Korrupsiya və onunla mübarizə

Korrupsiya və onunla mübarizə
 
 
Yüz dəfə qaranlığı söyməkdənsə, bir dənə şam yandırmaq yaxşıdır...
 (Konfutsi)
Düşünürəm ki, yaltaqlıq kimi korrupsiyanın da bizim cəmiyyətdə geniş yayılması, yəqin ki, hamını, əsas da biz ziyalıları narahat edir və etməlidir. Bəzi opponentlərim dərhal etiraz edəcək və deyəcəklər ki, korrupsiya dünyanın hər yerində, o cümlədən bizdə də var, bizdə bu problemə qarşı bütün səviyyələrdə qızğın mübarizə gedir və s. Razılaşmaq olar, amma burda korrupsiya ilə rüşvəti bir-birindən ayırmaq lazımdır...
Məlum olduğu kimi, rüşvət məqsədə çatmağın, sosial pilləkanda rəqabətsiz qalxmağın alçaq, amma məhsuldar yoludur. Yəni qeyri-qanuni, qarşı tərəfdən konkret bir şeylər qoparmaq üçün həyata keçirilən hərəkətdir, faktiki olaraq, yaltaqlığın maddi formada davamıdır, hətta bizdə bəzən “hörmət” də adlanır. Bəli, rüşvət dünyanın hər yerində var və bu bəlaya qarşı hər yerdə mübarizə gedir. Amma korrupsiya tamam başqa şeydir, faktiki olaraq yaxşı təşkilatlanmış mütəşəkkil cinayətkarlıq deməkdir. Sadəcə olaraq, mütəşəkkil cinayətkarlıq oğru aləminin nəzarəti ilə baş verdikdə oğurluq və quldurluq, siyasi dairələrin dəstəyi ilə (iqtidar, müxalifət – fərqi yoxdur) həyata keçirildikdə, korrupsiya adlanır. Odur ki, korrupsiya hadisələri ilə əlaqəli araşdırmalar Mütəşəkkil Cinayətkarlığa qarşı mübarizə Baş İdarəsində həyata keçirilir. Hazırkı qeydlərin də məqsədi korrupsiyanın səbəblərini araşdırmaq və bu bəlaya qarşı mübarizədə cəmiyyətin rolunu aydınlaşdırmaqdır.
Araşdırmaların əvvəlində bir-iki məsələyə aydınlıq gətirmək istərdim. Deməli, bizim siyasi müxalifət, əsasən də mühacirət müxalifəti Azərbaycanda mövcud korrupsiyan hallarını (bunu heç kim inkar etmir) həddindən artıq şişirdir, hətta bunun dövlət siyasəti səviyyəsinə çatdığını bildirir. Bu, bəyanatların qərəzli və əsassız olduğunu cəmiyyətin məlumatlı təbəqəsi bilir, mən də sadə dillə izah etməyə çalışacağam. Yuxarıda deyiyim kimi, korrupsiya oğurluq, quldurluq hadisəsidir. Hansı kişi, hətta ən pis kişi istər ki, evində oğurluq olsun?! Hörmətli dostlar, siz istəyərsinizmi?! Mən şəxsən istəmərəm, acından ölsəm də, istəmərəm. Bəs, Azərbaycana rəhbərlik edənlər niyə istəsinlər, onlar bizdən əskikdirlər, ya bizim kimi düşünmürlər, bəlkə ziyalı deyillər?!
Düşünürəm ki, Azərbaycanda korrupsiyanın yuxarıdan idarə olunması cəfəngiyyatdır, bu cinayəti müxtəlif səviyyəli məmurlar özfəaliyyət səviyyəsində həyata keçirir, biz də cəmiyyət olaraq, prosesi dəstəkləyirik. Bəli, bəli, dəstəkləyirik, çünki mübarizə aparmırıq, səsimizi çıxarmırıq. Başıma gələn, şahidi olduğum iki hadisəni danışmaq istərdim. Deməli, mən uzun müddət rəsmi qəzetlərin birində siyasi icmalçı işləmişəm, daxili, xarici siyasət sahəsində babat mütəxəssisəm. Qəzetin 1-ci redaktoru, sözün əsl mənasında yaxşı jurnalist, alicənab adam idi. Onun dövründə qəzetdə nəinki korrupsiya, hətta mərkəzləşniş rüşvət də yox idi. Yaxşı dostları vardı, onların dəstəyi ilə babat dolanırdı. Qəzetin pullarını da redaksiyanın təmirinə, jurnalistlərin sosial problemlərinə xərcləyirdi, bir sözlə, “çörək verən” redaktor idi. Təsəvvür edin, qəzetin yaradıcı kollektivi, hətta texniki işçiləri peşə bayramlarını Qubada, Xızıda keçirirdi.
