Ölkə vətəndaşı bankdan şikayətçidir

Ölkə vətəndaşı bankdan şikayətçidir
 



Bakının Ə.Ələkbərov 13 v, mənzil 55 sakini İlqar Fərmanov problemlə üzləşib. Şikayətçinin AİB-ə ünvanladığı müraciətində deyilir: Mənə 2022-ci ilin yanvar tarixində müştərisi olduğum Unibank tərəfindən SMS gəldi. Orada 31 yanvaradək yanacaqdoldurma məntəqələrində xərclənmiş vəsaitə 5 % cashback hesablanması qeyd olunmuşdu. 

30.01.2022 tarixində kartla 60 manatlıq yanacaq aldım. Lakin bank verdiyi təklifi və vədi yerinə yetirmədi. Vəsait mənim hesabımdan dərhal silinsə də 5% cashback qaytarılmadı. Banka rəsmi müraciətimə verilən cavab məni çox təəccübləndirdi. Onlar hesablaşmanın gec getdiyini səbəb göstərib 5 % cashback hesablanmayacağını bildirdilər. Bunun müştərini aldatmaq olduğunu və bu barədə müştəriyə heç bir məlumatın verilmədiyini bildirsəm də, bank tərəfindən “Bizim qaydalar belədir, vəssalam” cavabını aldım. Çox təəssüf hissi ilə müştərisi olduğum bankın haqsız və ədalətsiz hərəkətini izlədim.
Bank tərəfindən müştərinin aldadılmasının növbəti hadisəsi bu ilin mart  tarixində baş verib. Belə ki yenə də mənə bank tərəfindən rəsmi məlumat gəldi. Məzmun 31 martadək ApplePay ilə marketlərdə ödənilən hər 5 manata görə 1 manat cashbackin verilməsindən ibarət idi. Lakin marketlərdə böyük məbləğdə vəsaitlər xərcləməyimə baxmayaraq yalnız onun bir hissəsi, daha dəqiq desək, 20 manatı cashback kimi hesablanıb. Yenidən banka müraciətim birinci hadisədə olduğu kimi məni təəccübləndirdi. Mənə bildirildi ki maksimum 20 manat qaytarılır və bu şərt barədə bankın saytında məlumat yerləşdirilib. Mən etiraz edərək bildirdim ki, bu şərti də öz mesajlarında müştəriyə bildirməliydilər.
Bu kimi mesajlar müştərini sadəcə aldatmaq kimi başa düşülməlidir. Müştərini daha çox nəğdsiz əməliyyat aparılmasına cəzb eləmək üçün bank özünə sərf edən məlumatı müştəriyə göndərir, lakin müştərinin əksinə olan məlumatı bildirmir. Bütün şərtlər şəffaf olaraq müştəriyə bildirilməli idi. Hesab edirəm ki, bu əməlləri ilə o, müştərini aldadır və mənim və digər müştərilərin  istehlakçı hüquqlarını kobud şəkildə pozur.
Bir bank tərəfindən eyni müştəriyə qarşı iki dəfə ardıcıl olaraq oxşar hüquq pozuntusu təsadüfi deyil və məni möhkəm qəzəbləndirib.
Mən bankın mənə göndərdiyi şərtləri yerinə yetirmişəm, növbə bankdadır!
Qeyd olunanları nəzərə alaraq, Unibank tərəfindən müştəriyə qarşı olan qanunsuz hərəkətlərin, aldadılmaların  qarşısının alınmasında və mənə hesablanmalı olan 15,40 azn cashbacklərin geri qaytarılmasında, istehlakcı hüquqlarımın, o cümlədən qanunvericilik ilə nəzərdə tutulmuş digər hüquqlarımın qorunmasının təmin edilməsində mənə kömək etməyinizi, bu problemin həlli üçün müvafiq dövlət orqanlarına və KİV-ə məlumat verməyinizi xahiş edirəm”.

Nigar

0.017230033874512