Hakim “ədalət”i...
Ana niyə övladlarından ayrı düşüb?

Hakim “ədalət”i...Ana niyə övladlarından ayrı düşüb?
 



Ölkə vətəndaşlarının üzləşdiyi problemlər barədə mətbuatda zaman-zaman materiallar dərc edilir. Bu dəfə mətbuat Gəncə şəhər, Kəpəz rayon Məhkəməsinə diqqəti çəkib. Paralel.az Gündem.media-ya istinadla həmin materialı təqdim edir.
Materialda qeyd edilir ki, məhkəmənin hakimi Həşimov Yaşar Xanoğlan oğlu 2018-ci ildə bir ailənin taleyi ilə bağlı hökm çıxarıb. Nəticədə hakim bu səhv qərara görə cəzalanmayıb, əksinə üzərindən bir il keçəndən sonra Füzuli rayonuna hakim təyin olunub. O, Gəncənin Kəpəz rayonunun hakimi işləyərkən İlham və Sevinc Alışovların boşanma ilə əlaqədar müraciətinə baxıb. Çıxardığı qərarla ailənin 4 övladını atanın himayəsinə verib. Həmin vaxt uşaqlardan ikisi Alışov Qəzənfər və Alışova Aynur cəmi 4 yaşında olub.
Azərbaycan Ali Məhkəməsi Mülki Kollegiyasının 09.08.2021-ci il tarixində çıxardığı hökmdə açıq şəkildə ilk intansiya məhkəməsinin qərarının heç bir hüquqi əsasa söykənmədiyi bildirilir. Qeyd olunur ki, hökm çıxararkən ilk növbədə nəzərə alınmalı idi ki, uşaqlar ana nəvazişi və qulluğu tələb edən yaşdadırlar: “İşin bu halı işin düzgün nəticələnməsində həlledici əhəmiyyət kəsb edir və başqa istisnalar olmadığı təqdirdə uşaqların anasının yanında qalmasını şərtləndirir”, - Ali Məhkəmənin Mülki Kollegiyasının qərarında belə deyilir. Qərarda həmçinin vurğulanır ki, qanunvericiliyə əsasən, boşanma zamanı azyaşlı (10 yaşını tamamlamamış) uşaqlar heç bir istisna hallar mövcud olmadığı təqdirdə ananın himayəsinə verilməlidir.
Uşaqların valideynlərdən hansının yanında qalması Azərbaycanın qoşulduğu beynəlxalq hüquq normaları ilə tənzimlənir. Məhkəmələrin istinad etdiyi əsas hüquq norması isə BMT Baş Məclisinin 1386 (XIV) nömrəli, 1959-cu il 20 noyabr tarixli qətnaməsidir. Bu qətnamə ilə qəbul olunmuş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə, azyaşlı uşaq müstəsna hallar olmasa, anasından alına bilməz: “Burada müstəsna hallar dedikdə, ananın uşağın tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından məhrum olmasına dəlalət edən hallar başa düşülür. Məsələn, ananın psixi xəstəliyi, narkomaniya, alkoqolizm və ağır xəstəlikdən əziyyət çəkməsi, uşaqla qəddar rəftara yol verməsi, ona qarşı psixi və fiziki zor tətbiq etməsi, valideynlik hüquqlarından sui-istifadə etməsi və s”.
Haqqında söhbət gedən halda isə valideynlərin hər birinin əxlaqi və digər keyfiyyətlərinin bir-birindən ustün cəhətləri muəyyən olunmayıb: “Ananın davranışlarında, həyat tərzində və maddi-məişət şəraitində uşağın normal mənəvi-əxlaqi və fiziki inkişatına mənfi təsir edən hal müəyyən olunmur. İddiaçının uşaqlarından uzaq qalması onun iradəsinin ziddinə olub. Lakin bir ana kimi o daim azyaşlları ila maraqlanmağa, onlara qayğı göstərməyə cəhd edib. Bu hallar ona dəlalət edir ki, ana uşaqlara bağlıdır və onların qayğısını çəkməyə hazırdır.
İlham Alışovun da uşağın normal inkişafı üçün maddi məişət şəraiti yaratmaq imkanı var. Lakin hər bir halda uşaqlara əvəzolunmaz ana qayğısı və qulluğuna olan ehtiyacını nəzərə alaraq uşaqların anasına verilməsinə üstünlük verilir”.

