Ukrayna ordusu bu qədər rus generallarını necə öldürə bilib?
Osman Gündüz:
Ukrayna mənbələri məlumat verib ki, müharibə başlanandan indiyədək 7 rus generalı öldürülüb. Dünya müharibələrinin tarixinə diqqət yetirdikdə görmək olar ki bu, qısa zaman üçün çox böyük, hədsiz böyük rəqəmdi.
Məsələn, uzun illər davam edən Vyetnam müharibəsində ABŞ-ın cəmi 12 generalının öldürüldüyü bildirilir.
Bununla bağlı beynəlxalq medianı, ekspert rəylərini nəzərdən keçirəndə görmək olar ki, bu qədər rus generalının cəmi bir ayda öldürülməsinin ciddi əsasları varmış.
Bununla bağlı irəli sürülən rəyləri təhlil etdikdə belə anlamaq olur ki, Rusiya Ukraynaya hücum edərkən işğalın ildırım sürətli olacağını planlayıbmış.
Rus kəşfiyyatı və əks kəşfiyyat, hərbi kəşfiyyat Rusiya rəhbərliyini bununla bağlı arxayın edib.
Məhz bu səbəbdən də Rusiya ordusu Ukraynada ciddi müqavimətlə üzləşdikdə kommunikasiyada, komanda məntəqələrinin yaradılması və fəaliyyətinin təşkilində problemlərlə üzləşib.
Rus ordusunda olan rabitə resursları isə özünü doğrultmayıb. Rusların şifrəli hərbi rabitə sistemi normal çalışmayıb.
Ümumiyyətlə, Rusiya ordusunda hərbi radiostansiyaların, xüsusi rabitənin hazırlabnmasında on illər öncədən də ciddi problemlərin olması məlum idi. 2008-ci ildə Gürcüstana hücum zamanı da Rusiya ordusunun bu tip problemi olduğu haqda məlumatlar verilib.
Korrupsiya səbəblərindən Rusiya ordusunda bu problemin zamanında həll edilmədiyi bildirilir. Problemin həlli Medvedevə yaxın şirkətə tapşırılıbmış.
Həmçinin Rusiya ordusu tərkibində vuruşan rusiyalı çağırışçılar, çeçenlər və Luqansk , Dontesk qruplaşmaları arasında, ümumi rəhbərlik sahəsində kommunikasiyada ciddi problemlər üzə çıxıb.
Xatırlayıram ki, Ukrayna hökuməti müharibə başlanandan bir neçə gün sonra mobil operatorlarda Rusiyaya məxsus mobil telefonlardan zənglərin giriş-çıxışına qadağa qoymuşdu.
Bunun səbəbi oydu ki, rus hərbçiləri özlərinin şifrəli hərbi rabitəsindən istifadə edə bilmədikdə adi mobil rabitəyə üstünlük verirdilər.
Hətta onların danışıqları sosial mediaya da sızmışdı.
Adı çəkilən qadağadan sonra isə rus hərbçiləri yerli mobil nömrələr əldə etməklə, mülki vətəndaşlardan ələ keçirdikləri adi telefonlarla kommunikasiya qurmağa üstünlük verirdilər.
Ukrayna hərbi rəhbərliyi isə müharibə qaydalarına uyğun olaraq ümumi şəbəkədə olan danışıqları izləyirdilər.
Onlar nəinki danışığın mahiyyətini , həmçinin kordinatları müəyyən edə bilirdilər.
Öldürülən generalların və yüksək rütbəlilərin çox olması ilə bağlı güman etmək olar ki, NATO resurslarından da istifadə edən Ukrayna ordusu Rusiyanın yüksək rütbəli zabitlərinin məhv edilməsi üçün xüsusi plan və xüsusi qrup hazırlayıb.
Bu qrup öncədən texnologiyaların köməyi ilə generalların kordinatlarını müəyyən edirlər.
Sonra isə bu kordinatlar raket zərbəsi endirəcək qruplara, dronların idarəetmə məntəqəsinə, hətta ola bilsin peşəkar snayperlərə ötürülür .
Bununla da yüksək rütbəli hərbçilərin zərərsizləşdirilməsi təmin edilir.
Xatırladıram ki, əfsanəvi çeçen lideri Cövhər Dudayev və şübhələnmək üçün əsaslar var ki, bizim Milli Qəhrəmanımız, general Polad Həşimov da təxminən bu üsullarla öldürülüb.
Maraqlıdır ki, nə Ukrayna tərəfi, nə də işğalçı tərəf rus generallarının hansı şəraitdə öldürülməsini açıqlamaqda indiyədək maraqlı olmayıblar.