Başqırdıstan şirkətləri “CEO Breakfast Baku”da iştirak ediblər
Artıq xoş ənənə halını almış “CEO Breakfast Baku”, klub üzvlərimizin əvəzolunmaz “networking” platformasına çevrilib. 2021-ci ilin iyul ayından bu günə kimi Bakıda və Azərbaycanın müxtəlif regionlarında 30-dan çox “CEO Breakfast” keçirilib.
Bu barədə “Caspian Energy Club”un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev bildirib.
O qeyd edib ki, növbəti “CEO Breakfast”da Rusiya Federasiyasının Başqırdıstan Respublikasından gələn 14 şirkəti təmsil edən 25 nəfərdən ibarət nümayəndə heyəti iştirak edib. Tədbir çərçivəsində bir sıra “B2B” görüşlər keçirilib.
“CEO Breakfast” postpandemiya dövründə mühüm rol oynayır, şirkət rəhbərləri və nümayəndələri üçün ünsiyyət yaratmaq, öz xidmət və məhsullarını həm “Caspian Energy Club”un üzvlərinə, həm də klubdankənar şirkətlərə tanıtmaq üçün əlverişli şərait yaradır. Hər “CEO Breakfast”da iştirak edən çoxsaylı şirkətlər bir-biri ilə yaxından taniş olub, öz satışlarını rahatlıqla həyata keçirə bilir. Statistikaya əsasən, şirkətlər hər tədbirdən, sayı 5-dən az olmayan satış əldə edirlər.
“CEO Breakfast”ın unikallığı ondan ibarətdir ki, kiçik və orta biznes nümayəndələri iri holdinq və transmilli şirkətlərin nümayəndələri ilə bir platformada görüşüb ünsiyyətə girə bilirlər. Bu “networking” imkanı kiçik və orta biznesin inkişafına stimul verir. Tədbirin məqsədi kiçik və orta biznesi təmsil edən iş adamlarının biznesinin inkişafı və irəliləməsidir, bu da öz növbəsində Azərbaycan iqtisadiyyatının inkişafına yol açır. “CEO Breakfast” çərçivəsində aktual sual və təkliflər müzakirə olunur, fikir mübadiləsi aparılır”, - deyə Telman Əliyev vurğulayıb.
O bildirib ki, “CEO Breakfast” hər həftənin cümə günü saat 09:00-da fərqli məkanlarda “Caspian Energy Club”un üzvləri və qonaqlarının iştirakı ilə keçirilir.
Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin “B2G”, “B2B” və “B2C” formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
“Biznes-networking” üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
Şahnaz Salehqızı
Paralel.az