Hakim Həşimov Yaşarın hansı məntiqlə uşaqları atanın himayəsinə verməsi ciddi sual doğurur. Yəni onun Gəncə rayonunda “Nurçin MMC” adlı kolbasa zavodunun olması, dolayısıyla uşaqlara daha yaxşı hədiyyə ala, onların otaqlarını bahalı mebellərlə bəzəyə bilməsi ehtimalı gündəmə gəlir. Ali Məhkəmə isə bu məntiqi əsassız sayaraq qətnaməsində bildirir: “Ailənin son iki uşağının iddiaçının himayəsinə verilməsinə heç bir huquqi əsas yoxdur”. Amma nədənsə Ali Məhkəmə heç bir hüquqi əsas sayıla bilməyən mülahizəyə istinad edilməsinin hansı zərurətdən doğduğuna aydınlıq gətirmir. Halbuki, tərəflərdən birinin pulunun çoxluğu məhkəmə hökmünün qanunsuz çıxarılmasına təsir edibsə, burada mütləq bir səbəb axtarılmalı idi.
Hakimin imzaladığı ədalətsiz hökmün nəticələrini dəyişdirmək bugünədək uşaqların anasına müyəssər olmayıb. Baxmayaraq ki, həm Gəncə rayon Apellyasiya Məhkəməsi, həm də Ali Məhkəmənin Mülki Kollegiyası hakimin verdiyi qərarı qanunsuz sayıb və uşaqların anaya təhvil verilməsini vacib hesab edib.
Uşaqların anası Sevinc xanımın redaksiyamıza bildirdiyinə görə, dəfələrlə şikayətlərinə baxmayaraq, Gəncə Şəhər İcra Şöbəsi 7 ayda cəmi bir neçə dəfə onu öz övladları ilə görüşdürüb. Görüşlər İcra Şöbəsinin otağında keçirilib. Hər görüş 10 dəqiqədən artıq çəkməyib. Bütün görüşlərdə bir qayda olaraq uşaqların atası, böyük qardaş və bacısı qapının ağzında gözləyib. Hətta ata arada içəri keçib uşaqların davranışlarına da nəzarət edib. Sevinc xanımın bildirdiyinə görə, uşaqlar görüşə gətirilərkən xüsusi öyrətmə prosesindən keçirilir. Uşaqlar öz yaşıdlarının xəbəri olmadığı anlayışlarla analarını yamanlayır, dərhal otağı tərk etmək istəyirlər. Onlarda anaları barədə yanlış təsəvvürlər yaradıldığı ortadadır. Analarının onların daxili orqanlarını satacağı barədə uşaqlarda xof yaradılıb və uşaqlar bunu açıq şəkildə analarının üzünə deyirlər.
Sevinc xanımın təxminlərinə görə, uşaqların bu cür öyrədilməsi keçmiş qaynanası Tağıyeva Suzannanın əməli ola bilər. “Tağıyeva Suzanna uzun illər məktəb direktoru işləyib. Pedaqoqdur. Uşaq psixologiyasını da az-çox bilir və onlarda mənə qarşı nifrət hissi formalaşdırmağa çalışır. Digər tərəfdən uşaqların bu cür davranışlarında atalarının basqısı da mühüm rol oynayır. Uşaqların tərbiyəsində şiddət metodlarına əl atan atanın yanında, əlbəttə ki, uşaqlar mənə isinişə bilməzlər. Gəncə Şəhər İcra Şöbəsi isə uşaqlarımla təkbaşına ünsiyyət qurmağıma şərait yaratmır. Halbuki, ilkin məhkəmə instansiyasının verdiyi qərarı dərhal yerinə yetirib uşaqları məndən almışdılar. İndi isə Ali Məhkəməni Gəncədə sayan yoxdur”.

Sevinc xanım İcra Şöbəsinin bu hərəkətini İlham Alışovun xeyrinə zamana oynama kimi qiymətləndirir: “Çünki Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən, uşaqların öz fikrini bildirmək hüququ 10 yaşından başlayır. Gəncə İcra Şöbəsi də görünür, prosesi uşaqların 10 yaşına qədər uzatmağa çalışır. Uşaqlar 10 yaşına çatanda isə yenə atalarının basqıları ilə məhkəmə qarşısına çıxarılacaq və məndən imtina etmək məcburiyyətində buraxılacaqlar”.
Sevinc xanımın bildirdiyinə görə, İcra Şöbəsinin rəis müavini Ələmdar İbrahimov və icraci İlkin Zeynalov ona qarşı çox kobud davranırlar. Dəfələrlə onlara telefon açıb uşaqlarla görüşmək istədiyini bildirəndə müxtəlif bəhanələrlə ananı başlarından ediblər: “Bayramdan sonra İcra Şöbəsinə zəng etmişdim. Zəngimə cavab verən İlkin Zeynalov “bayram hələ yeni bitib, qoy, rahat nəfəs alaq də” deyib telefonu söndürdü. İcra Şöbəsinin faktiki rəhbəri, rəis müavini Ələmdar müəllim isə məhkəmə qərarını yerinə yetirmək əvəzinə mənə mətləbə dəxli olmayan məsləhətlər verir”.
Göründüyü kimi, hakim Həşimov Yaşarın 4 il əvvəl verdiyi qanunsuz məhkəmə hökmü və Gəncə İcra Şöbəsinin bugünkü davranışları bir anaya edilmiş zülm olmaqla yanaşı, həm də Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara ziddir. Bununla belə, heç bir hüquq norması tanımayan, insanlığa zidd mülahizələrlə qərarlar çıxaran hakim hələ də məhkəmə orqanlarında növbəti sifarişlərini,Gəncədə bir ana isə övladlarına qovuşmaq arzusunun həyata keçməsini gözləyir.
(Mənbə:Ovqat.com)
Paralel.az

0.034907102584839