Azərbaycan İnternetinin dayanıqlığı
Osman Gündüz:
Ötən günlər Rusiya - Ukrayna müharibəsi ilə bağlı Azərbaycan İnternetini gözləyən risklər haqqında yazmışdım.
Azərbaycan İnterneti üçün risklər daha çox nə ilə bağlı ola bilər?
Düşünürəm ki, bu risklər daha çox Azərbaycana daxil olan magistral internet xətlərinin Rusiya ərazisindən keçən hissəsi ilə bağlıdır.
Məlum olduğu kimi Azərbaycana interneti iki magistral (backbone) operator, Delta Telecom və AzerTelecom gətirir.
Hər iki magistral operator həm Rusiya üzərindən, həm də digər istiqamətlərdən Azərbaycana internet trafikini gətirmək imkanına sahibdir.
Bəs Azərbaycana daxil olan internet trafikin Rusiya üzərindən keçən hissəsinin xüsusi çəkisi nə qədərdir?
Araşdırmalar göstərir ki, Delta Telecom şirkətinin Azərbaycana gətirdiyi internetin çox hissəsi Rusiyaya məxsus Rostelekom telekommunikasiya operatorunun bu ölkənin ərazisindən keçən magistral optik xətləri vasitəsilə tranzit yolla daxil olur.
Yeri gəlmişkən, Rostelekom da sanksiyalara məruz qalan qurumların siyahısına daxildir.
AzerTelecom şirkətinin Azərbaycana gətirdyi internetin əsas hissəsi isə Gürcüstan istiqamətindən ölkəyə daxil olan magistral xətlər vasitəsilə həyata keçirilir.
Həmçinin, internetin əsas hissəsi ilə yanaşı rezerv trafiki də Qərb istiqamətindən, yəni Gürcüstan üzərindən alınır. Şirkətin Rusiya üzərindən aldığı rezerv trafik isə 2-ci dərəcəli rezerv əhəmiyyəti daşıyır.
Buradan belə qənaətə gəlmək olar ki, Rusiya-Ukrayna müharibəsi və Rusiyaya tətbiq edilən sanksiyalar səbəbindən Azərbaycan interneti üçün də yarana biləcək risklər AzerTelecom və onun trafiki üçün ciddi olmayacaq.
Yeri gəlmişkən, AzerTelecom şirkəti tərəfindən Xəzərin dibi ilə Orta Asiya (Qazaxıstan və Türkmənistan marşrutları) istiqamətində də sualtı fiber optik magistralın (Trans Xəzər Fiber Optik Kabel Xətləri) çəkilişi də gələcəkdə AzNet-in dayanıqlılığı üçün mühüm əhəmiyyətə malikdir.
Fikrimcə, Rusiya-Ukrayna müharibəsi ilə bağlı, Rusiya internetinin qlobal şəbəkədən ayrılacağı ilə bağlı Azərbaycan internetinin dayanıqlılığı üçün yarana biləcək risklər hökumət tərəfindən diqqətdə saxlanılmalıdır.
P.S. Rusiya internetinin ən yaxın vaxtlarda qlobal şəbəkən tam ayrılacacağı bildirilsə də, hələlik qlobal internet şirkətlərinin bununla bağlı yekdil fikri formalaşmayıb.