"Gəlin qaya" əfsanəsi - 29-cu hissə
Yayılır aləmə günəşin nuru,
Bulanlıq sular da axır dupduru.
Alır gül-çiçəklər rahat nəfəsin,
Dağlar da əks edir quşların səsin.
Kəkliklər oxuyur yalda-yamacda,
Bir it də ulayır bu qaçaqacda.
O qanlı tufandan qalmayır əsər,
Çoxların tifağın edir dərbədər.
Xançoban tütəyin alıb əlinə,
Nəğmə göndərirdi elat elinə.
Tərənnüm edirdi həyat varlığın,
Tütəklə verirdi müjdə sorağın
Tütəyin səsini eşidib köpək,
Uladı tək qalan, tək yalquzaq tək.
Əks olur dağlarda tütəyin səsi,
Aydın deyilirdi Sara kəlməsi.
Köpək yavaş-yavaş yaxına gəldi,
Günahkar-günahkar yerə sərildi.
Həmişə Sarayla gələrdi qoşa,
It yazıq görkəmdə edir tamaşa.
Məzlum görkəm alıb çobana baxır,
Kükrəyən Arpaçay topuqdan axır.
Çoxları dözməyib bu fəlakətə,
Arpaçay dillərdə dönür nifrətə.
****
Bürümüş hər yanı qatı bir duman
Oturub daş üstə yetim Xançoban
Yaydıqca dağlara günəş nurunu,
Çəkir yavaş-yavaş duman torunu.
Xançoban gözləyir duman çəkilsin,
Sürü yüksəklikdən aşağı ensin.
Dağlarda düşməsin qara, borana,
Ensin köç yoluna, yönü arana.
Xançoban sürünü keçirir çaydan,
Dad-fəryad sədası gəlir o taydan.
Tumanın, balağın yığıb bir qarı,
Gəlir bəd xəbərlə çobana sarı.
«Arpaçay apardı» deyir Saranı,
Tapılmır yazığın nəmi-nişanı.
Xançoban eşidib bu bəd xəbəri,
Ağlayıb, sızlayır axşam-səhəri.
Dağları quş kimi gəzən o qarı,
Enir Xançobanla arana sarı.
Hamı niFrət edir o qanlı çaya,
Tufandan sağ qalan enir səhraya.
Hərə bir tərəfə üz tutur yenə,
Dağılmış şəhərə, uçmuş evinə.
Dilənib-dolanan həmin o qarı,
Uçuq bir komada keçir güzarı.
Yağılar qoymayıb daşı-daş üstə
Oxuyur bir qoca yanıq şikəstə
«Beyləqan» olmuşdu yerilə-yeksan,
Qalmayıb şəhərdə bir bəni insan.
Ağlayan kişini görüb o qarı,
Gəlir yavaş - yavaş qocaya sarı.
Qoca bu kişini götürüb fikir,
Xaraba şəhərə baxıb ah çəkir.
Dağılmış məsciddən hər axşam-səhər,
Ucalır göylərə «Allahu Əkbər».
Davamını izləyin...
Allahverdi Kərimoğlu