Ən yeni tarix mərhələmiz...
Bu yazını faşist Putin Rusiyasının Demokratik Ukrayna Respublikasıyla başladığı amansız müharibəyə həsr edirəm. Bəli, bu müharibəyə həm Rusiya-Ukrayna müharibəsi, həm də diktatura və demokratiya müharibəsi də demək olar. Çox təəsüflər olsun ki, ABŞ, Avropa dövlətləri, NATO-nun üzvü olan digər dövlətlər bu müharibənin sonuncu dünya müharibəsinə çevrilməsindən ehtiyatlanırlar. Əslində, faşist Putinin öz ordusunu Ukrayna ətrafına göndərdiyi günü III Dünya Müharibəsinin başlanması günü hesab etmək olar. Bunu bügünki tarix təsdiq edir. Gələcəkdə də bütün tarixi mənbələrdə 2022-ci ilin fevral ayının 24-də başlayan bu müharibə belə şərh ediləcək. Artıq bir neçə gündür ki, diktatura demokratiya ilə ölüm-dirim savaşına başlayıb. Hələlik bu savaşın başladığı ərazi Ukrayna dövlətinin ərazisidir. Mütərəqqi bəşəriyyətə bəllidir ki, dünyanın ən mədəni, ən nəcib xalqlarından olan Ukrayna xalqının əli silah tutan bütün övladları silaha sarılaraq əzəli və əbədi Vətənləri Ukraynanın müdafiəsinə qalxıblar. Müharibə getdikcə daha amansız və dramatik şəkil almaqdadır. Dünyanın möhtərəm cənabları tez-tez iclaslar keçirsələr də, NATO-nun və BMT-nin üzvü olan dövlətlər hələlik dözüm və səbr nümayiş etdirir. NATO və BMT-nin rəhbərlərini anlamaq olmur ki, onların iş-işdən keçəndən sonra bu qədər dözüm və səbr göstərməkdə məqsədləri nədir? Onlar Rusiyanı, yoxsa Ukraynanı müdafiə edirlər? ABŞ və Avropa dövlətləri nə qədər embaqo və sanksiyalar tədbiq etsələr də, Rusiyaya dəyəcək zərər xarabazarlığa çevrylməkdə olan Uktayna ilə müqaisə oluna bilməz. Deməli, demokratiyanın beşiyi sayılan ABŞ və Avropa dövlətləri birlikdə Rusiyaya qarşı embaqo, iqtisadi sanksiyalar tədbiq etməkdənsə, elə əməli fəaliyyətə başlamalıdırlar ki, faşist Putin və ətrafındakı Putin kimilər başa düşsünlər ki, xarabazarlığların cavabı xarabazarlıqlardır. Onda o quduzlaşmış faşistlər Ukraynanın paytaxtı Kiyev daxil olmaqla bir çox böyük-kiçik şəhərlərini, qəsəbələrini, kəndlərini xarabazarlıqlara çevirməkdən əl çəkərlər. Hələliksə, ABŞ və Qərb başbilənlərinin davranışı cəllad Putinə fürsət verir ki, o, öz çar sələfi I Nikolayın "Məndən kim muxtariyat (yəni azadlıq) istəsə ona verəcəyim, onun ölkəsini xarabazarlığa çevirməyim olacaqdır" - məsləhətinə əməl etməkdədir. Beş-altı gündür ki, onun bir əli nüvə silahının düyməsindədir. Belə bir məqamda dünyanın aparıcı dövlətləri gözləmə mövqeyi tutmamalıdırlar. Onlar Putinin nazıyla oynamamalı, ona öyüd-nəsihət verməyi tamamilə dayandırmalı, onunla necə lazımdırsa, eləcə də rəftar etməlidirlər. Cənab Qərb demokratları onu anlamalıdırlar ki, Putin diktatordur. Bəli, diktatorlar da belə olmalıdır. Diktatorlar heç kimdən və heç nədən qorxmurlar, onlar yalnız hakimiyyət itirməkdən qorxurlar. Vilyam Çörçilin diktatorlar və demokratlar haqqında belə bir fikri var: "Diktatorlar dönüb demokrat olsaydılar, ən birinci özlərini güllələyərdilər". Nə demək olar Çörçilin bu fikrinə... Maraqlı fikir olsa da, mümkün deyildir. İndi bütün dünya demokratları anlamalıdırlar ki, nə qədər dözüm, səbr, təmkin göstərsələr də, faşist diktator Putini döndərib demokrat edə bilməyəcəklər. Ona görə də ən doğru yol, yalnız onu zərərsizləşdirmək və haqq-ədalət məhkəməsi önündə cavab verməyə məcbur etməkdir.