Redaktorumuz istedadlı jurnalist, təbiətən mərd adam olsa da, ailə tərbiyəsi görməmişdi, uşaqlıqdan, özünün də yazdığı kimi, “özgə qapıları”nda böyümüşdü. Odur ki, ağlına, ağzına nə gəldi, kimin yanında gəldi danışırdı. Təbii ki, ictimai-siyasi qəzetin redaktoru üçün qeyri-siyasi söhbətlər böyük qəbahətdi və onu işdən çıxardılar (Jurnalist redaktor haqqında geniş yazım var...) Yerinə savadlı, tərbiyəli, müəllim ailəsindən çıxmış bir nəfər gətirib qoydular. Doğrudur, jurnalist deyildi, amma yaxşı məmur-senzor idi, işini bilirdi. Təzə redaktor işə gələndən sonra qəzetdə elə bir korrupsiya-hörümçək toru yaratdı ki, şeytan da baş açmazdı. Müavinləri, şöbə müdirlərini – hamısını işdən çıxartdı, qəzetdə hamı “əməkdaş” oldu, bir “Baş redaktor” qaldı. Artıq hər yazının və hər əməkdaşın öz qiyməti vardı. (Mən həmin vaxtı dözə bilmədim, qəzetdən getdim). Təsəvvür edin, qəzetdə orta əmək haqqı Respublikanın minimum əmək haqqından aşağıdır, amma redaktor deputatdaç çox maaş alır, qəzetin bir əməkdaşı da səsini çıxarmır. Odur ki, həmin adam, həmin araba indi də yerindədir (Məmur-senzor redaktor haqqında da geniş araşdırmalı, ünvanlı bir yazım var)...
Başıma gələn ikinci hadisə daha ibrətamizdir. Bilənlər bilir, mənim oğlum 2017-ci ildə evimizin yanında avtomobil qəzası törətdi, ölən, yaralanan oldu. Oğlum BDU-nun Jurnalistika Fakultəsinin 3-cu kursunda oxuyurdu. İstədim zərərçəkmişlərlə barışım, 0ğlumun həyatı batmasın, Allah da günahımızı bağışlasın... Dəhşətli adamlara rast gəldim, faciəni bazara çevirdilər, hərəsi məndən 70-80 min pul istədilər. Jurnalistəm, verə bilmədim, oğlumu həbs etdilər, məni də bu məsələyə görə işdən çıxardılar, indi evdə “cəzamı” çəkirəm. İstintaq təcridxanasının birinci rəisi acgöz adam idi, təcridxananı bazara döndərmişdi. Arabaçıdan tutmuş nəzarətçiyə qədər hamı adamdan rüşvət istəyirdi, heç kim utanıb-çəkinmirdi. Oğlumla ailəmin bir görüşünə minimum əmək haqqından çox pul verməli olurdum, borcun içində boğulurdum. Rəislə bir jurnalist, valideyin kimi görüşüb, bunu şəxsən özünə demişdim, heç bir tədbir görməmişdi. Camaat da bu ədalətsizliklə barışmadı, Prezidentə, Ədliyyə Nazirliyinə yazdı, şikayət etdi. Sağ olsunlar, acgöz rəisi işdən çıxardılar, xidmətdən uzaqlaşdırdılar. Təzə gələn rəis cavan, məsuliyyətli adamdır, korrupsiya sistemini tamam ləğv edib, heç adamdan pay istəyən də yoxdur. Mən jurnalistəm, müşahidəçiyəm, diqqət edirdim, hansı nəzarətçi özünü yaxşı aparmırsa, bir həftədən, beş gündən sonra görürdüm ki, yerində yoxdur...
