Quyuya atılan daş...
“Bir dəli quyuya daş atdı, yüz ağıllı onu çıxara bilmədi” misalının qeyd-şərtsiz yaşandığı bir zəmanədəyik. Buna geniş anlamda zəmanə də deməzdim, elə bu anımız həmin məsəlin əks olunduğu mənzərənin özüdür.
Yaxın-uzaq tariximizdən elə misallar, faktlar, “daşdan keçən” dəlil-sübutlar və s. gətirmək olar ki. Özü də sonsuz sayda. Onları deməsək də, tariximizin qan yaddaşına birdəfəlik yazılıb. Lakin istənilən hadisədən azacıq da olsa bəhs etsək, onun baş verməsində, kökündə nələrin dayandığını aydın şəkildə görmək olar. Yenə də dəlinin quyuya daş atmağı məsəli yada düşür...
O da bəllidir ki, dəlilər bir formada yazılsa da, mənası fərqli anlamda olub. Koroğlunun dəlilərindən, yaxud dəli-dolu adlandırdıqlarımızdan əlbəttə ki, bəhs etmirik bu məqamda. Məcazdan kənar, birbaşa mənada dəlilərin əməllərinin hansı nəticəyə gətirdiyi gündəmdə yaşayırıq.
Çox hadisələr baş verib son illərdə, aylarda, günlərdə. Hansısa dəlinin quyuya “daş atacağı”nın anonsu da öncədən verilir, yazılır, deyilirdi. Hamı da eşidirdi. Supergüclərdən tutmuş, sıravilərə qədər. Amma buna rəğmən, hamı sakitcə dayanıb o dəlinin quyuya necə, nə vaxt daş atacağının marağıylamı, qorxusuylamı, laqeydliyiləmi deyək, ya nəsə, müşahidəçi qismindəydi.
İndi vəziyyət dəyişib, “daş”ın ağırlığı o həddədir ki, onu nə qaldırmaq, nə də ki quyudan çıxartmaq mümkündür. Yaxud, elə bir vəziyyət yaranıb ki, kimsə ya könüllü şəkildə quyuya düşmək istəmir, ya da düşənlər də elə quyuda ilişib qalıb...
Yüz ağıllının yığışaraq bir dəlinin atdığı daşı çıxarmaq uğrunda verdiyi mücadilənin nəticəsi də göz qabağındadır.
Necə deyərlər, “bu xəmir hələ çox su aparacaqsa”, onu yoğuranın əlinə yazıq. Hansısa olacaq, nə vaxtsa baş verəcək nəticəni bu gün nahaq tökülən qanlarla, çıxan canlarla kompensasiya etmək də mümkün deyil. Nə faydası?! Nə mənası bundan sonra?!
... Daşsa öz yerindədir. Onu qaldıranı, o kor quyudan çıxaranı gözləyir. Bir dəlinin atdığı, fəqət yüz deyil, sonsuz sayda “sinəsinə döyənin” olduğu, amma bir nəfərin irəli durub atlanmadığı quyunun var olduğu “kor qalmış zəmanədə”...
Nigar Orucova
Paralel.az