Hamımız bilirik ki, bir qədər əvvəl, yəni fevral ayının 24-də rus qoşunları müxtəlif istiqamətdən Ukraynaya hücuma başladı. İnternet saytlarında rus faşistlərinin törətdikləri cinayətləri və Ukrayna xalqının Vətən uğrunda ölüm-dirim savaşına qalxmasını qəzəb və heyrətlə izləməyə başladım. Ürəyimdən Bayron sayağı Ukraynaya getməyim, Ukraynanın Kiyev, Xarkov və digər böyük şəhərlərində silah yağışı altında Taras Şevçenkoya dönməyi, rus cəlladlarının gözünün içinə tüpürərək, başda Putin olmaqla onların hamısına Şevçenkonun bu beytiylə lənət yağdırmaq istədim:
Sizlər, ey cəlladlar! Adamyeyənlər!
Sizlər bu ölkəni soyub yediniz!
Bu məqamda qəlbimdən Taras Şevçenkonun Qafqazın qədım sakinləri olan biz Oğuz Türklərinə həsr etdiyi "Qafqaz" poemasından bu beytləri söyləməyim keçdi:
...Sizə də eşq olsun ey mavi dağlar!
Başı qarlı dağlar, səmavi dağlar.
Tanrı tərəfindən unudulmayan,
Cəngavərlər sizə şərəflər hər an!
Təslim olmayın heç ölənə kimi,
Döyüşün Siz qalib gələnə kimi!..
Sizindir, sizindir, sizindir əlbət,
Müqəddəs azadlıq, ölməz həqiqət!
Sizindir hər azad döyünən ürək,
Sizindir daxmalar, sizindir çörək,
Onları dilənib almamışsınız,
Qəsb etməmisiniz o şeyləri Siz.
Bilirik ki, dünyanın ən humanist şairlərindən olan Ukrayna poeziyasının banisi, Ukrayna xalqının azadlıq aşiqi Taras Şevçenko cəmi 47 il yaşayıb. O, son şerində də vəsiyyət olaraq Ukrayna xalqına bunları söyləyib:
Məni qəbrə sallayıb,
Ayaq üstə durun Siz.
Qırıb zülmün zəncirini,
Azad dünya qurun Siz.
Ukrayna xalqına qəlbinin bütün telləriylə bağlı olan Ukrayna poeziyasının banisi Taras Şevçenko haqqında böyük rus yazıçısı N.A.Dobrolyubov haqlı olaraq belə demişdir: "O elə bir şairdir ki, biz özümüzdə belə bir milli şair göstərə bilmərik (bununla da N.A.Dobrolyubov çox haqlı olaraq Ukrayna xalqının ayrı xalq, rus xalqının ayrı xalq olduğu qənaitinə gəlmişdi. Çünki onun bütün düşüncə və həyəcanlarının dairəsi xalqının həyat tərzi və fikrinə uyğun gəlir. O xalqını dərindən duymuş və ona ruhən bağlı olmuşdur". Taras Şevçenko haqqında dünyanın bütün xalqlarının mütəfəkkirləri, ədibləri olduqca gözəl fikirlər söyləmişdir. Taras Şevçenkonun əsərləri qarşısında bütün ədiblər, şairlər, ədəbi tədqiqatçılar ehtiramla baş əymişlər. Taras Şevçenkonun aliliyini dərindən duyan yazıçılar arasında Lev Tolstoy, ədəbi tədqiqatçılar sırasında Belinski ön cərgələrdə olmuşdur. Görkəmli ədəbi tədqiqatçımız akademik Məmməd Cəfər "Taras Şevçenko" kitabında onun yaradıcılığını belə səciyyələndirb: "Onun əsərlərinin hərəsinin özünəməxsus məziyyəti, orijinallığı vardır". Doğrudan da, Ukrayna xalqının böyük mütəfəkkiri, ədibi, şairi, rəssamı dünyanın elə nadir, misilsiz sənətkarı, qələm sahibidir ki, onun yeri korifeylər sırasındadır. Belə fikir nəhəngləri elə halal qazancıyla ailəsini dolandıran əkinçilərə bənzəyirlər ki, bu əkinçilər ən münbit torpağa ən sağlam toxumlar səpərək onları becərirlər. Ukrayna xalqının faciəli günlər yaşadığı bir zamanda hədsiz dərəcədə sevdiyim Taras haqqında ona görə çox danışdım ki, Tarası yetirən də, Tarasla fəxr edən də Ukrayna xalqıdır. Mütərəqqi bəşəriyyət Tarası sevdiyi kimi, Tarası yetirən Ukrayna xalqını da sevməli, ona arxa, həyan olmalıdır.
FƏZAİL İSMAYIL BÖYÜKKİŞİ