"Gəlin qaya" əfsanəsi - 22-ci hissə
Sökülür dan yeri, açılır səhər,
Şütüyür yol boyu o qara Kəhər.
Torağay səhrada verib səs-səsə,
Oxuyur nəğməsin quş bir nəFəsə.
Qaraca qayıdır, qəmli, kədərli,
Qısasın almayb hələ əməlli.
Sarayın qısasın o almaq üçün,
Düşünüb-daşınır hər gün büsbütün.
Atını sürərkən ceyranlı çölə,
Bir namərd qurmuşdu Qaraya tələ.
Sarı xan kəsdirmiş bəndi-bərəni,
Qoşunlar tutmuşdu uzun dərəni.
Əlləşib, vuruşub tutdular onu,
Falaqqa ayaqda, zəncirdə boynu.
Atdılar zindanın dərinliyinə,
Dünyanı görməsin bir daha yenə.
Tapdanır namuslar, tapdanır haqlar,
Zindanda kəsilir əllər-ayaqlar.
Qaniçən yağılar durub pusquda,
Istəyir dünyanı şar kim uda.
Bir yandan öz xalqın xanlar, xaqanlar,
Çürüdür zindanda uzun zamanlar.
Padşahlar ortaya salsa ədavət,
Onun əzabını millət çəkəcək.
Bəy-xanın zülmündən xalq doyub cana,
Hərə baş götürüb qaçdı bir yana.
****
Günəş nur səpdikcə Milə, Muğana,
Istidən hər tərəF az qalır yana.
Elat köç eyləyir dağlara sarı.
Hərə bir tərəFdə tutur qərarı.
Bəylər,bəyzadələr köç edir dağa,
Bəy-xanın sürüsü düşür qabağa.
Qarışır sürülər keçiddə bəzən,
Itiyin soraqlar burda at gəzən.
Coşdurar qanları dağın havası,
Bəzən yolda düşər tayFa davası.
Çomaqlar şaqqıldar, bəlgə tutular,
Qan düşər ortaya, ölən də olar.
Sürülər yayılar yala, yamaca,
«Qoymayın qarışa» qışqırır qoca.
Nə qədər olsa da köçüb-düşlərin
Hərə bir tərəFdə salır məskənin.
Qoynunda dupduru gur bulaq axan,
Dəlidağ qoynuna düşür Sarı xan.
Dəyələr qurulur ağ keçələrdən,
Gah yağış qorxuzur, gah dolu hərdən.
Uşaqlar dırmaşır yala, yamaca,
Danışıb, gülüşür qız, gəlin, qoca.
Qız-gəlin çiçəkdən çələng bağlayır,
Bəzəkli muxruda Saray ağlayır.
Əriyir şam kimi o gündən-günə,
Qarğayır bəxtinə, toya,düyünə.
O, toyu sayırdı özünün yası,
Hər yada düşdükcə körpə balası.
Ümidsiz boylanır hər dağa-daşa,
Sanki balasına edir tamaşa.
Oturub muxruda qəmli-kədərli,
Dünyadan üzülüb elə bil əli.
Davamını izləyin...
Allahverdi Kərimoğlu