Moskva Delyagini Bakıya təhvil verə bilərmi?
Asif Nərimanlı:
"Azərbaycan “Bakını bombalamaq” çağırışı edən Mixail Delyaginə qarşı cinayət işi açıb və beynəlxalq axtarışa verib.
Delyagin Azərbaycan Cinayət Məcəlləsinin 4 maddəsi üzrə - 101.2, 214.2.3, 283.2.1 və 283.2.2-ci – ittiham olunur. Bu ittihamların ikisi - 101.2 (təcavüzkar müharibəni başlamağa açıq çağırışlar) və 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədilməklə hədələdikdə) – Delyaginin Rusiya və Azərbaycan arasında imzalanan müttəfiqlik bəyannaməsinin şərtlərinə uyğun olaraq Moskvanın özü tərəfindən cəzlandırılmasını, yaxud Azərbaycana təhvil verilməsini şərtləndirir.
Məlum bəyannamənin 11-ci bəndində qeyd olunur ki, “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz ərazilərində təşkilatların və şəxslərin digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar”.
Delyagin “təcavüzkar müharibəni başlamağa açıq çağırışla” Azərbaycanın suverenliyinə qarşı fəaliyyət göstərib və Rusiya öz ərazisində buna imkan verməməlidir.
Bəyannamənin 18-ci bəndində tərəflərin terrorçuluğa qarşı mübarizədə səylərini birləşdirməsi qeyd olunur. Azərbaycan Delyaginə terrorçuluq fəaliyyəti ilə bağlı cinayət işi açıb və bu, Rusiyanın terrorçunu təhvil verməsini şərtləndirir.
Hərçənd, Rusiyanın bunu edəcəyi inandırıcı görünmür, belə tələb irəli sürsək, bəyannamənin ratifikasiya edilmədiyini əsas gətirə bilərlər.
Bütün hallarda Delyaginin axtarışa verilməsi iki kontekstdə əhəmiyyətlidir:
- Bu, Azərbaycana qarşı eyni təhdidlərlə çıxış etmək istəyən digərlərinə nümunə olacaq;
- Bakı bununla suverenlik və ərazi bütövlüyü məsələsinin qırmızı xətti olduğunu bir daha göstərir;"