"Gəlin qaya" əfsanəsi - 19-cu hissə

 
 
 
Xan vermiş hər yana qatı bir Fərman,
Qırx gecə, qırx gündüz kəsilsin qurban.
Yığsın öz toyuna bütün mahalı,
Sarayda görsünlər o gül camalı.
Qurur toy-büsatın büllur sarayda,
Gəlir bu məclisə o tay-bu tay da.
Kəcavə içində oturmuş Saray,
Qaranın eşqiylə çəkirdi haray.
Əzizinəm dağ arana,
El köçər dağ arana.
Yağı girdi torpağıma,
Dağ çəkdi dağ arana.
Dərdini dağıdır yala-yamaca.
Ağlayır karvanla gedən bir qoca,
Dedi ki, Qaranı gördüm zindanda.
Yetişər dadına, Allah amanda,
Karvana qoşulan pirani qoca.
Zindan həmdəmiydi Çoban Qaraca,
NiFrətlə seyr edir xanın sarayın.
Qələmlə verirdi onların payın,
Haqsızlar içində haqqı tapdı o,
Yazdığı əsərlə qala yapdı o.
Şeyx Sədi şerlə tökdü təməlin,
«Gülüstan» içində yapdı heykəlin.
****
Köçəri köç edir dağa-arana,
Kimi Çalbayıra, kimi o yana.
Bir körpə şəllənib bir qoca qarı,
Yalın ayağıyla yorur yolları.
Dağları daşları o yara-yara,
Bilmir ki, körpəni aparsın hara.
Yamacda bir çoban qoyun otarır,
Tütəyin səsiylə sürü qaytarır.
Qarı tez tanıyır çoban Musanı,
Soruşur elatı, eli obanı.
Acından kəsməyir körpənin səsi,
Ruhunu oxşamır ana nəFəsi.
Bürüyüb hər yanı ellərin yaşı,
Körpəyə lazımdı ana laylası.
Elləri salmışdı xan pərən-pərən,
Xan özü dözərmi vətənsiz görən?
Səllənib uşafı qarı dalına,
Daşıyır gah dağa, gah da arana.
Söyləyir dərdini çoban Musaya,
Körpənin səsini əks edir qaya.
Elə bil dil açır daş da, qaya da,
Istər ki, fəryadı aləm oyada.
Uşağın halına çoban ağlayır,
Oğulluq götürüb ilqar bağlayır.
Çoban koğa ilə qoyunu tutur,
Kasaya süd sağır, ovşar da vurur.
Içirdir körpəyə qoyunun südün,
Savabın qazanır həm yerin, göyün.
Musa qoyunları yığır arxaca,
Aparır körpəni o qaça-qaça.
Cırıq bir köynəkdə körpə titrəyir,
Soyuqdan çənəsi çənəyə dəyir.
Tez bükür uşağı köhnə çuxaya,
Körpə mışıl-mışıl gedir yuxuya.
Köç düşən tərəfə gedir qarı da,
Böyüdür körpəni həmin obada.
 
Davamını izləyin...
Allahverdi Kərimoğlu
0.025286912918091