Masallıda Qarabağ müharibəsi
iştirakçıları unudulmur
Masallının qəhrəman oğulları istər Birinci, istərsə İkinci Qarabağ müharibəsində Vətən torpaqlarının azadlığı uğrunda əsl hünər göstəriblər. Bu elin şəhidlik zirvəsinə ucalan igidlərinin adları böyük qürurla çəkilir, müharibə iştirakçıları isə hər yerdə, hər zaman hörmətlə qarşılanır. Bugünlərdə Masallı Rayon İcra Hakimiyyəti, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatı, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin birgə təşkilatçılığı sayəsində I və II Qarabağ müharibəsi iştirakçıları ilə görüş keçirildi. Görüş şəhər Ağsaqqallar Klubunda təşkil olunmuşdu. Tədbirə qatılanlar əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə canından keçən qəhrəman Vətən sevdalıların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Görüş zamanı çıxışında Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev Vətən müharibəsi iştirakçılara, eləcə də öz sağlamlığını Vətən yolunda qoymuş igidlərə rayon rəhbərliyi adından göstərdikləri şücaətə görə təşəkkür edərək onları narahat edən məsələlərin daima ölkə rəhbəri cənab İlham Əliyevin diqqət mərkəzində olduğunu söylədi.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Masallı rayon təşkilatının sədri, ehtiyatda olan polis polkovnik-leytenantı Məmmədağa Şiriyev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Masallı rayon filialının sədri Nahid Rəhimov çıxışlarında 44 günlük Vətən müharibəsində doğma torpaq uğrunda ordumuzun əsgər və zabitlərinin şücaətindən , Azərbaycan xalqının mübarizlik əzmindən danışdılar, əldə olunan şanlı qələbəni Prezident - Xalq birliyinin təzahürü kimi xarakterizə etdilər.
“Rəşadət” ordenli şəhid çavuş Rafael Hüseynovun atası Teymur Hüseynov, I və II Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan kapitan Camaləddin Məmmədov, Vətən müharibəsi iştirakçısı Amil Fərəcov və başqaları hər zaman dövlətin onların yanında olduğunu, hərtərəfli sosial qayğı gördüyünü bildirdilər, göstərilən yüksək diqqətə görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq etdilər. Tədbirdə daha sonra söz alıb danışan müharibə iştirakçıları “Hər zaman dövlətimizin başçısı İlham Əliyevin ətrafında birləşərək Müzəffər Ali Baş Komandanımızın hər bir əmrini canla-başla yerinə yetirməyə hazırıq. Bu bizim Vətən və dövlət qarşısında vətəndaşlıq borcumuzdur...” söylədilər.
Görüşdə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən I Qarabağ müharibəsi əlili Vəli Nurullayevə “Vətən naminə” medalı təqdim olundu.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər
Birliyinin üzvü
Paralel.az