Şəhid  analarımız...

Şəhid  analarımız...
 

Nuridə ananın əziz xatirəsini hörmət və ehtiramla yad edirik!

 İlk baxışdan simmetrik görünən 2020-ci ili Azərbaycan xalqının taleyində birmənalı qiymətləndirmək çox çətindir. Sadə ədədlərlə ifadə edilən, mahiyyətcə kədər və sevinclə dolu olan bu ilin fəsadları hələ də xalqımızın həyatında yaşanmaqdadır.

Sevindirici haldır ki, 2020-ci ildə müzəffər Azərbaycan Ordusunun rəşadəti sayəsində işğal altında olan Vətən torpağının böyük bir hissəsi murdar erməni tapdağından azad edildi. Amma bu sevinc bizə o qədər də ucuz başa gəlmədi - savaşa atılan yüz mindən çox Azərbaycan əsgərinin 2724 nəfəri şəhadətə ucaldı, 6 nəfər itkin düşüb. Allah bütün Cənnətməkan balalarımızın ruhunu şad eləsin, onlarla Cənnətdə görüşməyi, ehtiramlarında durmağı Allah bizlərə nəsib eyləsin. Amma düşünməyin ki, bizim itkilərimiz bununla məhdudlaşır, xeyir, müharibə hələ davam edir...

ANALARIMIZIN 44 günün hər birində qazandığı dərdləri ilə savaşı davam edir. Bu savaşda minlərlə şəhid vermişik, təəssüflər olsun ki, biz şəhid analarımızın statistikasını aparmırıq. Yüz min əsgərin yüz min də anası var və o ANALARIMIZ 44 günlük müharibədə hərəsi 44 dərd qazandı. "Allah balalarımı qoru, onların bütün bəlalarını mənə ver" - deyə 44 gün Allaha dua edən yüz min ANAMIZ var idi. Çoxunun duası müstəcəb oldu - Allah ANALARIMIZIN hamısının dualarını müstəcəb etdi - əsgər balası bu savaşdan sağ-salamat qayıtdı. Lakin Allaha duası ilə canını əsgər oğluna qurban deyən ANALARIMIZ dəstə-dəstə haqq dünyasına, duasını müstəcəb edən Tanrı dərgahına qovuşur. Bütün əsgər anaları da bizim təbrimizcə şəhiddir, "GƏZƏN ŞƏHİDLƏR". Çünki onlar 44 günlük savaşda ruhən "öldülər", cisimləri qaldı...

Belə əsgər ANALARINDAN biri də, Beyləqan rayonunun Orta Əlinəzərli kənd sakini, uzun illər xəstələrə şəfa verməyə çalışan, el-obasının sağlamlığı uğrunda çarpışan İbrahimova Nuridə Mayor qızı idi. Nuridə ana 44 günlük Vətən savaşına iki oğul göndərdi cəbhəyə - Şamxan və Xanış. Hər ikisi ermənilərin həyatını kabusa çevirən artileriya bölüyündə döyüşürdü. Hər iki oğlu Vətən Müharibəsinin ilk günündən sonuna qədər, Füzulidən Şuşayadək döyüş yolu keçdilər. Hər iki qardaş nümunəvi xidmətlərinə görə, Ali Baş Komandan tərəfindən orden və medallarla təltif olundular.

Nuridə xanım və onun ömür-gün yoldaşı Vilayət bəy 44 gündə çəkdikləri iztirablara rəğmən Allaha şükür edirdilər ki, övladları döyüşlər zamanı yüngül xəsarətlər alsalar da, sağ-salamat evə qayıdıblar.

Heyhat, bu şükür deyən dillərdən biri susdu, Tanrı dərgahına qovuşdu. Vətən savaşı bitəndən cəmi bir il üç ay sonra - iki əsgər ANASI olan Nuridə xanım uzun sürən xəstəlikdən sonra 17 fevral 2022-ci ildə 52 yaşında həyata əbədi olaraq gözlərini yumdu. Onu həyatdan belə cavan yaşında 44 günlük müharibədə qazandığı 44 dərd apardı. Bəlkə də çoxlarına döyüşən əsgər valideyninin keçirdiyi hisslər yaddır. İnanın bu dəhşətdir. Təsəvvür edin ki, göydən xaotik mərmi yağır, hər bir əsgər potensial hədəfdir və sizin oğlunuz da, o əsgərlər arasında düşmənə qarşı döyüşür. Döyüşən əsgərin həyəcanı döyüş səhnəsinə düşdüyü ilk dəqiqələrdən sonra keçib gedir və müharibə onun gündəlik adı işinə çevrilir. Lakin onu arxada gözləyən valideyinin, əsasən də ANALARIN həyəcanı oğlunu qucaqlayana qədər keçmir, sakitləşmir. Hər an səhsəkədə olmağın stressi isə ANALARIMIZI sağalmaz dərdlərə düçar edir ki, bu dərdlər də onları bizlərdən alaraq Uca Allahın dərgahına qovuşdurur. Allah ruhunuzu sağ eləsin, Cənnətməkan əsgər və şəhid ANALARI! Bir xalq olaraq bizim sizin hamınıza bu dünyada ödənilməsi mümkün olmayan borcu var. Haqqınızı bizə halal edin!

Bu yerdə deputat və yazıçı Aqil Abbasın bir fikri yadıma düşdü. O, bir şəhidin dəfnində molla camaata xitabən deyəndə ki, haqqınızı halal eləyin, mollanın müraciətinə qeyri-ixtiyarı olaraq sərt cavab vermişdi: «Şəhidin bizə nə borcu var ki, biz ona hallalliq verək, onun bizə hallalliq verməsi üçün Allaha dua edin!» Bilmirəm bu, dini baxımdan nə qədər doğrudur, Yaradanın fəlsəfəsini dərk etmək bəni-adəmin beyni üçün qeyri-mümkün məsələdir. Amma Aqil bəyin fikrində həqiqət payı var ki, dəfin adətlərinin əksinə olsa belə, biz şəhidlərdən halallıq almalıyıq.

İkinci Qarabağ müharibəsində Beyləqan rayonunun Orta Əlinəzərli kəndindən cəbhədə otuz əsgər döyüşüb. Onlardan dörd nəfər şəhadətə ucaldı - Rəhimli Xəyal, Əliyev Səbuhi, İsmayılov Elvin və Heydərli Ayxan. Nə xoş ki, şəhidlərimizin ANALARI həyatdadır, onlara hörmət və ehtiramınızı əsirgəməyək.

Lakin çox təəssüflər olsun ki, Orta Əlinəzərli camaatı bir əsgər anasını müharibə bitəndən dərhal sonra itirdik- ZƏRXARA ana 2020-ci ilin payızında əbədiyyətə qovuşdu. Bu ilin fevralında isə ikinci əsgər ANASI ilə - NURİDƏ anayla  vidalaşmaq məcburiyyətində qaldıq. Allah hər ikisinə rəhmət eləsin, məkanları Cənnət olsun. Onlar camaatımızın qəlbində bir şəhid kimi yaşayacaq, daim hörmət və ehtiramla yad ediləcək. Allah xalqımıza səbir versin, bu ANALAR xalqımızın itkisidir!

 Akif Nəsirli

Paralel.az

0.021236181259155