Ramazan orucu Allahın tərbiyə proqramıdır - IV yazı

Ramazan orucu Allahın tərbiyə proqramıdır - IV yazı
 

Siracəddin Hacı:

Allahın tərbiyə proqramlarından birinin də adı Orucdur. Oruc adlı tərbiyə (ağlı, vicdanı, iradəni inşa) proqramının içində bu dəyərlər var:

- oruc proqramında İNFAQ var – infaq Allah rizası üçün vermək, sərvəti paylaşmaqdır. Qurani-Kərimdə üç şey Allah yolunda deyilərək əmr edilir: cihad, hicrət, infaq. İnfaq yarar (xeyir) verən bir şeyi ona möhtac biri ilə qarşılıq gözləmədən paylaşmaqdır. İnfaq sadəcə sərvətlə gerçəkləşən bir ibadət deyil, elm öyrətmək, sevgi, şəfqət, mərhəmət də infaqdır. İslam deyir ki, yoxsulun, məzlumun, yetimin, əsirin dini, milliyyəti, cinsi soruşulmaz, insan olduğuna görə yardım edilər. İnfaq etmək mömini münafiqdən ayıran əlamətdir, xas qulların işidir, canını vermək infaqın zirvəsidir, infaq sağlam cəmiyyətin zəmanətidir, malı, elmi, əməyi, sevgini paylaşmaqdır, Allahın verdiyindən verməkdir. İnfaq imanın meyvəsidir, gözəl əxlaqdır, axirət azuqəsidir, islam mədəniyyətinin ruhudur, sosial bağdır. İnfaqın zamanı, həcmi, miqdarı yoxdur;
- oruc proqramında ÜMMƏT ŞÜURU var – bütün müsəlmanlar eyni ayda, eyni məqsədlə oruc tutur, eyni duyğuları paylaşırlar, oruc bizi qardaşlığa, birliyə, ümmət olmağa, insanlığın ortaq dəyərlərini paylaşmağa yönəldir;
- oruc proqramında HAQQA DƏVƏT var, bir çox insan məhz Ramazan ayında tövbə edir, Allaha yönəlir, insanların ağlı, qəlbi, vicdanı bu dönəmdə dəvətə daha açıq olur;
- oruc proqramında BARIŞ, HÜZUR var deyə bilərik ki, müsəlman ölkələrində cinayətlərin ən az olduğu ay Ramazandır, Ramazan ayı yaxşı olana təşviq, pis olandan çəkindirmə ibadətinin zirvə nöqtəsidir;
- oruc proqramında SOSİAL ƏLAQƏLƏRİARTIRMA, DƏRDLƏŞMƏ, ANLAMA, ANLAŞMA var, anlamaq dəyər verməkdir, anlayan insan olar, göz yaşlarını silər, məzlumların əlindən tutar, anladığı qədər insan olar;
- oruc adlı tərbiyə proqramında TƏRAVİH NAMAZI var, müsəlmanlar ancaq Ramazan ayında təravih namazı qılarlar, bu namaz orucun bərəkətini artırar;
- oruc proqramında ETİKAF İBADƏTİ var – etikaf Ramazan ayının son on günündə (on gün olması şərt deyil) zəruri ehtiyaclar istisna bütün dünyəvi əlaqələri kəsib var gücü ilə Allaha yönəlməkdir, dərin təfəkkür imkanıdır, arınmadır, bütün varlığı ilə Allaha təslim olma halının gerçəkləşdiyi zaman dilimidir;
- oruc proqramında min aydan daha xeyirli QƏDİR GECƏSİ var – Qədir gecəsi Qurani-Kərimin nazil olmağa başladığı gecədir, qədir, qiymət, dəyər gecəsidir, mesajı var: Qurani-Kərim nazil olduğu gecəni başqa gecələrdən seçir, ona dəyər qazandırır, bərəkətini artırır, ona özəl yer ayırır (Qədir surəsi var), yəni, ey insan, Qurani-Kərim sənin ağlına, qəlbinə, vicdanına, iradənə nazil olsa, Onu anlasan, Onun dəyərlərini həyatına daşısan, Allahın çox dəyərli qulu olacaq, iki dünyanın səadətinə qovuşacaqsan. Qurani-Kərim sözlərin soltanıdır, nazil olmağa başladığı gecəni Qədir gecəsinə - nurlu gecəyə, nazil olduğu ayı ayların soltanına çevirib, nazil olduğu insanı da mömin edər, onu tövhidə, ədalətə, barışa, mərhəmətə bağlayar;
- oruc proqramında BAYRAM var, bayram bizə sevinmə əxlaqını öyrədir, deyir ki, sevindir ki, sevinəsən, dəyər ver ki, dəyər qazanasan, paylaş ki, sevgi, xeyir, barış, mərhəmət çoxalsın, insanları sevindir ki, Allah da səni sevindirsin, yoxsulların mədəsini doyur ki, Allah da sənin ruhunu doyursun, bağlı qapıları aç ki, Allah da sənin ruhunun, ağlının, vicdanının, iradənin, cənnətin qapılarını açsın;
- oruc proqramı bir MÜƏLLİMDİR, bizə Allahı, insanı, varlığı, imanı, tövhidi, ədaləti, barışı, mərhəməti, bu dünyanı, axirəti öyrədir, ağıl, qəlb, vicdan və iradəmizi inşa edir, bizi cəhalətin pəncəsindən qurtarır, deyir ki, ey insan, dəyərin Allaha təslim olduğun qədərdir, təslim ol ki, azad olasan, azad ol ki, insan olasan;

Ardı var...

Paralel.az

 

0.016865015029907