Nazir müharibədə könüllü iştirak edənlərə “Müharibə veteranı” statusunun verilməməsinə aydınlıq gətirib

Nazir müharibədə könüllü iştirak edənlərə “Müharibə veteranı” statusunun verilməməsinə aydınlıq gətirib
 

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 44 günlük Vətən müharibəsində könüllü iştirak edən şəxslərə “Müharibə veteranı” statusunun verilməməsinə aydınlıq gətirib.

Paralel.az-ın məlumatına görə, nazir jurnalistlərə açıqlamasında bildirib ki, burada hər hansı könüllü və ya qeyri-könüllü kateqoriyası yoxdur: “Müharibə veteran” statusu veriləcək şəxslərin konkret kateqoriyaları var. Bu da normativ hüquqi aktlarla təsbit edilib”.

O qeyd edib ki, həmin şəxslərin “Müharibə veteranı” statusunu müəyyən edən xidmət keçdiyi və ya işlədiyi qurumdur: “Könüllü olaraq döyüşə gedən də hansısa hərbi hissəyə təhkim olunub. Ona görə də həmin qurumlar qanunvericilikdə olan kateqoriyalar üzrə siyahıları müəyyənləşdirir”.

Sahil Babayev bildirib ki, indiyə qədər altı qurum üzrə “Müharibə veteranı” statusu təyin edilib və onlara aylıq təqaüdün verilməsi başlanılıb

Onun sözlərinə görə, statusun hansı dövrdə təsdiq olunmasına baxmayaraq, şəxslərə təqaüd yanvardan hesablanır: “Bu ay ərzində Müdafiə Nazirliyinin müvafiq siyahısının verilməsini gözləyirik. Yeganə qalan qurum onlardır və ən çox kontingent də həmin qurumdadır. Mart ayının ilk yarısından Müdafiə Nazirliyinin verəcəyi siyahı üzrə də “Müharibə veteranı” təqaüdünün verilməsinə başlanıla bilər. Proses qısa müddətdə yekunlaşacaq.

1991-1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmətdə olarkən xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə və onlardan vəfat edənlərin ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi ilə bağlı hazırda Müdafiə Nazirliyi və digər hərbi qurumlarla birgə həmin kontingentin dəqiq siyahısının müəyyən edilməsi üzərində iş gedir”.

Onun sözlərinə görə, 90-cı illərin əvvəllərində müvafiq uçot, elektronlaşma və digər sənədlər ya yox idi, ya da çox məhdud sayda olub:

“Ona görə də bu sahədə müəyyən çətinliklər var. Çünki həmin sənədlər elektronlaşmayıb.  Həmin müddətdə hərbi həkim komissiyaları tərəfindən verilən şəhadətnamələrin elektron sistemə yığılması aparılır. Həmin siyahıda olan şəxslərin sosial sığorta alan və almayanları müəyyən ediləcək. Almayan şəxslərlə bağlı da müvafiq qərarlar verilərək, həmin ödənişlər həyata keçiriləcək. 

Ümid edirik ki, iyun ayına qədər elektronlaşmalar başa çatacaq. Hazırda kifayət qədər eyni adlarda olan şəxslərə dair şəhadətnamə var. Yaxud da şəxsiyyətlərinin müəyyənləşdirilməsində çətinlik yaşanan şəhadətnamələr var.

Onların bəziləri ilk illərdə rus blanklarında hazırlanan şəhadətnamələrdir. Bunların hamısının uyğunlaşdırılması və yekun siyahının hazırlanması üzərində iş gedir. 

Həmin şəxslərin hər hansı bir quruma müraciət etməsinə ehtiyac yoxdur. Onlarla bağlı birbaşa qərar verilərək ödənişlər ediləcək. Kimlərin ki, məlumatı tam və dolğun deyil, onlarla bağlı çağırış ediləcək ki, qeydiyyatda olduqları rayonlar üzrə DOST mərkəzlərinə, DSMF-nin qurumlarına aidiyyəti sənədlərlə yaxınlaşaraq yoxlamalardan keçərək ödənişlərini alsınlar. 

Planlaşdırırıq ki, bu il ərzində təxminən 20 minə yaxın şəxsə 120 milyon manat məbləğində vəsait ödəniləcək. Həmin şəxslərin sayı hələ yekun rəqəm deyil və siyahı dəqiqləşdiriləcək”, – deyə nazir əlavə edib.

Qeyd edək ki, 1991-1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmətdə olarkən xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə və onlardan vəfat edənlərin ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi ilə bağlı verilən sərəncama görə, I dərəcə əlilliyə görə – 8 800 manat, II dərəcə əlilliyə görə – 6 600 manat və III dərəcə əlilliyə görə – 4 400 manat veriləcək.

Xatırladaq ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında könüllü iştirak etmiş bəzi şəxslər onlara “Müharibə veteranı” adının verilməyəcəyi barədə sosial şəbəkələrdə narazılıqlarını bildiriblər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Müharibə veteranı” adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdünü (80 manat) təyin edəcək.

0.015918970108032