Vur badalaq
Satira
Yet-yetənə, yetməyənə vur badalaq,
Gedir-getsin, cəhənnəmə kəlləmayaq.
**
Al varını, soy dərisin, lap yox elə,
Ac olur-olsun, özünü sən tox elə
Al qumaşı, yığ evinə çün çox elə
Çox uyma ölüb-itənə, vur badalaq,
Gedir-getsin, cəhənnəmə kəlləmayaq.
**
Demə ki, ət-ətimiz, can-canımızdır,
Demə ki, bir millətik, qan-qanımızdır,
Demə ki, bu qohumdu, bu yadımızdır,
Düşdü fürsət, hər yetənə vur badalaq,
Gedir, getsin, cəhənnəmə kəlləmayaq.
,**
Soy cibini, vur başına, sən qapazı,
Ölür-ölsün, lap cırılsın kəllə-dazı,
İstəyir qılsın, namaz üstən-namazı,
Vecə alma, hər ötənə vur badalaq.
Gedir, getsin, cəhənnəmə kəlləmayaq.
**
Təki kök olsun, kefimiz-damağımız,
Batır-batsın, solumuz ya sağımız,
Nər baladı, başda bala, bil dayımız.
Söz çevirib, söz deyənə, vur badalaq
Gedir, getsin, cəhənnəmə kəlləmayaq.
**
KƏRİMOĞLU, qan çıxartma, gəl üzə sən
Haqqı deyib, çox üfürmə, kül gözə sən,
Bəlkə elə söz əvəzi, gül düzəsən,
Tor-top elə, sözlərinə vur badalaq,
Diyirlənsin cəhənnəmə kəlləmayaq.
Allahverdi Kərimoğlu