Bizim alimlər vardı...

Bizim alimlər vardı...
 
 
Elm günü münasibətilə
Bu, olmuş hadisədir, odur ki, bəzi adları, detalları gizlətmək məcburiyyətindəyəm. Amma əsas qəhrəmanımızın adını fəxrlə çəkirəm, Azərbaycanda belə kişilərin, alimlərin olduğuna, yaşadığına görə fəxr edirəm. Allah köhnə kişilərə rəhmət eləsin...
Deməli, danışdığım hadisə keçən əsrin 70-ci illərinə təsadüf edir. Əsərimizin qəhrəmanı Qəhrəman müəllim həmin dövrdə elmlər namizədi idi, Elmlər Akademiyasının Geologiya İnstitutunda işləyirdi. Cavandı, 30 yaşlarındaydı, neft geologiyasının azmanlarından sayılırdı, deyilənə görə, böyük gələcəyi vardı. Amma onun 3 eybi vardı və gələcəyinin təkərini saxlayırdı. Birincisi dediyim kimi, çox işıqlı, talantlı alim olması idi, onu keçmiş İttifaqın neft alimləri, hətta akademikləri tanıyır və fikirlərinə hörmətlə yanaşırdılar. Bu da Azərbaycanda, xüsusilə o vaxtlar "taxtda" olan neft geologiyasında xüsusi qısqanclığa səbəb olurdu. Qəhrəmanı müəllimin ikinci eybi qabiliyyətli olduğu qədər də cəsarətli olması idi, elmdə atasına da güzəştə getməzdi, düzü düz, əyrini əyri deyirdi. Nəhayət, üçüncü - ən böyük eybi BK-da, MK-da adamının olmaması idi, bu da onu yuxarıdan olan bütün hücumların hədəfinə çevirirdi...
Qəhrəmanımız dediyim kimi, işıqlı, talantlı adamdı və 35 yaşının tamamında doktorluq işini tamamladı. Amma yuxarıda qeyd olunan 3 eybinə görə ona Bakıda müdafiə etməyə imkan vermirlər, bütün cəhdləri boşa çıxır. Qəhrəman müəllim qohum-qardaşdan, dost-tanışdan beş-üç min borc tapır, Moskvaya yollanır. Burda uğurla müdafiə edir, amma nəticəni Bakıda uzun müddət gözləyir. Bir-iki ildən sonra onun işini geri göndərirlər, üzərində işləməyi məsləhət görürlər. Qəhrəmanımız geri çəkilmədi, doktorluq işini yenidən işlədi və 40 yaşında Moskvada müdafiə etdi. Amma bu dəfə də "otkaz" gəldi...
Qəhrəman müəllim ağıllı adamdı, "səbəbsiz nəticə olmur" məntiqi ilə yaşayırdı. Yaxın 10 ilin nəticələrini araşdırdı, Bakıda, Moskvada yaxın alimlərlə danışdı və məsələni aydınlaşdırdı. Məlum oldu ki, Azərbaycanda neft geologiyasının "şeflər"indən biri, Mehdiyev soyadlı bir akademik ciddi-cəhdlə ona mane olur, işini-gücünü atıb, onunla məşgul olur. Həmin dövrdə həmin akademik çox imkanlı, Azərbaycanda tanınmış, vəzifəli adamdı, BK-da, MK-da adamları vardı. Bir sözlə, əsrinin Çin səddi idi, onu aşmaq mümkün deyildi, amma Qəhrəman geri çəkilmədi. Faktiki olaraq, işini-gücünü atdı, bu akademiklə məşgul olmağa başladı. Keçmiş İttifaqın hansı şəhərində (qəhrəmanımız kasıb idi, xaricə gedə bilmirdi) neftlə əlaqəli elmi konfrans, simpozium keçirilirdisə, bizim akademik orda iştirak edirdisə, Qəhrəman da həmin tədbirə gedirdi. Amma əvvəl akademikin elmi məruzısini incələyir, zəif məqamlarını, "xalturalar"ını işarələyirdi. Akademikin elmi konfransda çıxışından sonra dərhal söz alır, onun elmi işini darmadağın edirdi... Siz alimə, kişiyə, cəsarətə baxın - elmlər namizədi akademikin qabağından geri çəkilmirdi...
Və keçirik əsərimizin əsas hissəsinə. Deməli, günlərin bir günü Geologiya institutunda yeni - "Neft suları" laborotoriyası açılır və Akademiyanın rəhbərliyi laborotoriya müdirliyinə Qəhrəman müəllimin namizədliyini irəli sürür. Mövcud qaydalara uyğun olaraq, mətbuatda müsabiqə elanı verilir. Təbii ki, bizim akademik də yatmır, təcili AZİ-dən (indiki Neft Akademiyası) cavan bir elmlər doktoru dəvət edir, "Neft suları" laborotoriyasına onun namizədliyini dəstəkləyir. Sovet dövründə Elmlər Akademiyasında müəyyən qayda-qanun vardı, elmi laborotoriya rəhbəri gizli səsvermə ilə seçilirdi. Bu dəfə də belə oldu, Qəhrəman müəllimlə gənc elmlər doktorunun namizədliyi Geologiya İnstitutunun Elmi Şurasında gizli səsə qoyuldu. Yəqin səsvermənin nəticələri bizim oxucular üçün də maraqlı olar. İki nəfər əleyhinə olmaqla (bunların biri yəqin həmin akademik olub), Geologiya İnstitutunun Elmi Şurası Qəhrəman müəllimin namizədliyini dəstəkləyir. Nəticələr elan olunduqdan sonra Cəfərov və Abdullayev soyadlı iki professor sevincindən ağlayır, birinci ikinciyə deyir: Ömrümüzdə bir dəfə kişilik elədik, ay Rəşid...
Qalib ARİF
0.10724020004272