"Gəlin qaya" əfsanəsi - 17-ci hissə

 
 
 
Sürünü yaymışdı yamaca çoban,
Günəş boylanırdı bir sərt qayadan.
Ətirli gül-çiçək almış hər yanı,
Ətriylə məst edir bəni-insanı.
Qara keçələrdən dəyə qurulur,
SüFrəyə çörəklə, pendir qoyulur.
Gəlin-qız yollanır bulaq başına,
Düzülür qazanlar ocaq daşına.
Kimi ət bişirir, kimi çay qoyur,
Biri qonaq gedir, biri pay qoyur.
Uşaqlar oynaşır yalda, yamacda,
Dərd də unudulur bu qaçaqaçda.
Oturub bir daşın üstündə Qara,
Zilləyib gözünü lay buludlara.
Düşünür dünyanın dərdi-sərini,
Dərd qalır, dəyişir bulud yerini.
Qaraca bezikib bu mənzərədən,
Quş kimi sıçrayıb qalxır yerindən.
Qara dərdli-dərdli oxuyur bir az,
Xoş gəlmir özünə səsdəki avaz.
Çevrilib boylanır o sola-sağa,
Çiynində heybəsi dırmaşır dağa.
Seyidlər kəndində bir seyid vardı,
Kasıb-kusublara hey əl tutardı.
Dillər əzbəriydi Seyid Mir Ağa,
Elatla qalxardı hər il yaylağa.
Qara çox axtardı, tapdı Seyidi,
Məramı, məqsədi görən nə idi?
Yalvarıb, yağarıb dedi:- Ay Ağa,
Mənim bu sirrimi vermə uzağa.
Sarayın kəbinin kəs mən Qaraya,
Söz-söhbət düşməsin haqsız araya.
Əlvan çiçəklərdən Saray qoydu tac,
Çox gizli qalmadı sirrli izdivac.
Bir oğlan doğuldu bayram qabağı,
Gizlində saxladı ana uşağı.
Xəlbət əmizdirər, bələr, bükər o,
Min qorxu içində əzab çəkər o.
Ağa bəy bilərəsə öldürər onu,
Faciə törədər bu işin sonu.
Xanların, bəylərin bu keF məclisi,
Saray qulağında körpə naləsi.
Ucalır göylərə ana Fəryadı,
Sarayın göz yaşı sanki dəryadı.
Ananı baladan ayırdı bu xan,
Ahəstə-ahəstə gedir karvan.
Oğul həsrətiylə Saray baxırdı,
Xanın köhlən atı şahə qalxırdı.
Deyəsən tələsir xan öz taxtına,
Göydən mələk enib sanki bəxtinə.
Şeypurlar çalınır, təbil vurulur,
Yol boyu insandan qala qurulur.
Qala qapısında dayanır karivan,
Çıxır öz taxtına qəddar Sarı xan.
 
Davamını izləyin...
Allahverdi Kərimoğlu
0.083189010620117