Qarşıdan «bayram» gəlir!
Xoş gəlir, yoxsa əli boş gəlir?
Azərbaycan xalqının ən qədim, ən çox gözlənilən və sevilən bayramlarından biridir-Hovruz! El arasına bu bayramı, həm də Bahar bayramı kimi qəbul edirlər. Bəzi mənbələrə görə, Novruz- «nov» və «ruz» söz birləşməsindən əmələ gələn «yeni gün» anlamını verir. Başqa bir mənbəyə görə isə Novruz baharın gəlişini müjdələyir, insanları işə, əməyə səsləyir və insanlar da, bu müjdəni bayram kimi qarşılayır. Bu, həm də birliyin, həmrəyliyin bayramıdır.
Sovet dönəmində bu bayramı dini ayinlərə bağlayaraq, keçirilməsinə çox ciddi maneələr yaradılıb. Lakin bütün maneələrə baxmayaraq, xalqımız bu bayramı evlərində, ailələrində, yaxınları ilə keçirərək, onun yaddaşlardan silinməsinə imkan verməyərək, bu günümüzə qədər qoruyub saxlaya biliblər.
Ölkəmizin müstəqilliyi ilə Hovruz da ateizmin buxovlarını qıraraq müstəqilliyinə qovuşdu. İndi ölkəmizdə Novruz dövlət səviyyəsində keçirilən ən gözəl bayramlardan biridir.
Amma çox təəssüflər olsun ki, indiki dönəmdə də, bu bayramın birlik, həmrəylik kimi məqsədləri ikinci plana keçib. Son iki ildə isə koronavirus pandemiyası səbəbindən insanlar demək olar ki, Novruz bayramını keçirməkdən məhrum oldular.
Pandemiya səngiyib, qarşıdan «bayram» gəlir, amma nədənsə insanların üz-gözündə, əhvalruhiyəsində bayram ab-havası hiss olunmur. Əvvəllər, sovet dönəminin qadağaları zamanı Novruzun keçirilməsinə qadağalar olsa da, bayram ərəfəsində insanların üz-gözü də, bahar günəşi kimi açılardı, hər kəs qarşısına çıxanı bayramın gəlişi ilə müjdələyər, təbrik edərdi.
Dükanlarda, bazarlarda böyük qələbəlik olardı, indi isə onların heç biri hiss olunmur. Hətta bazar, dükanlarda belə, adi günlərin ovqatı var. Bazarda müştəri olmasa da, qiymətlərdə ciddi artım hiss olunur. Bunun səbəbini bazarda alver edən Bəhlul kişi belə izah etdi: «Bunun əsas səbəbi inhisarçılıqdır. Biz malı «depo»dan 1-2 manata alırıq, üstünə də zəhmət haqqımızı qoyub satırıq, ailəmizin çörək pulunu çıxarırıq. Bayramqabağı həmin 1-2 manatı «depo», bir o qədər də daşımaçılar artırır. Bizim isə sadəcə, 0,5-1 manat artırmaq şansımız olur, onda da müştərilər bizdən qaçır. Məhz bu səbəbdən də, müstəqil Azərbaycanda Bahar bayramı insanlar üçün xoş gəlmir, əli boş gəlir. Son bir ildə baş verən qiymət, rüsum və digər artımlar, insanların olan -qalanını da əlindən alıb ki, artıq heç kim bayramın gəlişindən xoşhal olmur».
Azərbaycanda adi insanların bayramını qara edənlər isə gündə milyon qazansa da, gözü doymayan məmurlar çetesidir. Onlar bu acgözlüklərini örtbasdır etmək üçün ortaya bir «süni qiymət artımı» terminini atırlar ki, bunun özünü də yaradan, məhz həmin məmurların özləridir. Mən inhisarçılardan ona görə danışmıramki, Azərbaycanda inhisarçılar da, elə həmin məmurlardır.
İqtisadçı ekspertlər də etiraf edirlər ki, iqtisadiyyatda «süni qiymət artımı» termini yoxdur, bu ancaq Azərbaycanda oliqarx-sahibkar məmurları qorumaq üçün ortaya atılan «süni» bir termindir, «kitayski» yəni.
İqtisadçı ekspertlər hesab edirlər ki, Azərbaycanda süni qiymət artımını yaradan ən əsas qurumlardan biri, sahibkarların idxal etdiyi məhsullara bəyannamə qiyməti tətbiq edən Dövlət Gömrük Komitəsidir. Bu qurumun tərtib etdiyi bəyannamə qiymətləri real qiymətlərdən fərqli olur ki, bu da daha çox vergi və rüsum toplamağa imkan verir, eyni zamanda inhisarçılığın yaranmasına xidmət edir. Bu da öz növbəsində, qiymətlərin bahalaşmasına gətirib çıxarır.
Bu da məlumdur ki, bazar iqtisadiyyatı modelində dövlətin inzibati resurslarla bazara təsir etmək imkanları yoxdur. Amma belə vəziyyətdə dövlətin tarif siyasəti bazara ciddi təsir edən əsas amillərdən birinə çevrilir.
Məsələn, son iki ildə ölkəmizdə qiymət artımları fasiləsiz şəkildə davam etdi. Bu artım siyasəti bu gün də davam edir. Yeni ildən maaş, pensiya və müavinatlarda da ciddi artımların olacağı ilə bağlı, ən yüksək səviyyədə bir çox bəyanatlar verilsə də, artımların çox cüzi olması səbəbindən, əhalinin büdcəsinə heç bir müsbət təsiri də olmadı.
Yaranmış vəziyyətdən çıxmağın əsas yollarından biri sahibkarların məmur inhisarçılığından çıxarılmasına yardım etmək və heç şübhəsiz ki, vergilərin azaldlılmasıdır. İnkişaf etmiş bir çox dövlətlərin təcrübəsi göstərir ki, qiymətlərin sabit saxlanması, yaxud da ciddi qiymət artımının olmaması üçün hökumət idxal olunan təlabat malları üçün gömrük rüsumunu tamamilə, yaxud qismən aradan qaldırırlar.
Əslində, tarifləri normal saxlamaq və gömrük fiksal siyasətini aşağı endirmək hökumətin əlində olan əsas alətdir.
Bu gün görünəni odur ki, bu sahədə hökumət tam əks siyasət həyata keçirir. Yəni məmurların taladıqlarını xalqın dərisini soyaraq yerinə qaytarmaq istəyir. Bu səbəbdən də, ölkə əhalisinin gündəlik yaşamı heç bayram günləri də xoş keçmir. Bayramları da, adi günləri də xoş keçənlərsə xalqdan və dövlətdən taladıqları pullar hesabına əcnəbi məmləkətlərdə keyf çəkən məmurlar çetesidir.
Boş da olsa, Bahar bayramınız mübarək!!! Allah hər birimizi Azərbaycan məmurlarının nəfsindən qorusun!
Yusif Seyid