərsu” ASC yuxarıda göstərdiyimiz məbləğə 210 ədəd (LED/ 21 inch FHD) monitor, 200 ədəd (Intel Core i3 min.10th Generation 4.3 GHz/ 8GB (1x8GB) DDR4 2666 /1TB Hard Drive/ DVD Writer/ 256GB M.2 2280 PCIe NVMe SSD/ RJ-45 port 10/100/1000 Mbps (rear)/ DISCRETE GRAPHIC CARD: 2GB 1290~1544 Mhz/ power supply 180W /Windows 10 Pro 64 Eng/ 3 year warranty / kbd / mouseUSB) personal kompüter, 10 ədəd personal kompüter, 20 ədəd monitor, 3 ədəd personal kompüter, 15 ədəd ( 15.6 İPS FHD (1920×1080),IPS, Anti-glare/ Intel Core i5 min.10th Generation/ 8GB DDR4 (1x8GB) 2400MHz / 1TB Hard Drive/ 256GB SSD,M.2 NVMe SSD / Gigabit lan/ bluetooth/ Wi-fi/ USB 3.0, 3.1, Type c/ HDMI/ Windows 10 Pro 64 Eng/ 3 year warranty) notebook, 4 ədəd proyektor, 2 ədəd notebook, yəni ümumi olaraq 213 ədəd personal kompüterin, 230 ədəd monitorun, 17 ədəd notebookun və 4 ədəd proyektorun satınalmasına 400 min manatdan çox vəsait xərcləyir.

Şərtlər toplusundakı məlumatlardan da görsəndiyi alınacaq kompüter avadanlıqlarının və monitorların konkret markası göstərilməyib. Bu isə o deməkdir ki, kompüter dəsti yığma olacaq. Komputer avadanlaqları üzrə mütəxəsisdən aldığımız məlumata görə 10-cu nəsil olmasına baxmayaraq köhnə, güclü yaddaşa malik olmayan kompüterlərdir. İnda gəlin Azərbaycanın kompüter bazarında Intel Core i3 (hazırda Intel Core i5 və Intel Core i7 daha çox üstünlük verilir) prosestora malik personal kompüterlərin qiymətlərinə baxaq. Komputer avadanlaqları üzrə mütəxəsisin dediyinə görə bu tip təzə personal kompüterlərin birini 700 manata almaq mümkündür. Topdan isə bunu daha ucuz əldə etmək olar. Biz təxmini olaraq monitorla birgə 213 ədəd personal kompüterin birini 1000 manata alaq. Bu 213 min manat edir. Markası göstərilməyən 17 ədəd Intel Core i5 notebookun və 4 ədəd proyektorun ümumi qiymətini orta hesabla 2000-2500 manat götürdükdə bu 40-50 min manat edir. Bəs yerdə qalan pullar? Ortada ən azı 150 min manat yox olur. Bəs bu pullar indi hara gedir və yaxud kimə gedir?

Aparılan araşdırmalar zamanı “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə “Muğan Ticarət Təchizat”  Məhdud Məsuliyyətli Cəmiyyəti arasında belə bir işbirliyinin ilk dəfə olmadığı üzə çıxdı. Belə ki, “Azərsu” ASC-nin daxili vəsaiti hesabına “Müştəri İnformasiya Sistemi”nin verilənlər bazasının “Oracle” idarəetmə proqram təminatının 2(iki) sayda nüvəsi üçün lisenziyaların satın alınması üzrə keçirdiyi açıq tenderdə də “Muğan Ticarət Təchizat”  MMC qalib olub və 06.01.2022-ci il tarixdə 283 642.5 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı elan edilib.

Azərsu” ASC-nin daxili vəsaiti hesabına qaynar xəttə daxil olan zənglərin idarə olunması üçün proqram təminatının satın alınması üzrə keçirdiyi kotirovkada da “Muğan Ticarət Təchizat”  MMC qalib olub və 01.10.2021-ci il tarixdə 9900 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı elan edilib.

Proqram təminatına dair lisenziyaların satın alınması üzrə keçirdiyi açıq tenderdə də “Muğan Ticarət Təchizat”  MMC qalib olub və 31.05.2020-ci il tarixdə 282 551 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı elan edilib.

Kartriclərin satın alınması üzrə keçirdiyi açıq tenderdə də “Muğan Ticarət Təchizat”  MMC qalib olub və 31.05.2020-ci il tarixdə 421 553.14 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı elan edilib.

Bunlar isə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin 31.05.2020-ci il tarixdən 11.03.2022-ci il tarixə, yəni iki ilə yaxın bir müddət ərzində “Muğan Ticarət Təchizat”  MMC ilə 1 408 239 manat məbləğində satınalma müqavilələrinin bağlanılması deməkdir.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin daimi müştərisinə çevrilmiş “Muğan Ticarət Təchizat”  MMC əslində nə işlə məşğuldur və kimə məxsusdur?

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MUĞAN TİCARƏT TƏCHİZAT” Məhdud Məsuliyyətli Cəmiyyətinin  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 03.09.2007-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ SURAXANI RAYONU, Q YAŞAYIŞ SAHƏSİ ( YENİ GÜNƏŞLİ QƏS.), ev 22, m. 20, qanuni təmsilçisinin isə Məmmədov Əli İman oğlu olduğu göstərilir.

İnternet resursları üzərindəki açıq mənbələrdə “Muğan Ticarət Təchizat”  MMC-nin barəsində heç bir məlumat yoxdur. MMC-nin fəaliyyət sferası, maddi texniki bazası müəmma olaraq qalır. Kompüter avadanlıqlarının ən vacib bir iş aləti kimi bütün evlərə daxil olduğu bir zamanda kompüter avadanlıqlarının alqı-satqısı ilə məşgul olan bir MMC-nin ən azından kiçik bir veb səhifəsinin olmaması gülünc deyilmi?

Daha gülüncü isə başqadır. MMC-nin 2007-ci ildən dövlət qeydiyyatına alınmasına baxmayaraq 2019-cu ildə ilk tenderlərə qoşulub. MMC 04.03.2019-cu ildə “AZƏRMARKA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə kəlağayıların satınalması üzrə 28 497 manat məbləğində, 15.04.2019-cu il tarixdə isə “AZ-EVRO TEL” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə SFP və muftaların satınalması üzrə 49 537.13 manat bəbləğində müqavilələr bağlayıb. Təsəvvür edirsiniz, kəlağayı hara, SFP və muftalar hara, kompüter avadanlığı və proqram təminatı hara?

Göründüyü kimi, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin 410 592.56 manat məbləğində satınalma müqaviləsi bağladığı “Muğan Ticarət Təchizat”  MMC heç də kompüter avadanlıqlarının alqı-satqısı və proqram təminatı üzrə ixtisaslaşmış bir şirkət deyil. Ayrılan vəsaitlə kompüter avadanlıqlarının real qiymətləri arasında olan fərqi də gördünüz. Bunu mütəxəsislər hesablasa daha yaxşı görsənər. Bütün bunlar “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin hələ də talandığına işarə deyilmi?

(Mənbə: Aktualinfo.org)

Paralel.az

0.01941990852356