"Gəlin qaya" əfsanəsi - 18-ci hissə

 
 
 
 
O gündən kəsildi xan, xana yağı,
Tapdadı bu yurdu düşmən ayağı.
Qərbdən də, şərqdən də hücum çəkdilər,
Yağı toxumunu yurda əkdilər.
Söküldü, dağıldı xanın sarayı,
Qanlı su axıtdı Araz-Kür çayı.
Cənnət Mil-Muğanım sükuta daldı,
Sahibsiz BEYLƏQAN viranə qaldı.
****
Zindandan zindana düşdü çobanlar,
Şiraz zindanında saldılar qərar.
Zindanda ağlayır qoca bir kişi,
Yazıb yaratmaqdı onun vərdişi.
Hökmü hökmdarı haqqa çağırır,
Haqsız hökmdarı qələmə alır .
Işləyir əlində haqqa qələmi,
Sözüylə bəzəyir geniş aləmi.
Haqsız hökmdarın payını verir,
Haqq yolun Allahın yolunda görür.
Gəzir eldən-elə nurani qoca,
Haqsız hökmdara, rast gəlir aca.
Ellərin dərdidi qocanın dərdi,
Qılınc kəsməyəni, qələm kəsərdi.
Günahsız düşmüşdü zindana qoca,
Onun bu halına yandı Qaraca.
Eşitmir haqq sözün nədən hökmdar?
Şairi zindana niyə salırlar?
O elin yolunda zindana düşdü,
Qara Şeyx Sədiylə orda görüşdü.
Hökmdar atmışdı Şeyxi zindana,
Onu ağladırdı haqsız zamana.
Tökülür saqqala gözdən axan yaş.
Hikmətlə danışır o yavaş-yavaş.
Hikmət dəyirmanı üyüdür sözü,
Həyatda açılsın acizin gözü.
Çox baxıb qocaya Ayı Fətalı,
Şeyxi qucaqlayıb dəyişdi halı.
Şeyxin saqqalına baxıb ağladı,
Qocanın sinəsin çarpaz dağladı.
Çoban çox ağladı, çox da kövrəldi,
Axırda çobanın açıldı dərdi.
Şeyx Sədi söylədi nədən ağlarsan?
Niyə yas tutuban, qara bağlarsan?
Çoban söylədi ki, sən danışanda,
Sanıram dayanıb təkə yanımda.
Tərpənən saqqalın mənə xoş gəlir,
Göylərdən başıma küllər ələnir.
Bu zalım bəy-xan da vermədi aman,
O uzun saqqalın tərpənən zaman,
Keçimin kövşəyi yadıma düşdü,
Hönkürüb ağladı, çoban bürüşdü.
Yaydıqca aləmə bu qoca nurun,
Nadanlıq alçaldır şair qürurun.
Şeyx Sədi anladı bu yazıq çoban,
Nadan böhtanına olubdu qurban.
Nadan tanımasa aqil-cahili,
Zindanda olacaq alimin yeri.
 
Davamını izləyin...
 
Allahverdi Kərimoğlu
 
0.015945196151733