Burda bir məqam da var, kimlərsə cəmiyyətdə belə bir rəy formalaşdırmaq istəyirlər ki, Azərbaycanda hüquq-mühafizə orqanları tamamilə korrupsiyaya bulaşıb, polisdə rüşvət almayan yoxdur və s. Yeri gəlmişkən, bizim siyasi müxalifət, xüsusən də mühacirət müxalifəti bu məqamı şişirtməklə məşğuldur. İndi çox adam deyir “Amerikada, Avropada, nə bilim Avstraliyada polis belə mədənidir, camaata elə xidmət edir, rüşvət almır, qanunu tapdamır... Azərbaycanda isə polis kobuddur, insafsızdır, qanunu pozur, rüşvət alır” və s. Qeyd edim ki, mən bir müddət hüquq-mühafizə orqalarında mətbuat katibi və qəzet redaktoru işləmişəm. Qəzetin axırıncı səhifəsi üçün “Dünya polisi” rubrikasını hazırlayarkən müxtəlif ölkə polislərinin xidməti fəaliyyətini araşdırdım və məni narahat edən bəzi suallara cavab tapdım...
Məlum oldu ki, məsələn, ABŞ polisi doğrudan da rüşvət almır. Amma bu, polisin şəxsi keyfiyyətlərindən, ailə tərbiyəsindən, ya da qanuna hədsiz hörmətindən irəli gəlmir, sadəcə olaraq, sistem belədir. Deməli, ABŞ-da polis nəfərinin (yəni post-patrul xidfmətinin) orta aylıq maaşı 5-7 min dollar arasında (bəzi ştatlarda fərqlidir) dəyişir. Razılaşaq ki, orta aylıq maaşı 3-4 min dollar olan ölkədə bu, xeyli böyük məbləğdir. Polis nəfəri bizdə olduğu kimi 25 il xidmət edir və təqaüdə çıxdıqdan sonra bu maaşı ömrünün axırına kimi pensiya şəklində alır. Vəfat etdikdən sonra bu pensiyanı həyat yoldaşı, ya da varsa, azyaşlı uşaqları alır. Bəli, yayda bizim Azərbaycana da gələn, şortik geyinən qoca turistlərin bir hissəsi Amerika polisində ləyaqətlə xidmət etmiş və pensiyaya çıxmış həmin polis nəfərləridir. Amma burda bir məqam var, polis nəfəri 25 illik xidməti dövründə əgər bircə dəfə bağışlanmaz səhv edərsə (andına xəyanət edərsə, cinayətə və cinayətkara xidmət göstərərsə, korrupsiyaya yol verərsə və s.), işdən qovulur və ömürlük pensiyadan birdəfəlik məhrum olur. Düşünürəm ki, burda əlavə şərhə ehtiyac yoxdur...
Sözümün canı odur ki, hökumət islahatlar, cəmiyyət mübarizə aparsa, məmurlar yerində olsa, korrupsiyanın da qarşısını almaq olar. Buna yuxarıdan aşağı hamı sevinər. Sualımı bir də təkrar edirəm: Hansı kişi istər ki, evində oğurluq olsun, rüşvət olsun?! Axı, Respublikada korrupsiyanın qarşısını almaq üçün müəyyən islahatlar aparılır, on milyonlarla pul xərclənir, o boyda “Asan” xidmət şəbəkəsi yaradılır, bəs biz nə edirik?!
Mətləbə dəxli var deyə, mətləbdən uzaqlaşmaq, bir haşiyə çıxmaq istərdim. Əgər diqqət etmisinizsə, Rusiyada dilənçilərin sayı bizdəkindən dəfələrlə azdır. Bilirsiz niyə? Sadəcə olaraq, Rusiyada dilənçiyə pul vermirlər, ancaq şikəstə, ehtiyacdan dilənənə kömək edirlər. Bizdə isə dilənçilər o qədər harınlaşıb ki, hətta “Acam, mənə kömək edih” demirlər, “Savabdır, Allah yolunda verin” deyirlər. Dostlar, gəlin öz savabımızı özümüz təyin edək, sağlam dilənçiyə sədəqə, dilənçi məmura rüşvət verməyək. Onda cəmiyyətin necə tədricən sağaldığını, korrupsiyanın azaldığını görərik... Axı, böyük Konfutsi də deyir ki, yüz dəfə qaranlığı söyməkdənsə, bir dənə şam yandırmaq yaxşıdır...
Qalib ARİF
0.018364906311035