Qloballaşan dünyada Yer kürəsi
Qloballaşan dünyada Yer kürəsi - sərhədlərin yoxa çıxacağı qədər - balacalaşıb. İndi güc və səlahiyyət təşnəsi olanların törətdiyi qanlı müharibələr heç bir dövlətə, heç bir xalqa səadət gətirmir, əksinə, kütləvi insan tələfatı, ayrılıq, ölüm-itim, bədbəxtlik, bir sözlə, qlobal fəlakət gətirir.
Gerçəyi dərk edən əksər Qərb dövlətləri aralarındakı əsrlərlə davam etmiş müharibələrə, demək olar ki, son qoyub və insan xislətinə uyğun yaşamaq yolunu seçiblər.
Onsuz da təbiətin amansız həmlələrinə məruz qalan bəşər övladının trilyonlar xərcləyib bir-birini qırması, ağlasığmaz ağılsızlıqdır.
Bu gün milyonlarla insanın həyatına son qoyan xəstəliklərlə, amansız təbii fəlakətlərlə üz-üzə qalmış ümumi evimizin -Yür kürəsinin qorunmasına, etnik, irqi və dini mənsubiyyətindən asılı olmayaraq, bütün insanların birlik və həmrəyliyinə daha çox ehtiyac vardır. Artıq orta əsrlərin qəhrəmanlıq zehniyyəti dəyişməli, insan mərkəzli təfəkkür qalib gəlməlidir. Dərin idrak, yüksək əxlaq, nümunəvi mədəniyyət və güclü iqtisadiyyat silahlı çaxnaşmaları, bəşəriyyətə meydan oxuyan müharibə dəhşətlərini geridə buraxmalıdır!
Təəssüf ki, bütün bunlar hələ də əlçatmaz arzu olaraq qalır, çünki qarnı ilə düşünənlərimiz beyni ilə düşünənlərimizdən qat-qat çoxdur... Allah bəşəriyyəti məhv olmaq təhlükəsindən qorusun!
İdris Abbasov