Rusiyanı internetdən ayırsalar...

Rusiyanı internetdən ayırsalar...
 

“Azərbaycan üçün ciddi təhlükələr və risklər realdır. Maraqlıdır ki, .az domeni üçün də belə bir təhlükə varmış”.

Paralel.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
 

O, Rusiya İnternetinin (RuNet) qlobal şəbəkədən tam ayrılması ilə bağlı bizi gözləyən təhlükələrdən danışıb:

“Rusiya interneti ilə bağlı təhlükələr getdikcə artır. Bu gün də daha bir qlobal internet şirkəti LİNX Rusiyanın ən böyük telekommunikasiya operatorlarını, o cümlədən Rostelekom-u İnternet Exchange sistemindən ayırıb. Yəni bununla da Rusiyanın internet trafiki xeyli zəifləmiş olacaq.

Gözlənilən təhlükələr baxımından riskləri və təhlükələri bir qədər də araşdırdım.

Baxıram ki, təhlükələr və risklər daha ciddidir və hədsiz çoxdur. Rusiya internetinin tam bağlanması ilə bizdə də ağlagəlməz məsələlər ortaya çıxır”.

Osman Gündüzün sözlərinə görə, Rusiya interneti tam çöksə, Azərbaycanda bir sıra problemlər yaşana bilər:

“1. Azərbaycanda xeyli sayda dövlət və özəl sektor qurumları Rusiyanın 1C proqram təminatından istifadə edir. Son dövrlərdə bu servis əsasən Cloud vasitəsilə göstərilirdi. Eyni zamanda lisenziyalar da Rusiyanın onlayn mühiti ilə bağlıdır.

Düşünmək olar ki, RuNet-də çöküş olsa, bizim dövlət və özəl sektorda əsas maliyyə təsərrüfatını idarə edən 1C işləməyəcək.
 

2. Azərbaycanda hələ də xeyli sayda insanlar Mail.ru servisindən istifadə edir. Aktiv olaraq bu e-maildən, həmçinin Rusiyanın digər e-mail serverlərindən istifadə edərək müxtəlif servislərə qoşulanlar da var ki, Mail.ru-nun dayanması ilə bizim xeyli sayda istifadəçilərimiz həm e-maildən, həm də bu e-mailə bağlı olan servislərdən məhrum ola biləcəklər.
 

3. Yandex üzərində də ölkəmizdən xeyli servis alanlar var. Xeyli sayda vətəndaşılarımızın e-mailləri Yandex hostinqinə bağlıdır və bunun üzərindən müxləlif onlayn servislər alınır. RuNet-in çöküşü ilə bunların hamısı risk altına düşəcək.
 

4. Müşahidə etmək olar ki, bəzi internet mağazalar fiziki olaraq Rusiyadakı resurslara bağlıdır. Bu mağazalardan edilən alış-verişdə ödənişlər Azərbaycan banklarında aparılsa da, müraciətlər Rusiya İP-lərindən yönləndirilir. Belə olan halda isə Rusiya internetində yaranan problem bizim bu tip internet mağazalara da təsirsiz ötüşməyəcək”.


Ekspert bildirib ki, ən maraqlı və bəlkə də ən düşündürücü məqam isə bizim .az domeninin ehtiyat (backup) DNS name serveri ilə bağlıdır:

“Bir qədər araşdırma ilə görmək olar ki, bizim milli domenin ehtiyat serveri, müharibənin ən qızğın yerində, Ukraynadadır.

Xatırladıram ki, .az domeninin DNS serverləri Azərbaycan İnternetinin fəaliyyət göstərməsi üçün ən vacib resurslardan biridir. Onun sıradan çıxarılması, elə Azərbaycan internetini rubilnikdən söndürmək kimi bir şeydir.

Düşünürəm ki, bu resursun indiki anda Ukraynada yerləşməsində informasiya təhlükəsizliyimiz üçün ciddi risklər var.

Adətən ən azı iki ehtiyat server olur. Bildiyim qədər o birisi də Estoniyadadır, hansı ki, indiki yaranmış hərbi-siyasi vəziyyətlə bağlı, elə onu da riskli zona hesab etmək olar.

Fikrimcə, əgər bizim milli resurs, DNS server müharibənin getdiyi bir ərazidədirsə, istənilən an o yox ola bilər.

Bu isə düşünürəm ki, təhlükəsziliyimiz üçün ciddi təhdiddir”.


Osman Gündüz deyib ki, aidiyyatı qurumların bunu nəzərə alması, ehtiyat serverlərin digər daha sakit olan Avropa ölkələrinə köçürülməsi daha doğru olardı.
 

“Yeri gəlmişkən, RİNN yanında Elektron Təhlükəsizlik Xidmətinin, digər aidiyyatı dövlət qurumlarının gözlənilən təhlükələr və risklərlə bağlı dövlət və özəl sektor üçün, sadə istifadəçilər üçün tövsiyələr verməsi doğru olardı”.

0.033570051193237