"Gəlin qaya" əfsanəsi - 24-cü hissə 

 
 
 
Çəkilir dağların başından duman,
Güzgü tək əks olur zirvədən hər yan.
Uşaqlıq illərə getdi xəyalı,
Quzeyə düşərdi elat mahalı.
O, quzey tərəfə həsrətlə baxır,
Dərd onun içini yandırıb, yaxır.
Quzeydə bir çoban qoyun otarır,
Tütəklə yanıqlı bayatı çalır.
Dağlarda əks olur bir körpə səsi,
Yandırır aləmi ahı-naləsi.
Çoban yapıncıya bürüyüb onu,
Uşaq içməsinə sağır qoyunu.
Körpə də bir yerdə tutmur qərarı,
Durub iməkləyir dərəyə sarı.
Açıb əjdaha tək ağzını dərə,
Dilsiz bir körpəni istər sümürə.
Quzeydə məskundu onun mahalı,
Dəyişir bir anlıq Sarayın halı.
Sataşır gözünə bir körpə uşaq,
Zirvədən görünür olsada uzaq.
Axır dərə ilə qıjovlu bir çay,
Həyəcan içində qışqırır Saray.
Çəkib sinəsinə o son nəfəsi
Əks olur dağlarda Sarayın səsi.
Əzizinəm balabanı,
Asta çal balabanı.
Hamının balası gəldi,
Bəs mənim balam H..a…n..ı?
Bir anlıq körpəsin yadına salır,
Bu el bayatısı yarımçıq qalır.
Saray sarsılaraq bu mənzərədən,
Qartal tək şığıyır durduğu yerdən.
Ruhu pərvazlanır qalxır yuxarı,
Atılır qayadan dərə aşağı.
Elatı çağırdı haraya çoban,
Bir gəlin özünü atdı qayadan.
****
Bu səsdən dağlar da lərzəyə gəldi,
Görüb eşidənin bağrını dəldi.
Dağlar da, daşlar da tökdü göz yaşı,
Döndü əfsanəyə o qaya daşı.
Zamandan-zamana oldu əfsanə
Ruhu öz körpəsin axtarır yenə.
 
Davamını izləyin...
Allahverdi Kərimoğlu
0.024490118026733